“Azərlotereya” insanları necə aldadır?
3-08-2023, 17:36
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.
Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
Dünya ölkələrinin tarixində lotereya oyunları zamanı fantastik uduşlar qeydə alınıb. Bizdə isə yüksək məbləğlərə tez-tez rast gəlməsək də, oyun həvəskarları azalmır. Ölkəmizdə müxtəlif adlarda lotereya oyunları keçirilir. “Oturduğu yerdə” pul qazanmaq arzusunda olanlar həftənin müəyyən günləri biletini alıb televizorun qarşısına keçir. Azərbaycanda lotereya oyunları bir sıra özəl şirkətlərin təşkilatçılığı ilə 90-cı illərdən start götürüb. Lakin şəffaflığı təmin etmək üçün 2001-ci ildən dövlət bu sahəni nəzarətə götürüb. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və bu cəmiyyət ölkədə keçirilən bütün növ lotereya oyunlarına cavabdehdir. Xatırladaq ki, ölkəmizdə şans oyunları zamanı yüksək uduşlar da qeydə alınıb. Müxtəlif illərdə 161 490 manat, 409 min manat, 439 135 manat dəyərində uduşların olduğu barədə mətbuatda məlumatlar yer alıb. Lakin bəzi ekspertlər qurumun fəaliyyətində şəffaflığın olmadığını bildirir.
“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta, bunu dilə gətirənlərin də sayı az deyil.
Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.
Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar (saxta uduşlar təşkil) edərək etimad qazanmağa cəhdlər edir.
Azərbaycanda kazino və qumar hələ mərhum Prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, Azərlotereya kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Poz-qazan” alırlar.
Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80-90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar və ya saxta uduşlar təşkil edilir. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər. Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanır. Amma əksəriyyəti də bu tələyə düşür, nəticədə milyonlar dövr edir və qazanan məhz “Poz-qazan” təşkil edənlər olur. Görəsən, küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Ümumiyyətlə, lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdəki kimi deyil. Sivil dünyada şans oyunları doğrudan da şansa buraxılır və müəyyən riyazi alqoritmlər qurulur. Bizdə isə bu çətir altında kasıb əhali küçədə soyulur.
lim10.az
https://lim10.az/az/article/2188?fbclid=IwAR3ZS7gs7-j3JEhzR-w1aHkluPXiSgbG-apNGfByE-HEVBxcvrMeXCax6t8