Novella Cəfəroğlu: “78 yaşımda gedib səngərlərdə əsgərlərimizə yemək bişirərəm”
2-03-2019, 15:59
“Bu qızlarla birgə həm bayrağı gətirmişik, həm döyülmüşük, həm söyülmüşük, həm də...”
Sabah, martın 3-də dəyərli insan, hamımızın sevimlisi, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun doğum günüdür. “Yeni Müsavat” olaraq həm xoş günümüzdə, həm də dar günümüzdə yanımızda olan Novella xanımla söhbətləşdik.
- Novella xanım, doğum gününüz ərəfəsində kimləri, nəyi xatırlayırsınız?
- Xatirələrim çoxdur. Anamı, dostlarımı, qohum-əqrəbamı xatırlayıram. İndi də anamla bərabər dostlarım hamısı mənim yanımda olur.
- Ömrün növbəti yaşının keçməsinə görə heyfslənmirsiniz ki?
- Yox, vallah. Mən çox qəşəng həyat keçirmişəm. Göz dəyməsin. Cəmiyyətimlə bir yerdə 30 ildir çarpışırıq, çalışırıq, regionlarda işləyirik. Ondan da əvvəl regionlarda işləmişəm. Ümumilikdə çox mənalı həyat keçirmişik.
- Bu il həm də Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 30 illik yubileyidir...
- Bəli. Bu qızlarla (Cəmiyyətdəki xanımları nəzərdə tutur -E.P.) bərabər həm bayrağı gətirmişik, həm döyülmüşük, həm söyülmüşük, həm də özümüzü təsdiq eləmişik. Yəni bizə münasibət həm beynəlxalq təşkilatlardan, həm hakimiyyət, həm müxalifət, həm də sizin kimi gözəl jurnalistlər tərəfindən həmişə yaxşı olub, hörmətlə qarşılanmışıq.
- Təşəkkür edirik. Əslində bütün cəmiyyətlərin arbitr rolunu oynayan tanınmış insanlara, ziyalılara ehtiyacı var. Bu mənada sizin Azərbaycan cəmiyyətində bu funksiyanı illərdir yerinə yetirdiyiniz, körpü rolunu oynamağınız hər kəsə bəllidir.
- Çox sağ olun. Çalışırıq.
- Ad günündən danışırdıq axı...Özünüzü hansı yaşda hiss edirsiniz?
- 78-i ikiyə böləndə... 39+39-dur (Gülür).
- 1941-də, İkinci Dünya Müharibəsinin başlandığı ildə doğulmaq necə hissdir?
- Mən balaca olmuşam. Onunçün də müharibəni o qədər də hiss eləməmişəm. Ona görə də mən müharibədən 7-8 il sonra müharibənin fəsadlarını görmüşəm. 7 yaşımda olanda eşitmişəm ki, nə baş verib, nə təhər olub. Amma o müharibədə nə qədər insanlarımızı, qohum-əqrəbamızı itirmişik, bu barədə yaşım artdıqca bilmişəm. Atamın əmisi uşaqları iştirak edib. Anamın qardaşı, çox gözəl tar, gitara çalan Rauf Bektaşi iştirak edib, müharibədə qolunu itirmişdi.
- Novella xanım, çox maraqlıdır ki, siz ixtisasca kimyaçısınız. Hərdən də olsa, özünüzü kimyaçı olaraq hiss edirsinizmi?
- Vallah, bizim hakimiyyət gələnə qədər kimyaçı idim. Ondan sonra hərəkatçı oldum. Daha sonra isə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini yaratdıq və qadınların məsələsi ilə məşğul oldum. Universitetdə işləyəndə kimyaçı idim. Amma ondan sonra hərəkatçı olaraq, Azərbaycanı sevən bir insan kimi özümü hiss edirəm. Həmişə də çalışıram, təşkilatımız da çalışır ki, dövlətə xeyir gətirək, qadınlara xeyir verək.
- Nə vaxtsa Mendeleyev cədvəlinə hansısa yeni element əlavə etmək arzusunda olmamısınız ki?
- Biz doğrudan da qəşəng bir kəşf eləmişik. Məsələn, Balakəndə Filizçay mədənini biz kəşf etmişik. Dünya miqyaslı mədəndir. Sadəcə olaraq, ekologiyaya zərər vurmamaq üçün o mədəni kənarda qoymuşuq. Kələkidə çox gözəl işlər görmüşük. Bunlar hamısı bizim işlərimizdir.
Mən dağ adamıyam. Geoloq olduğum üçün bütün rayonları gəzmişəm. Kəndi, ağacı, torpağı, millətimi sevirəm. Bu sevginin hamısı torpaqdan gəlir.
- Bilirik ki, vaxtilə ən yaxın dostunuz Əbülfəz Elçibəy idi. Bəs, indi kimdir?
