"Siz öz uşaqlarınıza, nəvələrinizə həmin ərzağı verərsiniz?" - icra başçısı əsəbləşdi

10-09-2015, 21:04           
"Siz öz uşaqlarınıza, nəvələrinizə həmin ərzağı verərsiniz?" - icra başçısı əsəbləşdi
`Bağçalarda uşaqlara keyfiyyətsiz ərzaqlar verilir, nəzərdə tutulmuş ərzaq payı bağça müdirləri tərəfindən mənimsənilir`

teref.aznun Xeberle.com-a istinadən verdiyi məlumata görə, bu barədə İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Sumqayıt şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O, bildirib ki, bu sahədə də problemlərin olduğunu diqqətə çatdırıb:

"Uşaq bağçalarını gəzdim. 64 nömrəli bağçada oldum. Getdim ərzaq təminatını yoxladım. Qazanın ağzını açdım. Gördüm ki, kənarda az miqdarda qarabaşaq təmizləyirdilər. Soruşdum ki, bu nə qarabaşaqdır? İnanırsız o qarabaşağı heç toyuğa da verməzlər! Yararsız bir şey idi. Soruşuram ki, bu qarabaşağın qiyməti neçəyədir? Deyirlər ki, bazarda 90 qəpikdir. Mənə gətirib siyahı təqdim etdilər. Siyahıda qarabaşağın qiyməti 3 manat 80 qəpik göstərilib. Təsəvvür edin 1 kq qarabaşaq 3 manat 80 qəpik qeyd olunub! Toyuğun qiymətinə baxıram. 2 manat 40 qəpik olan toyuğun qiyməti 5 manat 60 qəpik qeyd olunub. Sonra da deyirik ki, biz uşaq böyütməliyik. Heç nəzərə tutulan ərzağın yarısını belə vermirlər! Bu uşaqdan biz nə gözləyirik? Bu uşaqdan necə gələcəyin əsgəri olacaq? Uşağa elə diqqət yetirərlər? İndi mən sual verirəm bu ərzağı verənə və uşaq bağçalarının müdirlərinə! Siz öz uşaqlarınıza, nəvələrinizə həmin ərzağı verərsiniz? Heç kim verməz! Olmaz belə şeylər!"

Şəhər rəhbəri uşaq bağçalarının müdirlərinə də xəbərdarlıq edib: "Mən uşaq bağçalarının müdirlərinə də, ərzaq təminatı ilə məşğul olanlara da xəbərdarlıq edirəm! Uşaq bağçasına verilən ərzaq tam keyfiyyətli və qiymətəuyğun verilməlidir. Əgər eşitsəm ki, hansısa uşaq bağçasında bir dənə olsun belə düyü əksik verilib, uşağa verilməyib, həmin uşaq bağşasının müdiri məndən inciməsinlər! Heç kim uşağın yeməyinə əl vurmasın!"

Z. Fərəcov onu da vurğulayıb ki, uşaq bağçalarının damları təmir olunmalı və bağçalar istilik sistemləri ilə təchiz edilməlidir. O, bununla bağlı göstəriş verdiyini də sözlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.