Türkmənistanda çörəyə görə etiraz aksiyası olub

9-08-2023, 11:04           
Türkmənistanda çörəyə görə etiraz aksiyası olub
Avqustun 7-də Türkmənistanın Türkmənbaşı şəhərində ərzaq çatışmazlığına görə yüzlərlə adam etiraza çıxıb və yerli icra başçısı ilə qarşıdurmaya girib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık verib.

Bu da qeyd olunur ki, etiraz keçirildiyi vaxt ölkə rəhbərliyi və prezident qonşuluqdakı Avaza zonasında istirahət edirdilər.

Bazar ertəsi səhərin erkən saatlarından əsasən qadınlar olmaqla yüzlərlə insan şəhər bələdiyyəsinin qarşısına yığılmışdlar.

Onlar fevral ayından bəri ərzaq paylarının, o cümlədən un və yağın verilmədiyini bildirir, icra başçısının onların qarşısına çıxaraq cavab verməsini tələb edirdilər.

Azatlık yazır ki, ölkədə davam edən ağır iqtisadi vəziyyətə görə bir çox ailələr qiymətləri dövlət tərəfindən tənzimlənən ərzaq məhsullarından asılıdırlar.
“Yerində olmayan” rəis dərhal peyda oldu
Müxbirlər bildirirlər ki, belə görünür, etirazın təşkilatçısı olmayıb və o kor-təbii yaranıb.

Azatlık müxbiri bildirib:

“Administrasiya işçiləri deyirdilər ki, rəis yerində yoxdur, çünki rayonlara çıxıb. Amma adamlar qəti şəkildə bildirdilər ki, gözləmək fikrində deyillər və şikayətlərini çatdırmaq üçün birbaşa Avazada dəniz sahilində dincələn prezidentin yanına gedəcəklər”.

Avaza istirahət zonası Türkmənbaşı şəhərinin 15 kilometrliyində yerləşir və bəzi məlumatlara görə prezident Serdar Berdıməhəmmədov avqustun 5-dən buradadır.

Görünür buna görə də etirazçılar Avazaya yollanacaqları ilə hədələyəndən sonra “yerində olmayan başçı” ofisindən çıxaraq etirazçıları sakitləşdirməyə çalışıb.

O etirazçıların ən fəal qrupunu iclas zalına dəvət edib. Amma qadınlar bununla razılaşmayıblar və deyiblər ki, söhbət bayırda olmalıdır.
Zibilxanalarda yeyəcək axtaranların sayı artıb
Azatlık yazır ki, qubernator bundan sonra dövlət mağazalarında ucuz çörəyin satışını məhdud da olsa təşkil edəcəyini və başqa özəl mağazalardakı ərzaq qiymətlərinin tənzimlənməsinə çalışacağını vəd edib.

Azatlıkın müsahiblərindən biri deyib:

“Başçı o dərəcəyə çatmışdı ki, toplaşanlara yalvarırdı. O vəd etdi ki, avqustun 25-dən sonra ərzaq məhsullarının pay bölgüsünə başlanacaq. O habelə deyib ki, adamlar Avazaya yürüş etsələr, prezidentin mühafizəsi onlara qarşı silah tətbiq edə bilər”.

Başçının bu vədlərindən sonra etirazçılar dağılışmağa razılıq veriblər.

Türkmənbaşı İcra Hakimiyyəti Azatlıkın sorğularına cavab verməyib.

Azatlık yazır ki, bu hadisələr ölkədə iqtisadi çətinliklərin, işsizliyin, bahalaşmanın, habelə dilənçilik edənlərin və zibilxanalarda ərzaq qalıqları axtaranların artdığı bir vaxtda baş verir.

Ölkə hakimiyyəti problemləri həll etmək əvəzinə narazılıq bildirən vətəndaşlara təzyiq göstərir.

Buna baxmayaraq son vaxtlar ölkənin müxtəlif yerlərində ərzaq paylarının gecikdirilməsi ilə bağlı etiraz aksiyaları baş verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.