-Sözsüz ki, yaxşı dostlar həmişə yanımda olub. Elçibəylə bizim çox yaxın ailə dostluğumuz var idi. Elçibəylə həm yoldaşım, həm də mən dost idim. Əbülfəz bəydən sonra sözsüz ki, tək mənim üçün yox, hamı üçün boşluq yarandı. Bütün onu sevənlərin hamısının adından deyə bilərəm ki, həmişə yığışanda Əbülfəzin yoxluğunu hiss edirik. Amma sonra da dostum olub. Bilirsiniz necədir? Məndə pis günün dostları çox olub. Məsələn, deyim pis günün dostları kimdir: Rauf Arifoğlu hər zaman arxamda olub. Sizin qəzet olduğu üçün demirəm. Sizin qəzetin jurnalistləri həmişə arxamızda durublar. Bizi söyəndə, döyəndə siz həmişə bizə qəzetdə yer vermisiniz, bizi müdafiə etmisiniz. İsa Qəmbərdir, Arif Hacılıdır, onlar da dostum olub. Məni feysbukda söyəndə onlar müdafiə ediblər. Cavan Tural Abbaslı və onun komandası həmişə bizim arxamızda durub. Sözsüz ki, birinci yerdə Cəmiyyətimizin qızları dayanır, onlar daim mənim arxamda olublar. Mənə söz gələndə birinci onlar özlərini oda atıblar. Daha sonra Qüdrət Həsənquliyevin adını çəkə bilərəm. Ən çətin günlərimizdə əl uzadıb. Elə çətin günlərimiz olub ki, Qüdrət bəy bizə köməklik edib. Bunların hamısı bizi irəli getməyimizə dəstək olublar. Rayonlarda çox dostlarımız var. Ağstafada Eyvaz bəydir, Qazaxda cəmiyyətimiz var, Məhərrəm Göyüşovdur, Balakəndə Səyyarə xanımdır, Lənkəranda Esmira xanım, Xaçmazda Solmaz xanım, Gəncədə Nüşabə Məmmədli, Bakıda Arzu Səmədbəyli, Nüşabə Məmmədova, Almaz Əliqızı, Sevinc Hüseynovadır. Yəni əhatəmdə olan insanlar həmişə mənə dayaq olublar.
“Ən böyük istədiyim odur ki, Azərbaycana heç kimdən söz gəlməsin”
- Siz həmişə çətin günlərdə insanlara dayaq olmusunuz, bunun qarşılığında da eyni münasibəti görürsünüz...
- Ola bilər. Doğrudan da çox şanslı insanam. Çünki dostum çox olub. Yəqin özüm də dostluğu bacardığım üçün dostlarım çox olub.
- Siz həm də gənc yaşınızda nənəsiniz...
- Ürəkdən gülür. 3 oğlum, 6 nəvəm var. Allah sizə də qismət eləsin!
- Çox sağ olun, Allah saxlasın! Bilirik ki, övladlarınız İsraildədir.
- Uşaqlar hamısı ordadır. İkisi professordur, biri həkim.
- Nəvələr demir ki, nənə, birdəfəlik gəl bizimlə birlikdə yaşayaq?
- Deyirlər, sözsüz ki, yanlarına çağırırlar. Amma bir söz deyim də. Siz bunu yaxşı bilirsiniz ki, mən vətən insanıyam. Bu, sadəcə, söz xatirinə deyil. Mən bir neçə illik İsrailə köçə, orda yaşaya bilərdim. Amma vətən sevgisi, Azərbaycana bağlılığım onu göstərdi ki, mən vətənimə hər şeydən çox dəyər verirəm. Ona görə də gedirəm, görürəm, qayıdıram. Maşallah, hamısı yaxşı yaşayır, onlarla fərəhlənirəm. Amma Azərbaycanda yaşamaq ayrı şeydir. Pisi ilə, yaxşısı ilə, söyüşü ilə, nə bilim daha nələri ilə Azərbaycan mənimçün hər şeydir.
- Novella xanım, istirahətinizi harda keçirməyi xoşlayırsınız?
- İstirahətimi Türkiyədə keçirirəm. Bizim Səidə (Qocamanlı - E.P.) və Səadətlə (Bənənyarlı - E.P.) Türkiyə sevdamız var. Bir də hərdən Təranə bacım bizə qoşulur. Bax, Türkiyə sevdası məni tərk etmir. Heç bir Avropa, ya Amerika məni cəlb eləmir, nəinki Türkiyə... Türkiyə çox sevdiyim bir dövlətdir və çox rahat oluram orada.
- Sevdiyiniz musiqi parçaları hansıdır?
