"Buna görə utanıram" - Elman Rüstəmovun modelyer qızı
6-04-2015, 17:06
Ölkənin baş bankiri Elman Rüstəmovun modelyer qızı Günel Rüstəmova "Nargis" jurnalına müsahibə verib.
Axşam.az həmin müsahibəni təqdim edir:
- Günel, siz ixtisasca iqtisadçısınız. Necə oldu ki, incəsənət və moda sahəsini seçdiniz?
- Ailə üzvlərimin 90 %-i iqtisadçı olsa da, onların bəzilərinin gizli yaradıcı bacarıqları var. İqtisadiyyatı öyrənmək mənim üçün vacib idi. Ona görə də London College of Fashion və Central Saint Martins-də təhsilimlə bərabər iqtisadiyyat təhsili də aldım. Ancaq sonda peşəkar həyatı yaradıcı təbiətimə güzəştə getdim.
- Siz həm də istedadlı rəssamsınız. Yaradıcılığınız kolleksiyalarda öz əksini necə tapır?
- Emosional əhəmiyyəti olan rəsmlərimə çox diqqətlə yanaşıram və onları öz printlərimin əsası olaraq istifadə etməməyə çalışıram. İncəsənət dünyası kimi mənim üçün ayrıca hissədir. Bununla belə, hər bir kolleksiya üçün yeni motivlər çəkirəm, çünki varlıqlar, kartlar və hətta əlyazma qeydləri hər bir əşyanı unikal edir. Rəqəmsal çap və Photoshop dünyasında isə daha mürəkkəb və mənalı şeylər düşünməyə çalışıram.
- Kolleksiyalarınıza nəzər saldıqda, mistik motivlər görmək olar: tikanlı məftillər, quşlar şəklində tünd tonlarda abstraktsiya printləri... Rəsmi saytınız da kifayət qədər qotik görünür. Bunlar haradandır?
- Uşaqlıqda valideynlərimlə babamın yasında iştirak etmək üçün Cəbrayıl rayonuna getmişdik. O zamanlar çox təhlükəli vaxtlar idi, ətrafda əsl xaos hökm sürürdü. Hər gün atışmalar olurdu və bu çətin şəraitdə biz yas mərasimi keçirirdik. Düşünürəm ki, müharibənin hansısa epizodlarında iştirak həmişə geri qalan həyatda öz izini qoyur və ona daha tünd çalar verir. Bu hadisələrə qədər mən hər yay nənəm və babamgildə qalırdım. Amma doğma Cəbrayıl barədə son xatirələrim təəssüf ki, çox da xoş deyil. Böyüdükdən sonra başa düşdüm ki, qotik memarlıq, qarqulyalar, mürəkkəb xarakterlər və kədərli simvolika daşıya hər şey mənim diqqətimi cəlb edir. Buna baxmayaraq, yenə də çoxlarının düşündüyü kimi o qədər də kədərli və gizli adam deyiləm. Hətta uyğun auditoriya olanda kloun da ola bilərəm (gülür).
- Bu yaxınlarda siz öz ilk aksessuar kolleksiyasını təqdim etdiniz. Təəssüratlarınız necədir? Çantaların hazırlanması ideyası haradan yarandı?
- Kolleksiyadan tamamilə razıyam. Ambiqramm ideyasını bəyənirəm, həmişə 180 dərəcə fırlandığı halda dəyişməz qalan və seyf qıfılını xatırladan bəndli çanta yaratmaq istəyirdim. Çantada bəndə bərkidilmiş qara opalı da görmək olar. Mən bu daşı da çox sevirəm. Çantanın qapağını qaldırdıqda isə dəri üzərində işlənilmiş xətlər görmək olar. Tote bag 333-ün hazırlanmasında bizi kolleksiyaya yeni, müasir səslənmə verən oriqami ideyası ilhamlandırıb. İlk kutyur kolleksiyamız işıq və təmiz xətlərlə dolu idi.
Düşünürəm ki, hamımızın daxilində iki əks tərəf mübarizə aparır, sadəcə bəzilərində bu mübarizə digərlərinə nisbətən daha balanslaşdırılmışdır. Bu kolleksiyanın yaradılmasında De Grisogono ilə əməkdaşlıq edirdim. Kanndakı tədbirə qədər mən Favaz Qruozi ilə görüşdüm. O, məni öz qaralamaları, ideyaları və yeni kolleksiya üçün hazır məhsulları ilə tanış etdi. Məlum olduğu kimi onun brendi skat dərisindən olan qolbaqları ilə tanınır, buna görə də çiyinliklərdə skat silueti eskizlərindən başladım. Daha sonra əfsanə və miflərdən ilhamlanlanaraq, sualtı dünyanı geyimlərə köçürdüm.
