Rasim Balayevdən Vəfa Zeynalova ilə bağlı məsələyə MÜNASİBƏT

22-04-2017, 13:56           

Rasim Balayev: “Ayıbdır, sənətlə məşğul olanlar gərək daim mütaliə etsinlər”

Bu günlərdə aktrisa Vəfa Zeynalovanın “Rəsulzadə əsər yazmayıb” deməsi mətbuatda, sosial şəbəkələrdə tənqidlə qarşılandı.

Bundan əlavə aktrisanın A24.az saytının “Cavabım var” layihəsinin qonağı olarkən ən primitiv, öz sənətinə aid olan suallara belə cavab verə bilməməsi, məşhur sovet rejissoru Tarkovskini tanımaması geniş müzakirələrə yol açdı.

Bəs azərbaycanlı aktrisanın tanımadığı Tarkovski kimdir?

Qeyd edək ki, Andrey Arsenyeviç Tarkovski məşhur sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissorudur. O, məşhur “Andrey Rublyov”, “Solyaris”, “Güzgü” və “Stalker” kimi filmlərin müəllifidir; özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkib, son iki filmi isə İtaliyada və İsveçdə istehsal olunub. Onun həyat və yaradıcılığı haqda qısa da olsa məlumat verərək bildirək ki, Tarkovski 1932-ci ildə Yuryevetski rayonunun Zavrajye kəndində dünyaya gəlib. Gənclik dövründə Dövlət Kinoematoqrafiya İnstitutuna rejissorluq fakültəsinə daxil olub. Erkən Xruşşov dövrü gənc rejissorlara nadir fürsətlər yaradırdı. 1953-cü ildən əvvəl illik film istehsalı aşağı idi və əksər filmlər veteran rejissorlar tərəfindən çəkilirdi. Həmin ildən sonra isə çoxlu yeni filmlər çəkildi və bunların əksərini gənc rejissorlar etdi. Xruşşov yumşalması Sovet cəmiyyətini açdı və müəyyən dərəcəyə qədər Qərb ədəbiyyat, film və musiqisinə icazə verdi. Bu icazə Tarkovskiyə italyan neorealistlərinin, fransız yeni dalğasının və Kurosava, Bunyuel, Berqman, Bresson və Mizoquçi kimi rejissorların filmlərini izləməyə imkan verdi. Tarkovskinin müəllimi gələcəkdə nüfuzlu film rejissorları olacaq bir çox tələbələrə dərs demiş Mixail Romm idi. 1956-cı ildə Tarkovski özünün ilk qısametrajlı tələbə filmi "Killerlər"i çəkir, film Ernest Heminqueyin hekayəsi əsasında çəkilmişdi. Bir neçə ildən sonra gənc rejissor çox məşhur “Silindr və skripka” filmini çəkir və bu onun diplom işi olur. Bunun ardınca isə rejissorun çox uğurlu filmləri ortaya çıxır. Onların arasında “Qatillər”, “İvanın uşaqlığı”, “Bu gün işdən kimsə çıxarılmayacaq”, məşhur “Solaris”, “Nostalji”, “ Güzgü” və digər bu kimi filmləri qeyd etmək olar. 54 yaşında dünyasını dəyişən rejissor 30-dan çox medal və mükafatlara layiq görülüb. Ölümündən sonra, 1990-cı ildə rejissor Lenin mükafatı verilib. Zamanında onun şəkillərdən ibarət poçt markaları olub.

Bəs müasir dövrün aktrisası bu cür rejissorları tanımalıdırmı?

Məşhur aktyor, xalq artisti Rasim Balayev məsələyə bu cür münasibət bildirdi: “Mənə elə gəlir ki, bügünkü aktyor klassik rejissorlardan, aktyorlardan xəbərdar olmalı, onların tamaşalarını, filmlərini bilməlidir. Bu olsa, yaxşı olar. Biz dərs keçəndə ən məşhur rejissorları, onların məktəbləri haqda məlumat veririk. Bütün bunların hamısını keçirik. Müəyyən dərəcədə hər şeydən məlumatlı olmalısan. Dünyəvi rejissorlar var, onların əsərlərindən hali olmaq lazımdır. O demək deyil ki, səhnəyə çıxıb onları təqlid etmək lazımdır, lakin onlar bir məktəbdir, onlardan öyrənmək lazımdır.

Mən xatırlayıram ki, hələ qəbul imtahanına hazırlaşanda məşhur dünya və Azərbaycan rejissorlarının yaradıcılqılarını öyrənirdik, bunları bilmək lazımdır. Bu gün Azərbaycan ədəbiyyatçısı bizim klassikanı bilməlidir, əgər bilməsə necə olar? Hər şeydən məlumatlı olmaq lazımdır. Bu gün çox təəssüf ki, Cəlil Məmmədquluzadəni, Cavidi, Sabiri və digərlərini tanımırlar, yaradıcılığını bilmirlər. Ayıbdır! Sənətlə məşğul olanlar gərək daim mütaliə etsinlər, əsərlər oxusunlar. Bu gün mütaliə etməyən adam geri qalır. Başları qarışır tək internetə, mesajlaşmağa”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.