Metroya ayrılan dotasiyalar "qəhrəmancasına əridilir" - AÇIQ YEYİNTİ
29-07-2023, 09:08
“Mozalan” satirik kino jurnalında görmüsünüz. Məşhur aktyor Fazil Salayevin oynadığı bir obraz vardı. Adam həmişə içkili olur, metroya buraxmırlar. O da metronun girişindəki milis nəfərindən soruşur: “Orda – aşağıda qatarlar o yana gedir, bu yana gedir. Hə?”
Bəli, Bakıda, yerin altında altında qatarlar o yana-bu yana gedib gəlir. Bax, həmin o qatarların vaqonlarının çoxu elə “Mozalan” dövründən qalıb. O vaqonlar artıq çoxdan köhnəlib. Nə içində kondisoner quraşdırılıb, nə əməlli-başlı bir havalandırma sistemi var.
Üstəlik darkeş, narahat. Bu, komfortsuz, nasaz qatarlar qapısından bacasına insanla dolur və yerin altında elə o yana gedir, bu yana gedir. İnsanlar vaqonlarda hətta ayaq üstə dayanmağa da yer tapmır. Basabas düşür, sıxlıqdan-havasızlıqdan sərnişinlərin ürəyi dayanır az qala.
Sərnişin o qədər çox olur ki, bəzən vaqondan düşənlər çatdırıb düşənə qədər minənlər çatdırıb vaqona minə bilmir. Bir də görürsən, bayırdan bir səs gəldi: “Mehriban olun! Bur az da, bir az da mehriban olun!”
Bir dəfə oxşar vəziyyətlərdən birində jurnalist Zamin Hacı bayırdan gələn: “Bir az da mehriban olun!” çağırışına vaqonun içindən belə cavab vermişdi: “Qardaş vallah mehriban olmaqdan da keçib, burda qohum olmuşuq artıq”. Bax belə.
Ramiz Rövşən bir şeirində belə demişdi:
“Hələ ki, bu metro düşüb baxtına,
Axına qoşulub sən də axarsan.
Girib "Baksovet"də yerin altına,
Montində xortlayıb yerdən çıxarsan”.
Doğrusu, bu qədər adam hər gün yerin altına girib, oradan da, şair demiş, “xortlayıb” yerdən çıxa bilirsə, böyük işdir... Hamısına milli qəhrəman adı vermək lazımdır.
Çünki... Çünki Bakı Metropoliteninin rəhbərliyi dövlətin metroya ayırdığı dotasiyaları qəhrəmancasına “əridir”. Deyir ki, “O sınıq-salxaq vaqonlar, o da siz. Minin, gedin”. Vəssəlam.
Bizimyol.info