AzərbaycanYazıçılar Birliyinin üzvü , iş adamı Nəcimə Babayevanı kim öldürüb?

24-12-2016, 11:38           


teref.az - Bu qətlin üstü altı ildir ki, açılmır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şer kitabının müəllifi, Xaçmazdakı “Arzu” ticarət mərkəzinin direktoru Nəcimə Babayevanın qətlindən altı ildən çox ötür. Xatırladaq ki, o, iyirmi beş ilə yaxın Xaçmaz mərkəzi kolxoz bazarının müdiri olub. Yetmiş üç yaşı vardı. Nəcimə xanım yaşadığı şəxsi üçmərtəbəli evinin birinci mərtəbəsində öldürülüb. Ailə üzvləri həmin vaxt bildiriblər ki, anaları qisas məqsədi ilə qətlə yetirilib. Hadisə baş verən zaman onun qızı Gülnarə xanım da evin üçüncü mərtəbəsində olub. Ona anasının öldürülməsini evi təmizləməyə gələn qulluqçu xəbər verib. Məsələ bununla da bitməyib. Bu hadisədən iki il sonra Nəcimə Babayevanın qızı, 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun nəyə görə intihar etməsinin səbəbləri bilinmir.

Bəs Nəcimə Babayeva niyə öldürülüb? Bu qətli kim sifariş edib? Nəyə görə bu ölüm hadisəsinin üstü hələ də açılmayıb? Bu suallar altı ildən çoxdur ki, ictimaiyyəti ciddi narahat edir. Ona görə də, əhali arasında cürbəcür şayiələr yayılır. Doğrudur, Nəcimə Babayevanın oğlu Fuad Həbibov və qızı Gülnarə Həbibova bu səs-küylü cinayət hadisəsi haqqında dövlətin bütün instansiyalarına müraciətlər göndəriblər, bəzi güc strukturları rəhbərlərinin qəbullarında da olublar. Beş il öncə Bakıda mətbuat konfransı keçirərək cinayət işinin açılmaması ilə əlaqədar narazılıqlarını da ifadə ediblər. Fuad Həbibov bildirib ki, anasının heç kimlə düşmənçiliyi olmayıb. Onu sahib olduğu bazarı ələ keçirmək üçün öldürüblər. Bu arada qeyd edək ki, iyirmi beş il bazara rəhbərlik edən Nəcimə Babayeva sonradan onu özəlləşdirib. Hələ bundan öncə də rayonun müxtəlif rəsmi şəxsləri bazarı ələ keçirmək məqsədi ilə ona qarşı ciddi təzyiqlər edirdilər. Sonradan təzyiqlər daha da artıb. Çoxsaylı məhkəmə prosesləri olsa da Xaçmaz şəhərinin mərkəzində yerləşən və indi də fəaliyyət göstərən bazarı onun əlindən ala bilməyiblər. Ən maraqlısı budur ki, Nəcimə Babayevanın ölümündə rayonun bir sıra vəzifəli şəxslərinin adları hallanır. Bu barədə mətbuatda da o vaxtlar kifayət qədər yazılar gedib. Nəcimə Babayeva bir yana, bəs qızı Təranə niyə intihar edib? Hadisədən üç il əvvəl mərkəzi bazarda yanğını kim törədib? Doğrudur, Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər nazirliyinin nümayəndələri Xaçmaza gələrək bu işi yerindəcə araşdırıblar. Mərhumun qızı Gülnarə Həbibova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfər edəndə beşmərtəbəli binanın damına çıxaraq oradan qışqıra-qışqıra prezidentə müraciət edib, şikayətini çatdırıb. Məlumatlara görə, Nəcimə Babayevanın ölüm işinin araşdırılmasını Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hələ ki, bir nəticə yoxdur.

