Maliyyə sisteminin “zibilyığan balıqları”
17-11-2016, 10:08
Problemli kreditlərin şirkətlərə satılması taktikası nəticə verəcəkmi?
Bir neçə gün əvvəl mediada Beynəlxalq Bankın problemli borclarının “Aqrarkredit”ə ötürülməsi haqda xəbərlər yayılıb. Məlumatda bildirilir ki, bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır.
O da məlum olub ki, hazırda problemli kreditlərin digər təşkilata ötürülməsi ilə bağlı ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır.
O da məlum olub ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Aqrarkredit” QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək “Aqrarkredit”ə transfert ediləcək. Hazırda bununla bağlı “Aqrarkredit”in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.
Bu məlumat Azərbaycanda bankların, xüsusən də ölkənin ən böyük dövriyyəsi olan Beynəlxalq Bankda vəziyyətin necə acınacaqlı olduğunu göstərməklə yanaşı, yeni bir tendensiyanı ortaya qoyur. Məsələ ondadır ki, problemli kreditlər məsələsi bir neçə il əvvəl qaldırılıb. O zaman banklar kollektor şirkətlər quraraq pulları toplamağa çalışırdılar. Amma indi durum daha fərqlidir. 10 milyard dollar vəsaitin taleyindən gedir. Üstəlik, indi borclar ilk dəfə olaraq başqa bir şirkət tərəfindən alınıb.
Qeyd edək ki, qonşu Türkiyədə bu təcrübə tətbiq olunub. Türkiyədə banklar batan və ödənilməyən kreditləri “Varlık Yönetim Şirketleri” adlanan şirkətlərə satır, bu borcları alan şirkətlər isə artıq ondan sonra borclulardan müxtəlif hüquqi vasitələrlə borcları almağa çalışırlar. “Maliyyə sisteminin zibilyığan balıqları” adlanan bu qurumlar (Türkiyədə 8 belə şirkətin olduğu bildirilir - K.R.) borclulardan zamanla bu borcları toplayır.
Bu sistem isə o qədər də mürəkkəb deyil. Bank problemli kreditlərinin satış tenderini keçirir. Ən yaxşı təklif verən şirkət borcları alır. Bu həm də borclara görə müəyyən olunur. Bəzən 100 lirəlik borc 30, bəzən isə (borca görə) 10, hətta 5 lirə qiymətləndirilərək satılır.
Bundan sonra borcu alan təşkilatlar borclu şəxslərlə əlaqəyə girib yeni şərtlərlə ödəmə təklif edirlər. Bu məsələdə hər 3 tərəf qazanmış olur. Bank əlindən çıxardığı kreditlərdən az da olsa geri alır, borclu isə banka olan borcunu qismən ödəyir və nəticədə şirkət də bundan müəyyən qazanc əldə edir.
Ötən illərdə Türkiyədə bu şəkildə 5 milyon vergi borcunun “Varlık Yönetim Şirketleri”nə satıldığı bildirilir. Ümumilikdə isə 6,6 milyard dollar borcun şirkətlərə satıldığı haqda məlumatlar mediada yer alıb. Qeyd edək ki, qardaş ölkədə bu sistem uzun illərdir çalışır. Azərbaycanda isə nisbətən yenidir.
İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, Azərbaycanda, konkret olaraq ABB-nin işi ilə bağlı borcların alınması mexanizmi faktiki olaraq yoxdur. Yalnız qismən bəzi borcların geri alınması mümkündür ki, o da çox azdır: “Bu borcların alınma mexanizmi yoxdur. Böyük pullar mənimsənilib və ölkədən çıxarılıb. Bu məsələlər ancaq məhkəmə yolu ilə qismən həllini tapa bilər. Çünki elə borclular var ki, məhkəmə qərarları ilə də həll oluna bilməz. Kredit mənimsənilib, indi ortada nə pul var, nə də əmlak”.
Ekspertin fikrincə, “Aqrarkredit”in bu borcları satın alması bu sahədə vəziyyəti dəyişməyəcək. Onun fikrincə, “Aqrarkredit” problemli borcları idarə edə bilməyəcək və bir müddətdən sonra o borclar “ümid borclar” adı ilə silinəcək.