Baloğlan Əşrəfov: “Mahnımı saxladılar ki, nə ziyarət, hansı ziyarətdən söhbət gedir?” - VİDEO
22-08-2018, 22:07
“Toy israfçılığı məsələsində imkanlı şəxslər ilk növbədə örnək olmalıdır”
Musavat.com-un bu dəfəki müsahibi əməkdar artist Baloğlan Əşrəfov olub. Qeyd edək ki, əməkdar artist bu yaxınlarda “Yaşıl Teatr”da keçirəcəyi konsertinə hazırlaşır. Müğənni ilə görüşümüz də məşq sonrasına təsadüf etdi:
- Necəsiz? Yaradıcılığınızda vəziyyət necədir?
- Həmişə mənə “necəsiz?” sualını verəndə mən buna bir mahnı ilə cavab verirəm (“Bəxtiyar” filmindəki mahnın zümzümə edərək): “Şokolad kimi”. İndi maşallah, şükür ki, yaxşıyam.
- Bəs yaradıcılığınız?
- Yaradıcılığıma gəldikdə, mənim gündəmdə qalmağımın ən böyük səbəblərindən biri də Allah-təalanın mənə verdiyi ömür və bəxş etdiyi, başqalarında olmayan bir həvəsdir. Çalışıram ki, həmişə yeni mahnılar üzərində işləyim, millətimə, xalqıma yeni nəğmələr bəxş edim. Müğənninin də gündəmdə qalmağına ən böyük səbəb repertuardır. Əgər müğənninin yaradıcılığı yoxdursa, elə yox kimi bir şeydir. Amma bu vaxta qədər el şənliklərinə gedirəmsə, mahnılar yazdırıb tele-ekranlarda görünürəmsə, mahnılarıma xalqın marağı, istəyi varsa, demək, mən hələlik yaşayıram, gündəmdəyəm. Onu da xatırladım ki, sentyabrın 8-də “Yaşıl Teatr”da mənim konsertim var. Mən yaşda, mən səpkidə olan müğənniləri dəvət edirəm ki, gəlib mənim kimi orda konsert versinlər. Versələr, baxaram, görüm necə olur.
- Bu konsertin fərqliliyi nədə olacaq?
- Bu konsert ənənəvi olaraq bir müğənninin səhnəyə çıxıb bir-birinin ardınca mahnı oxuması, sonra onun alqışlanması kimi olmayacaq. Mənim məqsədim başqa şeydir. Konsertə gələn pərəstişkarlarımla təmasda olacam. Hətta onların yanlarına qədər gedəcəm. Elə şeylər ortaya çıxa bilər ki, bu tamaşaçı üçün gözlənilməz olar. Ola bilər ki, tanınmış bir müğənni zalda əyləşsin, lakin mən onu səhnəyə dəvət edə bilərəm. Və yaxud elə müğənni ola bilər ki, onunla duet oxuya bilərəm. Və yaxud özümlə bağlı nəsə sual verərəm, bu suala düzgün cavab tapa bilən pərəstişkarıma qiymətli hədiyyə də bağışlaya bilərəm. Tamaşaçı ilə dialoqda ola və yaxud başıma gələn hansısa maraqlı hadisə danışa bilərəm. Yəni, konsert sırf mahnı oxumaq, buna əl çalmaqdan ibarət olmayacaq. Ümumiyyətlə, bütün tamaşaçılarla ünsiyyətdə olacam, yəni sərtbəstçilik olacaq. Konsertdə təxminən 20-25 yeni mahnılarım olacaq.
Konsert verib, plan doldurmaq kimi bir anlayışı yoxdur ki, məsələn, ayda bir konsert verim və sairə. Gördüyünüz kimi, 11 ildir ki, konsert salonlarında yoxam.
- Elə bu sualı verməyə hazırlaşırdım. Niyə bu qədər fasilə verdiniz?
