“Səbr edirdik ki, bəlkə, Fazilin barıtı qurtarar” – Deputatlar bir-birini “atəş”ə tutdu
27-04-2019, 02:19
Fəzail İbrahimli: “Fazil müəllim Səfəvilərin əleyhinə danışanda, elə bil, ürəyimə bıçaq saplanır”
Musa Quliyev: “Bir kitabım işıq üzü görmüşdü. Kitabdan birini Fazil bəyə hədiyyə etmək istədim, amma sonra vermədim. Düşündüm ki, birdən düşəri- düşməzi olar”
Bu günlərdə millət vəkili Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə deputatlar, ayrı-ayrı media qurumunun rəhbərləri, yazıçılar və ictimai-siyasi xadimlər iştirak ediblər. Professor Qulu Məhərrəmlinin moderatorluğu ilə aparılan iclas kifayət qədər qaynar keçib. Bu tədbiri maraqlı edən orada səslənən qalmaqallı fikirlər və tənqidlər olub. Məsələn, elə ilk çıxış edən millət vəkili Fəzail İbrahimli həmkarı F.Mustafanı təbrik etdikdən sonra onun Şah İsmayıl Xətai və Səfəvilərlə bağlı mövqeyini, yanaşmasını bölüşmədiyini söylədi: "Fazil Mustafanın bir çox fikirləri ilə razılaşıram. Amma onun Şah İsmayıl Xətai ilə bağlı düşüncəsi mənə pis təsir göstərir. Fazil müəllim Səfəvilərin əleyhinə danışanda, elə bil, ürəyimə bıçaq saplanır”.
Bundan sonra deputatın digər həmkarı Musa Quliyev də F.Mustafa ilə bağlı ilk tanışlığından söz açdı və o da xeyli mübahisə doğuracaq məqamlara toxundu:
"Fazil bəylə ilk tanışlığım 2000-ci ildə "Nurlar ” Nəşriyyatında olub. Bir kitabım işıq üzü görmüşdü. Fazil bəy də ora gəldi. Kitabdan birini ona hədiyyə etmək istədim, amma sonra vermədim. Düşündüm ki, birdən düşəri- düşməzi olar. Çünki onda Fazil bəy əks səngərdə dayanıb, bizim səngəri davamlı olaraq atəşə tuturdu. Bu atəşlərin ardı-arası kəsilmirdi. Biz də səbr edirdik ki, bəlkə, bir gün barıtı qurtarar. Düzdü, Fazil bəyin barıtı qurtarmadı, Amma o artıq istiqamətini dəyişdi və maarifçilik yolu tutdu”.
Biz də "Sherg.az” olaraq tədbirdə səsləndirilən tənqid və ya replikalarla bağlı F.Mustafanın fikirlərini öyrəndik.
İlk olaraq F.İbrahimlinin iradına münasibət bildirən F.Mustafa qeyd etdi ki, onun Səfəvilərlə bağlı platforması məlumdur:
"Kiminsə xoşuna gəlməsə belə, xalqımız və cəmiyyətimiz üçün zərərli bildiyim tendensiyayanı gündəmə gətirməyə davam edəcəm. Mən xalqın yanında deyiləm, xalqdan yanayam. Xalqın faydasına olanları xalqa rəğmən ortaya qoymaq lazımdır. Hər bir ziyalının funksiyası bu olmalıdır.
M.F.Axundov xalqın yanında olsaydı, ya zəncir götürüb başına vurmalı idi, ya da bütün cahil mollaxanalara baş çəkib oradakı mövcud durumla razılaşmalı idi. Mirzə Cəlil də xalqın yanında olsaydı tamam fərqli davranmalı idi. Amma onlar xalqın yanında yox, xalqdan yana oldular. Xalq onları söydü, onlara əsəbləşdi. Lakin onlar bu iztiraba dözmələrinə səbəb xalqın faydasına olanları xalqa rəğmən ortaya qoymaqları idi.
