Nə dinləri var... nə də imanları... - Qanunları da ki... heç saya salmırlar!
3-08-2023, 19:04
Son günlər gündəmi işğal edən mövzulardan birinin və bəlkə də birincisinin Qarabağ savaşı ilə bağlı 2-ci dərəcə əlilliyi müəyyən edilmiş Binnət Əsədovun eldə “qanpulu” deyilən sığorta ödənişinin yarısının -3300 manatının Beynəlxalq Bankın borc adına mənimsəməsi olması manşetlərdən bəlli edir. Peşəkar müalicəyə , əməliyyata ehtiyacı olan zavallı Qarabağ qazisinin “qanpulu”nu yeyən Beynəlxalq Bank nə savaş əlilinin diləyinə baxır, nə də qanuna, Konstitusiyaya. Baxsaydı, özbaşınalıq etdiyinin “İcra haqqında” qanuna qarşı olduğunu bilərdi. Demirik utanardı, bank(lar)da utanan üz nə gəzir, bəlkə qanunun aliliyindən, məsuliyyət daşıyacağından çəkinərdi.
“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 68.1.2 maddəsində, rus demiş, ağ-qara xətlə yazılıb:
“TƏLƏB – BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”
Bu qanun, bu Konstitusiya , bu da icra məmurlarının, bankların borc adına Vətəni müdafiə edən Qarabağ qazilərinin xəsarətlərinə görə ödənilən sığorta , pensiya, müavinəti – “qanpulu”nu mənimsəməsi. Bəs Qarabağ qazisinin hüququnu kim qorumalıdır? Beynəlxalq Bankın özbaşınalığına kim hüquqi qiymət verməlidir? Hələ ki nə dövlət hakimiyyəti, nə hüquq mühafizə orqanları, nə Ombudsman – insan hüquqları üzrə müvəkkil ( bu günlərdə Prezident əlillərin hüquqlarının qorunmasını da Ombudsmana tapşırıb – M.B.) konkret addım atır.
Mediada yayılan qanunsuzluqlarla bağlı , özəlliklə, hüquq mühafizə orqanlarının araşdırma aparması qanunvericiliyin tələbidir. Əlil-istehlakçı hüquqlarını bankın pozmasına görə isə, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin uyğun qurumları məhkəməyədək müraciət etməyə borcludurlar. Düzdür, Beynəlxalq Bankın məhkəmə toxunulmazlığı “hüququ” var, amma baxır iddianı kim qaldırır: İstehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu, yoxsa, yataqda canı ilə əlləşən, “qanpulu”ndan dələduzluqla məhrum olunan Qarabağ qazisi ?!
Bankın özbaşınalığına son qoyan , Qarabağ qazisinin “qanpulu”nu özünə qaytaran olacaqmı? Özbaşınalıq qarşısında qanun da, Konstitusiyada acizdir. Bəs qazilər baştacı idilər, niyə ayaqaltı edilirlər? Bəs əlil-qazi təşkilatları hara baxır? Suallar , suallar, ritorik suallar...
Məğrur Bədəlsoy