Misir İsraillə HƏMAS arasında atəşkəsə vasitəçilik etmək üçün İsrailə nümayəndə heyəti göndərir

27-04-2024, 12:44           
Misir İsraillə HƏMAS arasında atəşkəsə vasitəçilik etmək üçün İsrailə nümayəndə heyəti göndərir
Misir Qəzzada HƏMAS-la atəşkəs razılaşmasına vasitəçilik etmək ümidi ilə cümə günü İsrailə yüksək səviyyəli nümayəndə heyəti göndərib. Eyni zamanda o, İsrailin Qəzzanın Misirlə sərhədində yerləşən Rəfah şəhərinə mümkün hücumunun regional sabitlik üçün fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Misirin nümayəndə heyətinə yüksək səviyyəli kəşfiyyat rəsmisi Abbas Kamil rəhbərlik edir. Nümayəndə heyəti İsraillə Qəzzada atəşkəsin uzun sürməsi üçün "yeni baxış"ı müzakirə etməyi planlaşdırır. Bu barədə məlumatı Misirin adının açıqlanmasını istəməyən rəsmisi verib.

Müharibə uzandıqca və itkilər artdıqca, HƏMAS və İsrailə atəşkəs haqqında razılığa gəlmək üçün beynəlxalq təzyiqlər də artır.

Misir rəsmisinin dediyinə görə, cümə günü keçiriləcək danışıqlarda əvvəlcə diqqət HƏMAS-ın saxladığı girovların fələstinli məhbuslarla məhdud mübadiləsinə və əhəmiyyətli sayda fələstinli köçkünün Qəzzanın şimalındakı evlərinə "minimum məhdudiyyətlərlə" qaytarılmasına yetiriləcək.

Rəsmi daha sonra müharibəni bitirmək üçün daha böyük razılaşma əldə etmək məqsədi ilə danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.

Rəsminin bildirdiyinə görə, vasitəçilər hər iki tərəfin əsas tələblərinin əksəriyyətinə cavab verəcək kompromis üzərində işləyir.

HƏMAS İsrailin hər ikisini rədd etdiyi - daimi atəşkəs və İsrail qoşunlarının tam çıxarılması tələblərindən geri çəkilməyəcəyini bəyan edib. İsrail HƏMAS məğlub olana qədər hərbi əməliyyatları davam etdirəcəyini və ondan sonra da Qəzzada təhlükəsizlik qüvvələrini saxlayacağını bildirib.

Danışıqlardan əvvəl HƏMAS-ın yüksək səviyyəli rəsmisi Basim Naim Associated Press agentliyinin danışıqlarla bağlı sualına "bizim tərəfimizdən yeni heç nə yoxdur" deyib.

Keçən gecə Livanın silahlı Hizbullah qruplaşması mübahisəli sərhəd bölgəsində İsrailin hərbi karvanını tank əleyhinə raketlər və artilleriya mərmiləri ilə atəşə tutub. Nəticədə İsrailin bir mülki vətəndaşı ölüb.

Sərhədin hər iki tərəfində on minlərlə insan didərgin düşüb. İsrail tərəfində sərhədyanı döyüşlərdə 10 mülki şəxs və 12 əsgər, Livanda isə 50 mülki şəxs və 271-i Hizbullah üzvü olmaqla, 350-dən çox insan ölüb.

Bu arada, İsrail Qəzzanın 2,3 milyon əhalisinin yarısından çoxunun sığınacaq axtardığı Rəfah şəhərində demək olar ki, hər gün reydlər keçirir.

İsrail hərbçiləri Rəfaha qurudan həebi müdaxiləyə hazırlaşır və İsrailin cənubundakı yaxın əraziyə onlarla tank və zirehli texnika yerləşdirib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.