"Doğrudanmı, elə hesab edir ki, bu gün Azərbaycan vətəndaşını şirin vədlərlə öz ətrafına çəkə biləcək?" - Deputat Arif Məmmədovu “yıxıb-sürüdü”
16-06-2015, 20:38

“Arif Məmmədov diplomat statusuna uyğun olmayan addımlar atdığına görə İslam Əməkdaşlıq Təşkilatı Avropa İttifaqındakı səfiri vəzifəsində geri çağırıb”.
Bu fikirləri AzVison.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
YAP rəsmisi A.Məmmədovun guya öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdığına dair bəyanatına da münasibət bildirib: “O, artıq daha çox siyasiləşmiş bəyanatlar verməyə başlamışdı. İlk statusundan sonra prezidentin mövqeyini dəstəklədiyini və fikirlərinin düzgün başa düşülmədiyini bildirirdisə, artıq sonrakı bəyanatlarında indiki hakimiyyətə sərt mövqe nümayiş etdirməyə başladı. Eyni zamanda böyük siyasi iddialarla çıxış etdi. Hətta, Arif Məmmədovda belə təəssürat yarandı ki, əvəzedilməzdir və bütün islam dövlətləri ona borcludur. Bu gün Arif Məmmədov o qədər eyforiyaya qapılıb ki, özünü mifik bir vəziyyətdə, insanların xilasedicisi kimi görür. İƏT isə gündəlik gedən proseslərdən məlumatlıdır və göndərdiyi nümayəndənin diplomatik qaydaları kobud şəkildə pozaraq daxili siyasətlə məşğul olduğunun fərqinə varır”.
Deputat hesab edir ki, səfirin vəzifəsi ölkəni və ya təşkilatı xaricdə təmsil etməkdir. “Əgər o bunları unudaraq, başqa işlərlə məşğul olursa, onu göndərən institutun geri çağırmaq səlahiyyəti var. Buna baxmayaraq, Arif Məmmədov istefa verdiyini bildirir. Bu, həqiqətə uyğun deyil. Çünki, o, bir neçə gün öncə bildirmişdi ki, Azərbaycanın diplomatı deyil və Azərbaycan ona heç nə edə bilməz”
Millət vəkili A. Məmmədovun siyasi fəaliyyətə başlamasına dair bəyanatına da münasibət bildirib.
“Onun hər hansı bir uğur qazanacağı inandırıcı deyil və bunu özü də yaxşı bilir. Ona görə də o, öz ətrafında 20-25 nəfər insan axtarır. Çünki, Arif Məmmədov sosial şəbəkədə paylaşdığı statuslarının birində ona təkliflər göndərməyi xahiş edib. Belə görünür ki, siyasətə qoşulan insan hələ hansı məqsədlər üçün mübarizə aparacağını özü üçün müəyyənləşdirə bilməyib.
Məsələn, o, Neft Fondunu əhali arasında paylaşacağını bildirir. Onun indiyə kimi Neft Fondunun nə üçün yaradıldığını və Azərbaycan iqtisadiyyatında hansı rol oynadığı haqqında məlumatı yoxdur və populistcəsinə vətəndaşlara 2 min avro orta aylıq maaş, 1200 avro təqaüd verəcəyini vəd edir.
Soruşulur: O, bu pulları haradan almaq fikrindədir? Doğrudanmı, elə hesab edir ki, bu gün Azərbaycan vətəndaşını şirin vədlərlə öz ətrafına çəkə biləcək?
Azərbaycan cəmiyyəti belə populist bəyanatları 1993-cü ilin 15 iyununa qədər görüb və bunun nəyə gətirib çıxarması ilə bağlı təsəvvürü var. Əgər o hesab edirsə ki, bir neçə xarici dil bilməklə və Avropada uzun müddət yaşamaqla Azərbaycan vətəndaşının etimadını qazanacaq, çox böyük səhv edir. Belə cəhdlər dəfələrlə olub və uğursuzluğa düçar olub”.
A.Mirzəzadənin fikrincə, Arif Məmmədovun verdiyi bəyanatlar onun xüsusi tapşırıq yerinə yetirdiyindən xəbər verir.
“Görünür, xaricdə müəyyən anti-Azərbaycan qüvvələri vaxtaşırı Azərbaycan əleyhinə kampaniyanı aktiv şəkildə yerinə yetirməyi boynuna götürən adamlar yetişdirməyə çalışırlar. Bir vaxtlar bu rolu radikal müxalifət, QHT sektorunda çalışanlar oynayırdısa, indi görünür, uzun müddət Azərbaycandan kənarda yaşayan, Azərbaycan reallıqlarından uzaq düşən insanları öz tərəflərinə çəkməklə belə bir kampaniya aparmağa çalışırlar”-deyə deputat vurğulayıb.
YAP yetkilisi deyib ki, bir-iki status yazmaqla siyasətçi olmaq olmur: “Bu baxımdan o fərqinə varmalıdır ki, onu yönləndirən mərkəzlər bir müddətdən sonra heç nəyə yaramadığını görərək bir kənara atacaqlar.
Arif Məmmədovun Azərbaycana gəlib-gəlməməsi onun öz işidir. Azərbaycan cəmiyyətinin belə bir “lider”ə ehtiyacı yoxdur. Əgər Arif Məmmədov xarici ölkə vətəndaşlığı, sığınacaq alarsa, xarici ölkə qarşısında öhdəlik götürərsə, o prezidentliyə namizəd ola bilməz”.