- Birinci ona görə ki, buna ehtiyac duymurdum. Amma bəzən elə konsertlər olur ki, görürəm, mənim məqsədimə heç uyğun gəlmir. Hər şey Allahın əlindədir. Əgər tanrım onu sentyabrın 8-nə məsləhət bilibsə, deməli, elə belə də olmalıdır. Həm də mən konsert salonlarının rəhbərlərinə, icraçılarına zəng edib, demərəm ki, “mənim də konsertimi keçirin də”. Mənə həmişə müraciət olunub. Həmişə konsertlə bağlı təklifləri təxirə salırdım. Lakin sonuncu dəfə bir cavan oğlan mənə bildirdi ki, “sizin konsertinizi təşkil etmək istəyirik”. Mən isə cavab olaraq dedim ki, “qardaş, mənim əlimdən yalnız və yalnız ansamblla çıxıb konsert vermək gəlir, digər işlər sizlikdir, məni maraqlandırmır”.
- Bəs konsertinizdə edəcəyiniz yeniliklərlə bağlı ideya kimə məxsusdur?
- Özümə. Çünki açığı, mən həmişə konsert oxuyan olmuşam. Əsl əməkdar artist adına sovet dövründə layiq idim. Həmin dövrlərdə İslam Rzayevlə birgə Azərbaycanın bütün rayon və kəndlərini gəzib, konsertlər vermişik. Elə rayon mərkəzi olub ki, orada bir gün ərzində 4 konsert vermişəm. O dövrdə öz ansamblımı yaratdım. Onun yaranmasında Polad Bülbüloğlu dəstək oldu. O vaxt filarmoniyada tez-tez konsert vermək üçün şərait yox idi. Mənə dedi ki, “özünə bir ansambl yarat”. Mən də rəsmi şəkildə ansambl yaratdım. İndi çıxıb oxuyanlar qeydiyyatda deyil. Amma mənim “Şəhriyar" instrumental ansamblım o vaxtdan qeydiyyatdadır. Onda Mədəniyyət Nazirliyindən yoxlama gəldi, sonra təsdiq olundu, filarmoniyada imtahan verdik və sairə. O ansamblla bütün Azərbaycanı gəzmişəm. Sovet dövründə elə bir möhtəşəm konsert zalı olmayıb ki, orada çıxış etməyim. İndi də Respublika Sarayında mənim konsertimin afişaları qalıb. Yəni, konsert ənənəsi, bacarığı məndə o vaxtdan var.
- Bir az öncə qeyd etdiniz ki, əsl əməkdar artist Sovet dövründə olmusuz. İndi fəxri adlar almaq sanki çox adiləşib, az qala dəyərdən düşüb...
- Onda biz həqiqətən əmək sərf edirdik, əziyyət çəkirdik. Biz məcburən zəhmətkeşlərə iş başında olarkən onlara konsert verməli idik. Bəli, o vaxt əmək sərf edirdik, xalq görürdü ki, biz necə çalışırıq. İndi əmək nəyə sərf olunur, onu bilmirəm. Səs yazma studiyasında iki mahnı yazmağın əməyə, xalqa bir dəxliliyi yoxdur. Mahnıdır, yazırsan, bitdi. Bu hökumətin işidir, bu məsələyə qarışmıram, amma gəlin etiraf edək ki, xalqın artisti ayrıdır, xalq artisti ayrı. Sözün düzü, istəməzdim konsert qabağı bu haqda danışaq.
- Sağlamlığınız nə yerdədir?
- O dövr artıq getdi. Onda belə idi ki, bədənimin orqanlarından biri öz işini, fəaliyyətini artıq görə bilmədi və onu kəsib, xaric etdilər, yerinə təzəsini qoydular. Bu günümə şükür edirəm ki, nə yaxşı ki, mən hələ də toylara dəvət alıram, ən əsası ansambl saxlayıram. Azərbaycanda mən yaşda elə bir müğənni yoxdur ki, ansambl saxlasın. Əgər ansambl saxlayıramsa, deməli, onların maddiyyatını ödəyirəm, el şənliklərinə aparıram, bütün bunlar çox şey deməkdir. Sağlamlığımla bağlı problem mənə bir şeydə xeyir etdi ki, səsim bir az da təmizləndi, gözəlləşdi. Hələlik özümdə bir problem hiss etmirəm. Konsertimə gələnlər yeni mahnılar eşidəcək. Bu mahnılar xalqın xidmətində qalacaq, onların zövqünü oxşayacaq, el şənliklərində həmin mahnıları istəyəcəklər. Bir sözlə, gəlsinlər, görsünlər. Konsertin adı isə belədir – “Mən də varam dünyada”. Bu mahnıdır. “Adım düşdü dillərə, Obalara, ellərə, Şükür edirəm min kərə, Mən də varam dünyada…”
- Hazırda toylara kifayət qədər dəvət alırsızmı?