- Bildiyimizə görə, kolleksiyanızın hazırlanmasında Den Braunun yaradıcılığından ilhamlanmısınız və əfsanəvi qrafik dizayner Con Lenqdonla çalışmısınız. Onunla işləmək necə idi?
- Qarşılaşdığım insanlardan həmişə kim olmasından asılı olmayaraq, sadəlik gözləyirəm. Yüksək intellekti və ya məşhur statusu olan sadə şəxsiyyətli insanla görüşməkdən zövq alıram. Con Lenqdona gəlincə, o, çox mehribandır. Düzdür, həmişə onunla razılaşmırdım, ancaq bu heç vaxt məni qıcıqlandırmırdı. O, səbrlə və peşəkarcasına hər ikimizi xoşbəxt edəcək nəticəni əldə etməyə çalışırdı.
- Con kolleksiyaya nə gətirdi?
- Bir dəfə mənə De Braunun "Mələklər və şeytanlar" romanını oxumağı tövsiyyə etdilər. Həmin il kitab təzə nəşr olunmuşdu. Onu oxuduqdan sonra kitabın sonunda müəllifdən dostu Con Lenqdona təşəkkür ifadəsi diqqətimi cəlb etdi. Bu məni maraqlandırdı, çünki onun soyadı ilə əsərin baş qəhrəmanı professor Robert Lenqdonun soyadı eyniydi. "Kod da Vinçi" romanından sonra isə düşünürdüm ki, bu uydurma personajdır. Bundan əlavə, kitab üçün ambiqramları kimi düşündüyünü öyrənmək istəyirdim. Uzun axtarışlardan sonra Conu tapa bildim, onunla öz ideyamı bölüşdüm və bu ona maraqlı gəldi. Artıq, səhv etmirəmsə, 8 ildir ki, davam edən əməkdaşlığımız belə başladı. Con bizim brendin loqotipini hazırladı. İşin əvvəlində biz loqonun yaradılması hekayəsini ona olan patentin müdafiəsi prosesi yekunlaşana qədər gizli saxlayırdıq. Çanta kolleksiyamız elə o zaman işıq üzü gördü.
- Azərbaycanın mədəni irsinə müraciət edirsinizmi? Bu, sizin işlərinizdə öz əksini hansı formada tapır?
- Ölkəmizin mədəni irsi mənim üçün, şübhəsiz ki, çox güclü ilham mənbəyidir. Xüsusilə, mənim milli motivlər barədə uşaqlıq xatirələrim... Nənəm kitabxanaçı idi, boş vaxtında isə xalça tikirdi. Onun iş yerində çox vaxt keçirirdim, kitabların və yaradıcılığın arasında "Narniyanın azad vətəndaşı" kimi böyüyürdüm. Nənəmin xalçalarını indiyə qədər saxlayıram. Yeni "Post apocalyptic Survivor" kolleksiyasında Bakı və sehrli xalçaların rəsmini, qarqulya və meşələrin obrazlarını birləşdirmişəm. Bütün bunlar bir geyimdə öz əksini tapıb. 2013/14 payız-qış kolleksiyasında vəznələrdən istifadə etmişəm, növbətisi isə bizim ənənələrimizdə öz yeri olan mövhumatlara həsr olunacaq.
- Azərbaycan dizaynerləri barədə nə düşünürsünüz? Azərbaycanda moda sənayesinin inkişafını necə görürsünüz?
- Bir müddət Ömər Eldarovun rəhbərliyi altında incəsənət akademiyasında mühazirələr oxuyurdum və bilirəm ki, gənclərimiz çox istedadlıdır, zəngin təsəvvürə, yaxşı texniki bacarıqlara sahibdirlər. Əlbəttə ki, Azərbaycanda moda sənayesini dəstəkləmək istəyərdim, ancaq bununla bağlı hansısa plan hələlik müəyyənləşdirməmişəm. Mənə müraciət edən gənc dizaynerlərin məktublarına şəxsən cavab verirəm və öz imkanlarım çərçivəsində onları istiqamətləndirməyə, dəstəkləməyə çalışıram. 2000-ci illərin əvvəllərində "Vogue" jurnalında dizayner Antonio Marrasın müsahibəsini oxumuşdum. O, Bakıya getmək arzusunda olduğunu demişdi. Bu fakt avropalılarda Azərbaycana olan marağı fikrini təsdiqləyir. Zövqsüz insanları isə cavabsız qoyuram. Onlar barədə danışmaq istəmirəm, belələri hər ölkədə var...
