Türkiyə üçün kritik tarixlər BƏLLİ OLDU - Sentyabr və noyabr aylarında...

19-07-2023, 00:00           
Türkiyə üçün kritik tarixlər BƏLLİ OLDU -
2023-cü ilin ən mühüm toplantısı olaraq şərh edilən NATO sammiti başa çatıb. Türkiyənin addımları zirvədə öz izini qoyub. Görüş çərçivəsində dünya liderləri ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü ikitərəfli münasibətlərdə yeni dövrün qapısını açıb.

Sfera.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzeti iki kritik tarixə diqqət çəkib.

Yunanıstan qəzeti iki liderin görüşü ilə bağlı bu qiymətləndirməni edib:

“NATO sammiti çərçivəsində keçirilən bir saatlıq yüksək səviyyəli görüş xarici işlər nazirləri Giorgos Gerapetritis və Hakan Fidan arasında dərin siyasi danışıqlara yaşıl işıq yandırdı”.

Məqalədə ikitərəfli münasibətlərdə müsbət irəliləyiş üçün iki kritik görüşün olacağı qeyd edilib:

“Birincisi iki liderin sentyabr ayında BMT Baş Assambleyasının kənarlarında keçirməsi gözlənilən görüşdür. İkincisi Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının noyabrda Salonikidə keçirilməsinə razılıq verdiyi görüşdür. Aydındır ki, bu mühüm məsələ ilə bağlı yekun qərarı baş nazir və prezidentdən başqa heç kim verməyəcək”.

Sözügedən xəbərə görə, artıq danışıqlar sistemli olacaq və gündəmi Giorgos Gerapetritis və Hakan Fidan idarə edəcək.

Yunanıstanın yeni xarici işlər naziri Yorgos Gerapetritis Kathimeriniyə müsahibəsində diqqətəlayiq mesajlar verib. O, Türkiyə ilə yeni dövrü dəyərləndirib:

“Yunanıstanın baş nazirinin Türkiyə prezidenti ilə Vilnüsdə görüşü qarşılıqlı anlaşma şəraitində keçdi. Biz xoş niyyətlə dialoqa başlayırıq və istəyirik ki, bu yeni səy dürüstlük və inamla yadda qalsın. İlk addım atıldı. Hazırda Egeydə hökm sürən sakitlik bu yeni başlanğıcın məhsuldar olması üçün zəruri şərtdir. Lakin dostluq, sülh və əməkdaşlıq real imkanlarına nail olmaq üçün vaxt və ardıcıllıq lazımdır. Yunan Hökuməti əməkdaşlıq və dialoq mühiti arzulayır. Mən şəxsən birbaşa ünsiyyət kanalına doğru ilk addımları atdığım türk həmkarımla etibarlı və sabit münasibət qurmağı səbirsizliklə gözləyirəm”.

Gerapetritis Türkiyənin Qərb, xüsusilə də Avropa İttifaqı ilə əlaqələri ilə bağlı Yunanıstanın mövqeyinin aydın olduğunu vurğulayıb: “Avropa-Türkiyə əlaqələrində irəliləyiş son dərəcə kövrək bir bölgədə sabitliyə töhfə verəcək. Gərginlikdən uzaq durmaq hər iki tərəfin mənafeyinə uyğundur”. (Musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.