Lakin versiyalar çoxdur. Xaçmazda gəzən şayiələrə görə, qətli Dağıstandan gətirilmiş killer törədib. O işini görəndən sonra dərhal ölkəni tərk edib. Bəs onda sifarişçi kimdir? Bazar uğrunda müxtəlif dəstələr mübarizə aparırdı. Ailə üzvlərinin mətbuatda bildirdiyinə görə, çoxu da rəsmi şəxslər idi. Onlar Xaçmazın ən gəlirli yeri sayılan mərkəzi bazarın müdiri N. Babayevanı heç cür vəzifəsindən uzaqlaşdıra bilmirdilər. Mərhum xanım xaraktercə sərt idi. Sözü üzə deyən adam idi. Heç kimdən və heç nədən çəkinmirdi. Bütün təzyiqlərə qarşı da durmağı bacarırdı. Deyilənlərə görə, Azərbaycan Yazıçılar Birliyində də hörmət sahibi idi. 1993-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı onun tərəfdarları sırasında olub. Rəsmi açıqlamalardan və mətbuat yazılarından da belə məlum olur ki, cinayəti törədən şəxs tamah məqsədi güdməyib, niyyəti yalnız Nəcimə Babayevanı qətlə yetirmək olub. Bizcə, bu sifarişçini kənarda axtarmaq lazım deyil. Çox ehtimal ki, elə Xaçmazdadır və ya paytaxtdadır. Sadəcə, qətldən sonra da istəyinə çata bilməyib. “Arzu” ticarət mərkəzini hazırda mərhum şairənin övladları idarə edirlər. Onda ikinci bir sual da ortalığa çıxır: Əgər sifarişçi hesab edirdisə ki, qətli törətməklə bazarı ələ keçirəcək, bəs qətldən sonra niyə geri çəkildi? Hər halda killer havayı iş görməmişdi. Bəlkə bu qətli adları hallanan adamlar deyil, tamamilə kənar bir şəxs sifariş edib? Bu şəxs bilib ki, bazar uğrunda hansı qruplaşmalar mübarizə aparır və qətldən sonra məhz şübhələr onlara qarşı yönələcək. Bir arada da deyirdilər ki, mülkiyyət uğrunda ailədaxili mübarizə də gedib. Lakin bu fakt da heç bir təsdiqini tapmayıb. Mərhumun övladı Fuad Həbibov mətbuatda bildirib ki, belə deməklə ictimai rəyi çaşdırmaq istəyiblər. Amma qəribədir, ortada bir susqunluq var. İndi bu cinayət işinin ciddi şəkildə açılmasını tələb edən də yoxdur. Müxtəlif şayiələrsə hələ də gəzir. İndi də ortalığa belə bir söz-söhbət çıxıb ki, bu işdə ləğv edilmiş MTN-in yüksək vəzifəlilərindən kiminsə əli olub. Lakin cənab prezidentə müraciət olunduqdan və mərhumun övladları problemi geniş şəkildə ictimailəşdirdikdən sonra həmin şəxs müvəqqəti geri çəkilib. Yəqin fikirləşib ki, bazarı uşaqlardan qoparmaq asandır. Belə şayiə var. Şəxsin adını bilmirik və heç də təkcə bu versiyanın üzərində iddia etmirik. Hər halda bu da bir versiyadır.

İndi sanki rayonun tanınmış iş adamının və ziyalısının kim tərəfindən qətlə yetirilməsi heç kəsi maraqlandırmır. Nəcimə Babayevanın qızı Təranənin əsl ölüm səbəbi də bilinmir. Amma biz hesab edirik ki, bu cinayətin üstü mütləq açılmalıdır. İnsanlar əmin olmalıdırlar ki, sabit bir ölkədə heç kəs törətdiyi cinayətdən qaça bilməz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bunlar mənim sözlərim deyil. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev belə deyib.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru
AzərbaycanYazıçılar Birliyinin üzvü , iş adamı Nəcimə Babayevanı kim öldürüb?














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.