- Ümumilikdə həmkarlarımın da vəziyyətinə baxanda görürük ki, bu məsələ zəifləyib. Amma yenə də müəyyən qədər orta templə gedirik.
- Bu günlərdə məlumat yayıldı ki, Naxçıvanda dəbdəbəli, israfçı toylara qadağa qoyulacaq. Bu məsələyə münasibətniz necədir?
- Kimin imkanı var, o işləri dediyiniz kimi yola versin. Bu problem təkcə mənim, həmkarlarımını deməyi ilə düzəlməz. Bu sualı dəbdəbəli toy edənlərin özünə vermək lazımdır. Bir dəfə kənddə hüzrlə bağlı bir qayda qoydum və insanlar da həmin qayda ilə getdilər və gördülər ki, bu daha sərfəlidir. Dəbdəbəli toylarla bağlı qadağanı yalnız o adam qoya bilər ki, xalq da bilir ki, onun imkanı var və özü örnək olur. Əgər bir imkansız bunu etsə, o saat lağ edərlər ki, “imkanı yox idi, ona görə toyu belə etdi” və heç kəs ona qulaq asmaz. Yəni, imkanlı şəxslər ilk növbədə örnək olmalıdır. 500 manatlıq süfrə açmaq axı kimə lazımdır? Kolbasanın 5-10 növünü mən neyləyirəm?
- Bu gün Qurban bayramıdır. Qurban kəsəcəksizmi?
- Bizim kənddə qədimdən belə bir adət var, 5-10 nəfər bir yerə yığışır, birlikdə qurbanlıq heyvan alıb, kəsir. Əlbəttə ki, mən də qurban kəsəcəm”.
Əməkdaşımız Elçin Əkbərov söhbətə qarışır:
- Sovet dövründə də bu cür ənənə olub?
- Əlbəttə. Biz bunu ənənəni həmişə yaşatmışıq, indiki dövrdə bu daha da genişlənib.
Sovet dövründə “Uçan quşlar” mahnısını oxumuşam. Orda belə bir sözlər var idi –“Sizi and verirəm, o etdiyiniz ziyarətə, gedirsiz... “ Mənim mahnımı saxladılar ki, “nə ziyarət, hansı ziyarətdən söhbət gedir?” dedim ki, “Məkkə, Mədinə ziyarəti”. Məni sıxışdırdılar ki, “sən hansı dövrdə yaşayırsan?” O qədər nalayiq-nalayiq danışdılar, məni məcbur etdilər ki, mahnının sözlərini dəyişim. Mən də canımın dərdindən dəyişdim. Sovet hakimiyyəti dağılan kimi bizim dinimiz də, etiqadımız da bərpa olundu, mən də yeni əlavəmi ləğv etdim, mahnını öz əvvəlki vəziyyətinə qaytardım.
-Yaşlı nəslin nümayəndələrindən də tez-tez eşidirik ki, Sovet dövründə çətinliklə, gizlincə də olsa dini mərasimləri yerinə yetiriblər, Aşura keçiriblər və sairə.
- Bizim kənddən bir qədər uzaqda ocaq var idi. Bütün polisləri ora tökürdülər ki, camaat ocağa getməsin. Lakin bu işi görənlərin özü axşam evə gedib nəzir çıxarırdılar, Allah yalvarırdılar ki, “bizə bədbəxtlik vermə, bizi hökumət belə məcbur edir”. İndi də Qurban bayramı da, Aşura da öz qaydasında, həm də daha da təmtəraqlı, geniş şəkildə keçirilir.
- Bəzən mətbuatda, sosial şəbəkələrdə rast gəlirik ki, sizi qınayırlar “Baloğlan Əşrəfov musiqimizə yad, İran, hind boğazları gətirib”.
