"MI-6 agenti Hitlerin planları barədə məlumatlı olub, hakimiyyət bunu görməzdən gəlib" - "The Spectator" nəşri
Bu gün, 10:14

"Tarix təkcə keçmişin izahı deyil, həm də bugünkü qərarların dərsi ola bilər..."
1930-cu illərin əvvəlində Britaniyanın MI-6 xarici kəşfiyyat xidməti nasist Almaniyasının planları barədə dəqiq məlumatları agent Uilyam de Roppdan alıb. Bu məlumatlara baxmayaraq, Britaniya hakimiyyəti onları "yumşaltma" siyasətinə sadiq qalaraq görməzdən gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Spectator" nəşri yazıb.
1930-cu illərin əvvəlində Britaniyanın MI-6 xarici kəşfiyyat xidməti nasist Almaniyasının planları barədə dəqiq məlumatlara malik olub. Bu məlumatlar əsasən Litva əsilli, sonradan britaniyalı olmuş agent Uilyam Silvestr de Ropp tərəfindən təqdim olunub.
De Ropp nasist elitasına, xüsusən də Alfred Rozenberqə yaxınlığı ilə seçilib. Hətta bir neçə dəfə şəxsən Adolf Hitlərlə görüşüb və bu görüşlər zamanı nasistlərin planları barədə çox mühüm məlumatlar əldə edib.
De Roppun çatdırdığı kəşfiyyat hesabatları arasında Hitlerin SSRİ-yə qarşı müharibə planları, Almaniyanın gizli şəkildə silahlanması və xüsusilə Luftvaffenin (hərbi hava qüvvələrinin) inkişafı haqqında məlumatlar da olub.
1934-cü ildə o, SSRİ-yə hücum strategiyasını əks etdirən məlumatı Britaniyanın Hərbi Nazirliyinə çatdırsa da, bu xəbərdarlıq "tamamilə cəfəngiyat" kimi rədd edilib. Halbuki Hitler özü 1932-ci ildə de Roppa deyib: "Mən sülhdən danışa bilərəm, amma müharibə haqqında düşünürəm".
Buna baxmayaraq, Britaniya siyasi elitası bu məlumatlara laqeyd yanaşıb. Səbəb isə hökumətin o dövrdə apardığı "yumşaltma" və "sülhpərvərlik" siyasəti olub, məqsəd - nasist Almaniyasını qəzəbləndirmədən münasibətləri qorumaq idi.
Araşdırma müəllifi Tim Uillasi-Uillsi bildirir ki, MI-6 daxilində yüksək səviyyəli siyasi kəşfiyyat ənənəsi və kadr potensialı zəif olub. Üstəlik, hökumətə təqdim olunan bu tip məlumatlar siyasi dairələr üçün "arzuolunmaz" sayılır və buna görə də çox vaxt diqqətdən kənarda qalıb.
Məqalədə həmçinin de Roppun Zinovyevin məlum məktubu qalmaqalında mümkün rolu da araşdırılır. 1924-cü ildə Britaniyada keçirilmiş seçkilərdə Leyboristlər Partiyasının məğlubiyyətinə səbəb olmuş bu məktubun arxasında dezinformasiya əməliyyatı dayandığı və de Roppun da bu prosesdə iki fərqli şəxs adı altında iştirak etdiyi ehtimal olunur.
De Roppun MI-6 ilə əməkdaşlığı 1919-cu ildə başlamış və o, özünün jurnalist və bankir fəaliyyəti adı altında Sovet Rusiyası və Almaniyadan məlumatlar toplayıb. Onun təqdim etdiyi yüzlərlə hesabatdan bu gün yalnız təxminən iyirmisi Britaniyanın Milli Arxivində saxlanılır. Lakin onların hər biri sübut edir ki, Britaniya hökumətində nasist təhlükəsi ilə bağlı kifayət qədər məlumat mövcud olub
Uillasi-Uillsi vurğulayır ki, bu laqeydliyin səbəbləri təkcə kəşfiyyatın deyil, həm də siyasi qərarvericilərin məsuliyyətidir. Çünki kəşfiyyatın dəyəri onu necə istifadə edən siyasətçilərdən asılıdır - ya o, faydalı alətə, ya da laqeyd buraxılmış xəbərdarlığa çevrilir.
Nəticə etibarilə, de Roppun fəaliyyəti və onun ötürdüyü məlumatlar bir daha göstərir ki, tarix təkcə keçmişin izahı deyil, həm də bugünkü qərarların dərsi ola bilər. Britaniya hökumətinin o dövrdə nasist Almaniyasına qarşı gecikmiş reaksiyası bunun acı nümunəsidir.
Müəllif: Alan Cаdd (Alan Judd)