Türkiyədə qalmaqallı “təcavüz qanunu” müzakirələri

22-11-2016, 09:23           
Türkiyədə qalmaqallı “təcavüz qanunu” müzakirələri
Müxalifət bu qanunun cinsi zorakılıqlara şərait yaradacağını, hökumət isə əksini deyir
Türkiyədə son bir həftədir “təcavüz qanunu” adlı mövzu müzakirə olunur. Yerli ictimaiyyət arasında “təcavüz etdiyi qadınla evlənən kişinin hökmünün təxirə salınması” olaraq təqdim edilən qanun layihəsi ciddi polemikalara səbəb olub. Müxalifət və müstəqil hüquq müdafiəçilərinin fikrincə, bu qanun dəyişikliyi qadınlara, gənc qızlara təcavüz edənlərin cəzadan yayınmasına səbəb olacaq və dolayısı ilə zorlama cinayətlərinin artmasına gətirəcək.

Hətta vəziyyət o həddə çatıb ki, AKP deputatlarının təklif etdiyi bu qanun layihəsi prezident Ərdoğanın qızı Süməyyə Ərdoğanın sədr müavini olduğu Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən də sərt tənqid olunub. KADEM bu qanunun hətta zorakılıq olmasa belə, azyaşlı qızların “öz iradəsini” müəyyən edə biləcəyinin suallı olduğunu bəyan edib.

Ankara Vəkillər Bürosunun yaydığı açıqlamada daha əvvəl mövcud olan və 2005-ci ildə ləğv edilən qanunun yenidən qəbulunun utancverici olduğu bildirilir. Təpkilərin artmasından sonra baş nazir Binəli Yıldırım qanun layihəsini müxalifət partiyaları ilə müzakirə etməyi tapşırıb.

Qeyd edək ki, hökumət rəsmiləri bu yeni qanun təklifinin ailə qurmuş, ancaq qanundakı yaş şərti səbəbindən rəsmi nikah bağlaya bilməmiş və bu səbəbdən də ciddi problemlərlə üzləşənlərin işini asanlaşdırmaq məqsədilə irəli sürüldüyünü bildirir. Yəni bu qanun erkən yaşda evlənən və bu səbəbdən də rəsmi nikahı olmayan, cinayət məsuliyyəti daşıyan ailə başçılarını məsuliyyətdən azad etməyi nəzərdə tutur.

Ancaq bu məqsədlə olsa belə, azyaşlıların nikaha cəlb olunması və ya qanuni baxımdan təcavüzə məruz qalınan kimi tanınmanın ləğv olunması paralel olaraq zorlama cinayətlərini də artıra bilər. Çünki bir çox insanlar məhz zorladığı qadınlarla ailə qurmaqla cinayətdən yayınmağa çalışacaq və bu zaman ailələrin təsiri daha üstün olduğu Türkiyə cəmiyyətində qızların hüquqları məhdudlaşacaq.

Hökumət isə bu ittihamlarla razılaşmır. AKP-dən olan millət vəkili və Konstitusiya Komissiyasının keçmiş sədri vəkil İdris Şahin deyir ki, qanunda açıq şəkildə təhdid, zorakılıq, hiylə olmaması şərtinin qeyd edildiyini və bu qanunun yalnız öz arzusu ilə az yaşda ailə quran, ancaq erkən evlilik səbəbilə nikaha girə bilməyənləri nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, daha əvvəl mövcud olmuş qanunda 15 yaşdan çox olan və ailəsi, adətlər səbəbilə ailə qurmuş şəxslər üçün keçərli olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.