- Mən əsasən Türkiyə kanallarına baxıram, musiqilərini də dinləyirəm. Amma sözsüz ki, Azərbaycan musiqisini sevirəm. İndi qızlar çıxır, oynayıb-oxuyur, onları yox ha... Mən xalq mahnılarımızı, muğamlarımızı, Şövkət Ələkbərovanı, Qədir Rüstəmovu, Alim Qasımovu sevə-sevə dinləyirəm. Qədir Rüstəmov mənim yoldaşımın ən sevdiyi müğənni idi. Biz cavanlıqda Şövkət, Sara Qədimova, Əbülfət Əliyevi dinləyirdik. Əlövsət Sadıqovun oğlu ilə dostluğumuz var idi. Onda restoran-zad yox idi. Əlövsət Sadıqovun oğlunun toyunu 7 nömrəli məktəbin idman zalında elədilər. Mən indiyə qədər elə toy görməmişəm. Azərbaycandakı bütün müğənnilər orda idi. Biri mahnını başlayırdı, digərləri davam etdirirdi. Mən hələ o toydakı kimi zövqü başqa toydan almamışam.
- Amma deyəsən, rəqs etməyi xoşlamırsınız?
- Əksinə, gözəl rəqs eləyənəm, həmişə də qızlarımla rəqs edirəm. Bir söz deyim. Mənim ailəm Cəmiyyətdə olan qızlarımdır. Hamısının adını çəksəm, uzun siyahı alınar. İllərdir həm deyib-gülməyim, həm ağlamağım, həm oynamağım bu qızlarladır - 30 ildir bir yerdə olduğum qızlarımla. O mənada kədər də bir yerdə olanda yüngül olur. Allah heç kəsə kədər verməsin! Amma onlarla bir yerdə olmaq mənimçün çox böyük şərəfdir. Doğrudan da, cəmiyyətimizin qızları mənim üçün dayaqdır.
- Yəqin ad gününüzdə də əhatənizdə onlar olacaq, eləmi?
- Sözsüz ki, ad günümü qızlarla bir yerdə keçirəcəyəm.
- Novella xanım, yəqin ki, Novruz əfvini siz də gözləyirsiniz.
- Ən çox istədiyim budur ki, Azərbaycana heç kimdən söz gəlməsin. Bunun üçün də istərdim ki, Azərbaycanda bütün islahatlar getsin, siyasi məhbus məsələsinə nöqtə qoyulsun. Bundan sonra hamımız bir yerdə oturaq, iqtidarlı-müxalifətli, Qarabağ məsələsini müzakirə edək. İqtidarla müxalifət orada nə desə, biz ona hazırıq. Mən 78 yaşımda gedib səngərlərdə əsgərlərimizə yemək bişirərəm. Necə ki, birinci müharibədə bizim qızlarımız gedirdilər. Bütün cəbhə bölgələrində olmuşuq. Bizim Cəmiyyətin 5 şəhidi var - Qarateldən tutmuş digərlərinə qədər. Allah hamısına rəhmət eləsin! Bu gün də hansı əmri versələr, onu yerinə yetirməyə hazırıq. Sülhlə deyirlərsə sülhlə, müharibə ilə deyirlərsə müharibə ilə... Amma oturaq, Qarabağ məsələsindən danışaq. Onun-bunun sözü ilə 3 siyasi məhbus qaldı, ya 5-6-sı qaldı, bundan danışmayaq. İslahatlara gedək, təki Azərbaycana söz gəlməsin! Siz cavanlar, biz qocalar bu dövləti quranlardanıq. Rauf bəygil bütün bunları qəşəng bilirlər. Biz bu dövləti quran insanlarıq, ona görə də hər dəfə Azərbaycan əleyhinə bir söz deyiləndə ürəyim ağrıyır. Götürə bilmirəm ki, hansısa özgə dövlətdən kimsə Azərbaycana söz desin. Hakimiyyətdə kimin olmasının fərqli yoxdur. Mən Azərbaycan dövlətinə deyilən o sözləri götürə bilmirəm. Ona görə də istəyərdim ki, bütün bu məsələlər qurtarsın, oturaq Qarabağı, Zəngəzuru, İrəvanı danışaq. Qurban olum sizə, o qədər torpaqlar vermişik! Bizim danışmaq, işləmək, Azərbaycanı çiçəkləndirmək üçün o qədər işlərimiz var ki! İran Xocalı soyqırımı günü Paşinyanla birgə şəkil çəkdirir, budur bizim dərdimiz! Dərdimiz Qarabağdır, İrəvandır, Naxçıvandır - Zəngəzuru alıblar, Azərbaycanın qalan hissəsi ilə əlaqəsi kəsilib. Bunlardır bizim dərdimiz, qurban olum sizə! Mənim yaşım keçib, amma siz cavansız, sizlərə tövsiyə edirəm ki, ancaq bu məsələləri qaldıraq, ancaq bu haqda danışaq!
P.S. Rauf Arifoğlu başda olmaqla “Yeni Müsavat” Media Qrupu dəyərli Novella xanımı ürəkdən təbrik edir, ona uzun, sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!
Elşad PAŞASOY,
“Yeni Müsavat”