Müsavat başqanlığına namizədlər qarşı-qarşıya gələcək

2-10-2019, 09:08           
Müsavat başqanlığına namizədlər qarşı-qarşıya gələcək
Debat canlı yayınlanacaq
Müsavat Partiyasında başqanlığa namizədlər arasında canlı debat keçiriləcək. Bu haqda partiyanın sabiq başqanı İsa Qəmbər özünün facebook səhifəsində məlumat verib. İsa Qəmbər bildirib ki, hürriyyət və istiqlal bayraqdarı Müsavat Partiyası Azərbaycanda demokratiyanın bərqərar olması naminə növbəti addım atacaq. Bir sıra internet tv kanalları və jurnalistlər partiyanın başqanlığına namizədlərə debat təklifi və dəvəti ilə müraciət ediblər. Sentyabrın 30-da isə Müsavat Partiyasının IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) növbəti toplantısı keçirilib. İctimaiyyətin və jurnalistlərin Müsavat qurultayına böyük marağını nəzərə alan QHTK oktyabrın 9-da saat 15:00-da Müsavat başqanlığına namizədlər arasında debat təşkil etməklə bağlı qərar qəbul edib: “Debat Müsavat Partiyasının qərargahında keçiriləcək. Debat təklif edən bütün tv kanalları və mövzunu işıqlandırmaq istəyən jurnalistləri bu tədbirə dəvət edirik.

Əlbəttə, indiyə qədər də Azərbaycanda müxtəlif formatlı debatlar olub. Amma ilk dəfədir ki, bir partiyanın daxili seçkilərində bütün tv və jurnalistlərin iştirakı ilə debat keçiriləcək.

Yalnız müsavatçıların səs verəcəyi, lakin geniş ictimaiyyəti maraqlandıran başqan seçkilərində Müsavat Partiyası azad və ədalətli seçki istiqamətində növbəti addımlar atmaq niyyətindədir.

Bu debat da Azərbaycanın demokratiya tarixində bir ilk olacaq".

Müsavatın mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, başqanlığa namizədlər arasında debat KİV orqanları üçün açıq keçiriləcək, istənilən media orqanı müzakirəni canlı olaraq yayımlaya biləcək. Hər 3 namizədin razılığı ilə tərəfsiz jurnalistlərdən biri müzakirələrə moderatorluq edəcək.

Qeyd edək ki, Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda partiyanın başqanı vəzifəsinə, eləcə də Mərkəzi Nəzarət Təftiş Komissiyası və sərbəst Məclis üzvlüyünə seçkilər keçiriləcək. Partiyanın başqanlığına indiyədək 3 namizəd irəli sürülüb. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılıdır. İsa Qəmbər hələ ki bu namizədlərdən hansını dəstəkləyəcəyini açıqlamayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.