Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Bu gün, 00:11

Övladını illərlə oxudub təhsilinə böyük pullar xərcləyən valideynlər bəzən gözlədikləri nəticəni görmədiklərindən gileylənirlər. Xaricdə təhsil almağın iş tapmaq üçün böyük üstünlük qazandıracağı düşüncəsi ilə övladlarını başqa ölkələrə göndərən valideynlər onların nə xaricdə, nə də Azərbaycanda iş tapa bilməməsindən narahatdırlar.
Burada əsas problem nədən qaynaqlanır? Xaricdə təhsil alan gənclər niyə əmək bazarında öz yerlərini tapa bilmirlər? Problem onların ixtisas seçimində, ölkədə iş imkanlarının məhdud olmasında, yoxsa təhsilin real bacarıqlarla uzlaşmamasındadır?
Yenisabah.az mövzunu mütəxxəssislərlə müzakirə edib.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov məsələyə belə münasibət bildirib:
“Azərbaycanda valideynlərin övladlarını xaricdə oxutmaq istəyinin əsas səbəblərindən biri ölkədə ali təhsilin keyfiyyətinə inamın az olmasıdır. Son illərdə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb. Elm və Təhsil Nazirliyinin 2023-cü il məlumatlarına əsasən, hər il 10 mindən çox azərbaycanlı tələbə xaricdə ali təhsil alır. Onların əsas üstünlük verdikləri ölkələr Türkiyə, Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Macarıstan və İsveçrədir. Valideynlər övladlarının daha yaxşı təhsil və karyera imkanları əldə etməsi üçün böyük maddi vəsait xərcləyir, lakin bəzi hallarda gözlənilən nəticəni əldə edə bilmirlər. Xüsusilə, xaricdə oxuyub vətənə qayıdan tələbələrin bir qismi iş tapa bilmədiyi üçün valideynlər arasında narazılıq artır. Məşhur müğənni Nadir Qafarzadənin oğlunun İsveçrədə ali təhsil alması və diplomunun “evdə qalması” ilə bağlı şikayəti də bu tendensiyanın bariz nümunəsidir.
Xaricdə təhsil almaq təkcə bilik əldə etmək deyil, həm də gələcək karyera üçün ciddi addımdır. Lakin bəzi valideynlər xaricdə təhsil almağı avtomatik olaraq uğurun təminatı kimi görür. Halbuki, xarici universitetlərin hamısı eyni səviyyədə deyil və onların verdiyi diplomların əmək bazarında dəyəri fərqli ola bilər. QS World University Rankings 2024 göstəricilərinə görə, dünya üzrə 1000-dən çox universitet reytinqə daxil edilib və onların yalnız müəyyən bir hissəsi əmək bazarında yüksək dəyərə malikdir. Azərbaycandan xaricdə təhsil alan tələbələrin böyük bir qismi isə prestijli universitetlərdə deyil, daha çox özəl və orta səviyyəli ali təhsil müəssisələrində təhsil alır. Bu da onların iş tapmaq şanslarını azalda bilər.
Azərbaycanın əmək bazarında xarici diplomların tanınması problemi hələ də tam həll olunmayıb. Xaricdə oxuyan tələbələrin ən böyük problemlərindən biri diplomlarının Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi və yerli işəgötürənlər tərəfindən qəbul edilməməsidir. Xüsusilə, humanitar və sosial sahələrdə təhsil alanlar üçün bu problem daha da ciddi olur. Tibb, mühəndislik, iqtisadiyyat kimi sahələrdə xarici diplomların dəyəri daha yüksək qiymətləndirilir, lakin digər ixtisaslar üzrə iş tapmaq çətinləşir. Azərbaycanda işəgötürənlər əsasən yerli universitetlərin məzunlarına üstünlük verir və xarici universitetlərdən gələn tələbələrin yerli bazara uyğun olmadığını düşünürlər. Beynəlxalq Əmək Təşkilatının (ILO) 2023-cü il hesabatına əsasən, keçmiş Sovet ölkələrində işəgötürənlərin 65%-i məzunların praktiki bacarıqlarının və yerli iş mühitinə uyğunluğunun daha vacib olduğunu bildirir”.
“Diplomax Academy”nin rəhbəri Taleh Sultan isə vurğulayıb ki, əslində, xaricdə təhsil alan məzunların iş tapmaqda çətinlik çəkməsi əsasən ixtisas seçimi və yerli əmək bazarının tələbləri ilə bağlıdır:
“Xaricdə keyfiyyətli təhsil almaq təkbaşına uğur üçün yetərli deyil, məzun həm doğru sahəni seçməli, həm də praktiki bacarıqlarını inkişaf etdirməlidir.
Bizim təcrübəmizdə valideynlər övladlarının xaricdə təhsil almasından nadir hallarda peşman olur. Əksinə, məzunların çoxu beynəlxalq səviyyəli bilik və bacarıqlara yiyələnərək daha geniş karyera imkanlarına sahib olur. Təbii ki, yerli bazarda bəzi ixtisaslar üçün tələbat aşağı ola bilər, amma bu, ümumilikdə xaricdə təhsilin dəyərini azaltmır.
Valideynlər və tələbələr seçim edərkən yalnız diplom almağı deyil, gələcək karyera perspektivlərini də nəzərə almalıdırlar. Qlobal düşünən və öz sahəsində dəyər yaradan məzunlar üçün iş imkanları təkcə bir ölkə ilə məhdudlaşmır”.