MTN generalının villasında usta işləyənlərin məhkəməsi təxirə salınıb: - zərərçəkmiş ölkədən qaçıb?

11-05-2016, 18:13           
MTN generalının villasında usta işləyənlərin məhkəməsi təxirə salınıb: - zərərçəkmiş ölkədən qaçıb?
Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu barədə virtualaz.org saytına vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Samir Əliyevin barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılıb, amma yenə də məhkəməyə gəlmir: “Samir Əliyevin Türkiyəyə qaçması ilə bağlı bizdə məlumat var. Cinayət işi onun ifadəsi əsasındadır. Ayrı şahid də yoxdur”.

Vəkil Samir Əliyevin yerinin müəyyən edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə prosesi mayın 19-a qədər təxirə düşüb.

İttihama görə, həbs olunan qardaşlardan biri Ramil Aslanov iş icraçısı kimi generalın Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev, 34 saylı ünvanda yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib.

İş prosesində “podratçı” ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.

Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş Elmir Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bəhanə edərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.