Naxçıvandakı hərbçilər Ali Baş Komandan İlham Əliyevdən yardım istəyirlər
9-12-2022, 09:24

"Sədərək polisinin xidmət vaxtının düzəldilməsi barədə yazınızı oxudum və polislər adına çox sevindim. Xahiş edirəm Naxçıvandakı əlahiddə ümumqoşun ordusunun iş rejimi barədə də yazın".
Adının açıqlanmasını istəməyən bir hərbçinin mənə göndərdiyi məktubda belə deyilib.
Hərbçinin bildirdiyinə görə, əlahiddə ordudakı iş rejimi nəinki Naxçıvanın polis orqanlarındakından, hətta Şimali Koreyanın istənilən idarəsindən daha ağırdır:
"Burda olan haqsızlıq, sizi inandırım, heç yerdə yoxdur. Təsəvvür edin, birdəfəlik pul (13-14-cü əmək haqqı deyilir) mükafatının kəsilməsi üçün ilin sonuna hərbi hissələrə qəsdən yoxlamalar göndərilir.
Hərbi qulluqçuların statusu haqqında Qanunda həftəlik iş vaxtı 41 saatdan çox olmamalıdır yazıldığı halda, bunlar həftədə 70 saata yaxın iş saatı elan edirlər. Hərbi qulluqçular, əsgərindən zabitinə qədər hər kəs, fəhlə kimi işlədilir. Ordu komandanı Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin bazasında, yeni tikilən və əsaslı təmir edilən hərbi zavodda əsgər, MAXE, gizir, zabitlər qədim Misirin qulları çalışdırılır. Özü də birqada komandirlərinin rəhbərliyi altında. Sanki hərbi hissələrin şəxsi heyəti hamısı hərb sənəti ilə yox tikinti, fəhləlik işi ilə məşğul olurlar", - hərbi qulluqçu belə yazır və Ali Baş Komandandan yardım istəyir.
Heyder Oguz
Teref.az