- Xeyriyyə aksiyalarında aktiv şəkildə iştirak edirsiniz. "Yardım" sizin üçün hansı mənaya gəlir?
- Mən altruizmə inanmıram. Biz hər şeyin ən yaxşısını ilk növbədə özümüz üçün edirik, çünki bu, özümüzü daha yaxşı hiss etməyə imkan verir. Artıq bir neçə ildir ki, söz-söhbətlər üçün bəhanə verməməyə görə ictimai xeyriyyəçilikdə iştirak etmirəm, ancaq heç kəsin bilmədiyi xeyirli işlərlə məşğul olduğumdan ikiqat məmnunluq hissi keçirirəm. Bir sıra müşahidələrdən sonra başa düşdüm ki, ictimai xeyriyyəçilikdə iştirak etmək üçün cəsur insan olmaq lazımdır, çünki sizi mütləq tənqid etməyə başlayırlar, suallar verirlər, bu sualların cavabları isə artıq əvvəlcədən müəyyən edilmiş olur. Məsələn, sual verirlər ki, "Siz hansı hədəfə doğru gedirsiniz - özünüzü piar etməklə məşğulsunuz, yoxsa vergiləri aşağı salmaq istəyirsiniz?" İctimai xadim kimi şübhəsiz ki, əyləncə həyatını yox, özünüzü və gördüyünüz xeyriyyə işlərinizi təbliğ etməlisiniz. İstəyirəm ki, uşaqlarım, bütün gənc nəsil məhz bu yolu tutsun. Dəfələrlə öz qulaqlarımla eşitmişəm ki, xeyriyyəçilikdə iştirakla bağlı suala insanlar yayınaraq "Bunu müzakirə etmək istəmirəm" deyə, cavab veriblər. Belə aydın olmayan cavabdan sonra bu insanların səxavətli, ancaq sadə olduqları təəssüratı yaranır. Lakin dəfələrlə "sadəlik" və "səxavətliliyə" əks münasibətin şahidi olmuşam. Məncə, bu iş ictimai olmalıdır, hamı sizin nə qədər etdiyinizi bilməlidir və bu adi hal olmalıdır. Paylaşmağa nəyiniz varsa, sadəcə paylaşın, ancaq məsuliyyəti də daşımaq lazımdır.
Yeri gəlmişkən, sizin sualınız yadıma saldı ki, çoxdandır, xeyriyyəçiliklə məşğul olmuram və buna görə utanıram. Bu sahədə birinci xanımımız Mehriban Əliyeva, İordaniya kraliçası Raniya və ya şahzadə Diana kimi şəxsiyyətlərin fəaliyyətini nümunə kimi qeyd etməmək olmaz. Onlar çoxlarını xeyriyyəçilikdə pozitiv addımlar atmağa ilhamlandırıb və motivasiya ediblər. Dekabr ayında Bakıda olanda ailəmizlə birgə Fuad Axundovun köhnə Bakıya ekskursiyasında iştirak edirdik və təsadüfən sizin redaksiyanın loqotipi altında möhtəşəm xeyriyyə yarmarkasının şahidi oldum. Yeri gəlmişkən, həyat yoldaşımın sevimli filmlərindən olan "Başqasına ödə" (Pay it Forward) filmində xeyriyyə işlərinin yayılması konsepsiyası çox xoşuma gəlir.
- Hazırda nə üzərində çalışırsınız?
- Hər il bizim 4-5 kolleksiyamız işıq üzü görür, odur ki, həmişə işlə məşğulam. Son zamanlar dostlarımız məni kişi kolleksiyalarının hazırlanmasına səsləyirlər və mən artıq onlar üçün kiçik kolleksiya buraxmaq üzərində düşünürəm. Səbirsizliklə Bakıya gəlməyi gözləyirəm. Harvey Nichols Baku-da Gyunel brendi təmsil olunacaq və buna çox sevinirəm. Çox istəyərdim ki, Bakıda təqdimat keçirim.
- Sevimli ədəbiyyat janrı?
- Klassik detektiv.
- Həqiqət, yoxsa yalan?
- Heç biri. İşlər sözlərdən daha güclü səslənir.
- Sevimli səs?
- Oğullarımın yatarkən nəfəs alması.
- Gündüz, yoxsa gecə?
- Gecə.
- Bakıda sevimli yeriniz?
- İçərişəhərdəki Əliağa Vahid abidəsi. Bu qəribə görünə bilər, ancaq mən saatlarla onun ətrafında gəzə və ona baxa bilərəm...