Səfəvilər də, Qacarlar da bu gün bizim xalqın yaşadığı dəyərlər ola bilməz. Xalqımızın dəyəri Məhəmməd Əmin Rəsulzadədir. Çünki o, Azərbaycan Cümhuriyyətinin dəyərləridir. Əvvəlki dəyələrimiz isə mollaxana dəyərləri idi. Biz bu dəyərlərdən qurtulmasaq, yeni dünyaya ayaq aça bilməyəcəyik. Ona görə də mollaxana dəyərlərini yaşatmağa çalışan zehniyyətə qarşı mübarizə aparmalıyıq”.
Ardınca M.Quliyevin replikasına diqqət çəkən F.Mustafa həmkarına cavab olaraq bunları qeyd etdi:
"Mənə çox suallar verirlər ki, siz idealist adamsız, yoxsa realist? Cavabım isə bu olur: "Mən realist yolla addımlayan idealist adamam”. Dünyanın yaxşıya doğru dəyişəcəyinə inanıram. Amma bunun üçün də realist əməllər ortaya qoyulmalıdır.
Ona görə də hər birimiz əməlimizdə realist olmalıyıq. Amma Azərbaycan kimi dövlətdə mütləq gələcəyimizlə bağlı idealları daha doğru təyin etməliyik ki, ölkəmizi bir yana çıxara bilək. Düşüncəmiz budur ki, ümumiyyətlə, hansı mövqedə olursan ol, orada xalqa xidmət etməyin yolunu düzgün tapmalısan.
Bu gün ola bilsin ki, aylarla küçələrdə bu başdan o başa düşüb "azadlıq” deyə bilərsən, yaxud da xalqın marağını təmsil etdiyini özün üçün xəyal edə bilərsən. Amma bunun heç bir effekti olmaz. Bir küncdə oturub gözəl əsər yazarsan və xalq həmin əsəri oxumaqla böyük maarifçilik hərəkatını başladar. Ya da böyük məclisdə oturub oradakı çıxışınla, sözlərinlə insanlara daha çox fayda verərsən. Ona görə də xalqa xidmətin düzgün yolunu tapmalıyıq.
Biz bütün yolları sınaqdan keçirdik. Yəni, ən radikal və barışmaz yolları da sınadıq. Bəlkə də bu yollar bir dövr üçün uğurlu sayıla bilər, amma Allah insana ağıl verirsə, onun diktəsi ilə millətə fayda verməyin plaformasını dəqiq müəyyən etmək lazımdır.
Harada daha çox xidmət edə bilərsən? Bir var həbsxana küncündə 5-10 il gözləyirsən və bununla da elə bilərsən ki, özünə fayda verirsən. Bir də var ki, cəmiyyətlə düşmən olmadan normal və açıq fəaliyyət göstərərsən. Bu gün mən nə iqtidara, nə də müxalifətə kin daşıyıram. Hər ikisinə baxışım bir azərbaycanlıya olan baxışımdır.
Kimin haqlı və kimin haqsız olması üzərində dayanmıram. Hər kəsin öz arqumentləri var. Lakin düşünürəm ki, cəmiyyətin əsas problemi siyasi, dini və elmi cahillikdir. Bunu həll etmədən demokratik cəmiyyət qurmaq olmaz və iqtidarı nəyəsə təşviq etmək, müxalifəti isə hansısa yanlış düşüncədən yayındırmaq mümkün deyil.
Ona görə ki, cəmiyyətimiz ədalətli yaxud da cəhalətdən qurtulmuş cəmiyyət deyil. Belə durumda hansısa ideal insan cəmiyyəti idarə etməyə gəlsə, cəmiyyət onu anlamayacaq. Elə etməliyik ki, Azərbaycanın sabitliyi ayrı-ayrı şəxslərdən yox, məhz Azərbaycan cəmiyyətindən asılı olsun. Cəmiyyətimiz elə savadlı olsun və elə dəyərlərin daşıyıcısına çevrilsin ki, ümumiyyətlə, ölkəmizin təlatüm yaşamasına imkan verilməsin. Bizim istiqamətimiz də əsasən bundan ibarətdir. Yazdığımız əsərlər etdiyimiz çıxışlar da buna yönəlikdir.