Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan edib

10-08-2022, 08:04           
Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Daha sonra Qurani Kərimdən ayələr oxunub.

Stadionda açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin rəhbər şəxslərinin qatıldıqları elan olunub.

Rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandıracaqlar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, eyni zamanda, ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Gerisayımın ardından Anadolunun tarixi, gəzməli-görməli yerlərinin görüntüləri rəqqasların müşayiəti ilə nümayiş etdirilib.

Fəxri qarovul dəstəsinin müşayiəti ilə Türkiyənin dövlət bayrağı stadiona gətirilib və qardaş ölkənin İstiqlal marşı səsləndirilib.
Ətraflı

Könüllülər stadiona dəvət olunub və onlar iştirakçı ölkələr üçün dəhliz açıblar. Azərbaycan nümayəndə heyətinin gəlişi stadionda böyük alqışlarla qarşılanıb. Bayraqdar funksiyasını yunan-Roma güləşçisi Rafiq Hüseynov və voleybolçu Ayşən Abduləzimova yerinə yetirib.

Bütün iştirakçı ölkələrin keçidindən sonra sürəkli alqış sədaları ilə Türkiyə nümayəndə heyəti stadiona daxil olub. Türkiyə İslamiadada 461, Azərbaycan isə 281 idmançı ilə təmsil olunur və onlar ən geniş heyətə malik iki ölkədir.

Türkiyənin tanınmış idmançılarından 8-i İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını gətirərək, qaldırıblar.

Daha sonra idmançılar və hakimlər adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre ilə velosiped üzrə referi Serkan Karademir ədalətli olacaqlarına and içiblər.

Türkiyənin gənclər və idman naziri, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehmet Muharrem Kasapoğlu çıxış edərək, bütün iştirakçıları salamlayıb. O, Türkiyəyə və İslam dünyasına yaraşan Oyunlar keçirəcəklərini bildirib. Nazir İslamiadanın Həzrəti Mevlananın vətəni Konyada təşkilinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Kasapoğlu hər il 200-dək beynəlxalq yarışa ev sahibliyi edən Türkiyə üçün V İslam Həmrəyliyi Oyunlarının fərqli anlam daşıdığını dilə gətirib.

Nazir 2 000-dək könüllünün də Oyunlarda iştirak edəcəyini söyləyərək, onlara təşəkkürünü bildirib.

ISSF-in baş katibi Hüseyin İbrahim Taha da çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oyunları açıq elan edib. Stadionda atəşfəşanlıq olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.