Rəsul Quliyev də “4 iyun”dan danışdı:“Mütəllibov gəlsəydi, Sürət Hüseynov AXC-dəki düşmənlərini qıracaqdı"
7-06-2016, 00:11
“Rusiyanın bəzi dairələri, xüsusilə də hərbçilər AXC hakimiyyətini dəyişib Ayaz Mütəllibovu, əgər o alınmasa, Heydər Əliyevi iqtidara gətirmək niyyətində idilər. Bu missiyanı yerinə yetirmək isə Sürət Hüseynova həvalə olunmuşdu. O olmasaydı, bu işi başqa birisi görəcəkdi”.
Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri Rəsul Quliyev 1993-cü ilin 4 iyun hadisələrini şərh edərkən bildirib.
Eks-spikerin sözlərinə görə, may ayının axırında sonuncu rus əsgərinin Azərbaycanı tərk etməsi çevrilişin çox yaxın vaxtda baş verəcəyindən xəbər verirdi: “Xalq tərəfindən dəstəyini itirmiş AXC hakimiyyətinin şansı sıfıra bərabər idi. Bir qədər təcrübələri olsaydı, bu çevrilişi yarım ilə qədər uzada bilərdilər. Ola bilsin, Rusiyadakı 1993-cü il oktyabr hadisələri inkişafı başqa istiqamətə yönəldəydi."
Rəsul Quliyev qiyamın baş verməsində prezident Əbülfəz Elçibəyi, Milli Məclisin sədri İsa Qəmbəri və baş nazir Pənah Hüseyni ittiham edib: “Bu hadisənin baş verməsinin əsas günahkarları konstitusion vəzifələrini yerinə yetirə bilməmiş prezident, parlamentin sədri və baş nazirdir”.
O, mərhum Heydər Əliyevə nəyə görə üstünlük verilməsinə də aydınlıq gətirib: “Nə üçün Mütəllibov yox, Əliyev? Birincisi, başda Elçibəy olmaqla hakimiyyət Heydər Əliyevə üstünlük verirdi. İkincisi, Türkiyə və İran Heydər Əliyevi dəstəkləyirdi. Üçüncüsü, Yevgeni Primakov başda olmaqla Rusiyada gücü olan qruplar Heydər Əliyevin tərəfində idi. Ən əsası isə, xalq Əliyevi dəstəkləyirdi”.
R.Quliyevin sözlərinə görə, Ayaz Mütəlibovun hakimiyyətə gəlişi ilə, ola bilsin, Sürət Hüseynovun siyasi ömrü uzana bilərdi: “Ancaq Mütəllibov gəlsəydi, Sürət AXC-dən olan bütün düşmənlərini qırıb-çatacaqdı. Məsələyə fundamental yanaşma ancaq belə ola bilər. Özləri üçün qəhrəmanlıq odaları yaratmağa dəyməz. İndi o dövrdən uzaqlaşdıqca, o dövrdə yaşamışlar, hətta mikroskopik iş görənlər özlərinin qəhrəmanlıq odalarını yaratmaq istəyirlər. Əsas tarixi faktlar kənarda qalıb, kiçik məişət söhbətləri ilə öz rollarına xüsusi qiymət və çəki vermək istəyirlər”.