Abid Şərifovun şirkətində sular durulmur
10-09-2015, 16:00
3 sentyabrda qafqaznews.org saytında “Evrascon” Dünya Bankının ayırdığı pulları hara xərcləyib?” başlıqlı məqalə dərc olunmuşdu.
Baş nazirin müavini Abid Şərifovla bağlı olan “Evrascon” şirkəti ( keçmiş “Azərkörpü” ) Bakı-Ələt-Astara yolunun tikintisində çalışan işçilərin əməkhaqqını vermir. Şirkətin rəhbərliyi bunu maliyyə problemləri ilə əlaqələndirir.
Məsələ ilə bağlı Abid Şərifov “Yeni Müsavat”a bildirib ki, həmin şirkət mənim qardaşım İsmayıl İsmayılova məxsusdur.
Məsələ ilə bağlı “Azəryolservis”in mətbuat katibi Anar Nəcəfli qafqaznews.org –a bildirdi ki, biz ancaq tenderi keçirib icraçını müəyyən edirik: “ Tenderin qalibinə pulu Maliyyə Nazirliyi ayırır. Siz ya şirkətə, ya da nazirliyə müraciət edin”.
9 sentyabrda Salyanda körpü tikintisində çalışan “EVRASCON” şirkətinin fəhlələri əmək haqlarının gecikdirilməsinə etiraz ediblər. “EVRASCON” şirkətində işləyənlərin bildirdiyinə görə, tikintidə təxminən 1200 nəfərə qədər işçi çalışır. Onlardan 150-200 nəfəri günə muzdla çalışanlar, qalanları isə əmək müqaviləsi ilə işləyənlərdir: “Hazırda şirkətdə əmək müqaviləsi ilə işləyənlərə 4 ayın əməkhaqqı ödənilməyib. Şirkət rəsmisi cümə günü may ayının əmək haqqının ödəniləcəyinə söz verib. Sentyabrın axırında isə iyun ayının əmək haqqı veriləcək”.
“EVRASCON” şirkətinin Direktorlar Şurasının sədri Manaf Şirinov bildirib ki, Salyan rayonunda “EVRASCON” şirkəti tərəfindən Ələt-Astara magistral yolunun üstündə tikintisi aparılan körpüdə çalışan fəhlələrin əmək haqlarının gecikməsinə səbəb büdcə ödəməsinin gecikməsidir: ” Yaxın bir həftə ərzində bütün işçilərə bir ayın əmək haqqı ödəniləcək. Ayın axırında isə digər ayın əmək haqqı da ödəniləcək”. ( APA )
Məsələ ilə bağlı əmək hüquqları üzrə hüquqşünas Azər Quliyev qafqaznews.org-a bildirib ki, işçilərin əmək haqqı əmək müqaviləsində göstərilən vaxtda verilməlidir: “ Əmək haqqı gecikərsə, əmək məcəlləsinə uyğun olaraq inzibati, hətta cinayət işi qaldırıla bilər. Gecikən hər gün üçün əmək haqqının 1 faizinə bərabər cərimə ödənilməlidir. Ona görə də işçilər məhkəməyə müraciət etsinlər”.
“EVRASCON” şirkətinin Direktorlar Şurasının sədri Manaf Şirinov bildirib ki, fəhlələrin əmək haqlarının gecikməsinə səbəb büdcə ödəməsinin gecikməsidir. Buna Azər Quliyevin münasibəti belə oldu: “ Əmək müqaviləsi sahibkarla işçi arasında bağlanır, büdcə ödəməsinin gecikməsinin işçiyə dəxli yoxdur”.
Əmək müfəttişliyi dövlət xidmətinin rəhbəri Məhərrəm Maxarov isə qafqaznews.org-a bildirdi ki, əmək haqqının gecikməsi qanunvericiliyin pozulmasıdır: “ Mən söz verirəm ki, əgər yazılanlar öz təsdiqini tapsa, şirkət cərimə olunacaq”.
Sözardı: 3 sentyabrda şirkətin layihə şöbəsindən bizə bildirdilər ki, yolun tikintisinə pulu hər ay Maliyyə nazirliyi ayırır. Müxbirimizin “ Nazirlik tərəfindən maliyyə gecikmələri olurmu?” sualına şirkətin əməkdaşı belə cavab verdi: “ Biz işi vaxtında təhvil veririk. Ancaq maliyyə çətinliklə ödənir”. Nazirliyin infrastruktur layihələrinin maliyyələşdirilməsi şöbəsinin müdiri Mərdan Mərdanov bizə bildirdi ki, əgər iş vaxtında təhvil verilirsə, biz pulu niyə gecikdirməliyik: “ Maliyyələşmə qəbil olunmuş qrafikə uyğun olaraq aparılır”.