Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... - NƏ BAŞ VERİR?

6-03-2021, 11:18           
Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... -
İri partiyaların qurultayı həmişə maraqlı olur. Həm partiyanın öz üzvləri, tərəfdarları, həm də rəqiblər, ümumilikdə ictimaiyyət qurultayın gedişini həyəcanla izləyir, qərarlarını intizarla gözləyirlər.

Bu səbəbsiz deyil, çünki siyasi arenadakı proseslərin səmti bu və digər güclü partiyanın qərarlarından asılı olaraq dəyişə bilər.

Bu məsələdə birinci yerdə, sözsüz ki, hakim partiyaların qurultayları gəlir. Ana müxalifət partiyasının qərarları, götürdüyü yeni kurs çox zaman o qədər də həlledici olmur. Amma hakim partiyanın qurultayındakı kadr dəyişiklikləri dövlətin idarə edilməsində mühüm yeniliklərə səbəb olduğu kimi, götürülən kurs da ölkənin yeni inkişaf perspektivini müəyyən etməyə qadirdir.

Ona görə də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayına maraq böyük idi.

Əslində partiyanın yeni qurultaya hazırlaşdığı barədə qeyri-rəsmi xəbərlər kulislərdə 44 günlük müharibədən sonra dolaşırdı, amma xəbəri təsdiqləyən yox idi.

Bununla belə, bir həftənin içində qurultay nümayəndələrinin toplaşması göstərdi ki, hazırlıqlar məxfi gedirmiş, sadəcə, bu barədə xəbər sızmasının qarşısı maksimum alınıb.

Qurultaya marağı artıran səbəblərdən biri də bu idi. Adətən, gizlilik ifrat maraq doğurur. Hamıya elə gəlir ki, o toplantıda nəsə qeyri-adi, çox radikal, həlledici dəyişikliklər olacaq.

Ümumiyyətlə, bu faktdır ki, istənilən qurultayda mütləq dəyişikliklər olur - yeni idarə heyəti formalaşır, kimlərsə ön plana çıxır, kimlərinsə “qələmi qırılır”, təqaüdə göndərilir, bir başqasının ulduzu parlayır və s.

Bu baxımdan YAP-ın qurultayından da ciddi gözləntilər vardı.

Son bir-iki ildə bu partiyada köhnə qvardiya ilə yeni qvardiyanın arasında mübarizə getdiyi heç kəsə sirr deyildi. Köhnə qvardiyanın bir sıra nüfuzlu kadrları artıq dövlət vəzifələrindən kənarlaşdırılmışdılar, əvvəl-axır onlar hakim partiyanın rəhbərliyindən də uzaqlaşdırılmalıydı, partiya adından çıxış etmələrinə son qoyulmalıydı.

Elə də oldu. 1992-ci ilin payızında qurulan, 27,5 il boyunca dövləti və ölkəni idarə edən kadrların artıq əksəriyyəti fəal siyasətdən kənardadır. Onlar üçün siyasət dünyasının qapıları bağlanıb, dövranları bitib.

İndi YAP-ın avanqard qüvvəsi o şəxslərdir ki, 29 il öncə partiya yaradılanda ya orta məktəbdə və universitetdə oxuyurdular, ya da gənc məzun idilər.

Həyatın qanunu budur: yenilər köhnələri, gənclər yaşlıları əvəz etməlidir. Bu, min illərdir davam edən prosesdir, bəzən onu 3-5 illiyə ləngitmək olur, amma sonda mütləq arxadan gələnlər çatır, ötür.

Stalinin dövründə də belə olub. Kommunist Partiyasının 1934-cü ildə keçirilən 17-ci qurultayında əsasən Leninlə silahdaş olmuş köhnə qvardiya partiya və dövlətin yeni rəhbərliyinə - Stalinə və onun komandasına güc göstərib, danışıqsız itaət göstərməkdən imtina edib, nəticə çox acınacaqlı olub.

1934-cü ildən 38-ci ilə qədər keçən 4 il ərzində Stalin həmin qurultayın nümayəndəsi olan 2000 min nəfərin üçdə ikisini repressiyaya məruz qoyub, çoxunu güllələdib, yerdə qalanına uzunmüddətli həbs cəzası kəsdirib və təkcə bununla kifayətlənməyib, həmin şəxslərin müttəfiq respublikalarda, muxtar qurumlarda, diyarlarda, əyalətlərdə nə qədər tərəfdarları varsa, hamısını ağır şəkildə cəzalandırıb.

Beləcə, necə deyərlər, kompartiyanın qarşısında yeni üfüqlər açılıb və partiya gələcəyə doğru inamla addımlamağa başlayıb. Əgər köhnə qvardiya qalib gəlsəydi, onlar da yeniləri o günə qoyacaqdılar.

İndi dövran çox dəyişib, sözsüz ki, o miqyasda cəzalandırma tədbirləri həyata keçirmək mümkün deyil. Heç ona ehtiyac da yoxdur. Yaşları 70-80-i adlamış adamları dövlət və partiya işindən kənarlaşdırmaq kifayətdir. Onların kütlələr içində elə bir nüfuzları yoxdur ki, hansısa çağırışları ilə hakimiyyətə problem yaratsınlar. Ancaq bu şəxslərin ciddi maliyyə resursları var və müəyyən narahatlıq yarada bilərlər.

Güman ki, bu məsələlər də nəzarət altındadır. Özünü yaxşı aparmayanlar, həyatın və siyasətin qanun-qaydaları ilə hesablaşmaq istəməyənlər özlərini yandırarlar. Onların bunu anlamağa təcrübələri çatır.

Kiçik partiyaların azman YAP-a qoşulmasına gəlincə, siyasətdə bu cür şeylər də olur. Görünür, belə məsləhət olub.

Xalid KAZIMLI //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.