- Xeyr xanım. And olsun ki, elə uşaqlıqdan öz istədiyim formada oxumuşam. Əslində bəstəkar mahnılarını ifa edəndə onların öz formamı dəyişərək, onların üslubunda oxumuşam. Amma qəlbimdə, daxilimdə bu olub. Mən heç də başqa ölkələrin deyil, kərküklərin üslubunda oxuyuram. Bütün aləm, millət bilsin ki, o vaxtlar mənə çox hücumlar olub, konservatoriyadan, digər yerlərdən, amma bunu nədənini bilməmişəm. Axı mən şəhvət doğuran, xalqı təhrif edən, insanların zövqünü korlayan musiqi oxumamışam. Sözlərinə mahnı oxuduğum şairlər Azərbaycanın ən gözəl xalq şairləri olub. Sadəcə musiqim bir qədər özümə məxsus, başqa formada olub. Həmin dövrlərdə məni yalnız bir bəstəkar, professor müdafiə edib dedi ki, “sən oxu, sənin oxuduğun kərkük üslubudur”, hansı ki, onlar da azərbaycanlıdır. Sizcə, əgər pis oxusaydım bu günə qədər gündəmdə qala bilərdimmi, xalq məni sevərdimi? Yəni, mən bunu bilə-bilə etmirəm. Əgər bilərəkdən səsimi, üslubumu dəyişsəm o saat süni alınacaq və bəyənilməyəcək. Hətta məni bəyənməyən bəstəkarlar da evə gedəndə deyiblər ki, “zalımın balası amma yaxşı oxuyur” (gülümsəyir).
- Maraqlıdır, bəs Baloğlan müəllimin özü kimlərin konsertinə gedir və yaxud arzulayır?
- Azərbaycanda?
- Bəli.
- Allah hamıya can sağlığı versin, nə bilim vallah, deyə bilmərəm... Məsələn, mən böyük məmnuniyyətlə Alim Qasımovun konsertinə gedib, onu dinləyərdim. Və yaxud Məmmədbağır Bağırzadə sağ olsaydı, onun konsertinə gedərdim. O müğənnini dinləmək istəyərdim ki, onda nəsə qəribə, yenilik var.
- Hərdən jurnalistlər sizi qalmaqala çəkə bilir (zarafatla).
- Yox, jurnalistin işi-peşəsi odur, çəkirlər qoy çəksinlər, mən onlara hörmətlə yanaşıram. Son dövrlərdə belə bir qalmaqal olmayıb. Deyim ki, mən Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirmişəm. Bir müddət rayonların birində hətta müxbir də işləmişəm. 6 il isə ədəbiyyat müəllimi kim çalışmışam. Sonradan gördüm ki, musiqi bunların hamısından üstün gəlir. Yəni, istərdim ki, hiss edim ki, mənimlə hansısa mövzunu müzakirə edən şəxsin də müəyyən qədər dərrakəsi, savadı var. Bəzən mənasız söhbətlər olanda bu məni əsəbləşdirir.
Mən də saytları izləyirəm. Jurnalist o zaman tərəf müqabilinin hörmətini qazanır ki, olanı olduğu kimi yazır. Yəni, nəyəsə, kiməsə qərəzçiliklə yanaşmır. İndi mənim bu yaşımda mənə qarşı qərəzli yazmağın nə mənası var? O qədər deyiləsi söhbətlər, mövzular var ki, daxilimdə qalıb. Doğulduğum andan bu günə qədər həyatım bir romandır. İnşallah bir zaman onların hamısını toparlayıb yazacam.
- Hazırda cəmiyyətimizdə sizi nə narahat edir?
- İstərdim ki, hərə öz işi ilə məşğul olsun. Bəzən çayxanada kimsə oturub siyasətlə məşğul olur, siyasəti analiz edir və yaxud kiminsə musiqidən anlayış yoxdur, amma musiqidən danışır. Yəni, hər kəs gördüyü işi tam bilirsə, onunla məşğul olsun. Məsələn, mən xanəndəyəm, hər zaman düşünürəm ki, necə və harda elə boğazlar edim ki, xalq məni sevsin.
Və bir də istərdim ki, dövlətimiz, hökumətimiz Azərbaycan musiqisində iz qoyanlara, xalqın sevimlisi olan sənətkarlara diqqət yetirsin, dəyər versin”.
Sonda əməkdar artist məxsusi olaraq musavat.com üçün canlı ifa etdi.
Maraqlı videomüsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz.