Türkiyədən Azərbaycana “PKK-ya yaxın kürdlərin siyahısı” göndərilib?
29-11-2016, 10:15
2014-cü ildə Türkiyə rəhbərliyinin Azərbaycan hökumətinə Fətullah Gülənin Hizmət Hərəkatı ilə əlaqəsi olan azərbaycanlı məmurların siyahısını təqdim etdiyi deyilirdi. Həmin siyahıda adı olan adamların bəzilərinin sonradan vəzifələrindən azad edildiyi haqda da çox yazılıb. Bu ilin iyulunda Türkiyədə baş tutmayan hərbi qiyamdan sonra isə Azərbaycanın Baş Prokurorluğu FETÖ-çülərlə bağlı araşdırma aparmaq üçün cinayət işi açıb.
Son vaxtlar Türkiyədə FETÖ-çülərlə yanaşı PKK ilə hansısa şəkildə əlaqəsi olduğu iddia edilən, PKK-nı müdafiə edən kürdlərin işdən çıxarılması, həbs olunması prosesi gedir. Odur ki, rəsmi Ankaranın indi də PKK-ya hər hansı şəkildə bağlılığı olan şəxslərin siyahısını Bakıya göndərdiyi istisna deyil.
Azərbaycan Kürdləri İctimai Birliyinin rəhbəri Tahir Süleyman bu barədə söhbətimizdə bildirdi ki, kürdlərlə bağlı hər hansı siyahı Türkiyədən Azərbaycana verilməyib və belə bir siyahının olması mümkün deyil: “Abdulla Öcalanın həbsinə qədər içi mən qarışıq Azərbaycan kürdlərinin PKK-ya simpatiyası yüksək idi. Amma Öcalanın tutulandan sonra ”anam türkdür, mənə imkan verin siyasi baxımdan demokratikləşdirərək kürdləri Türkiyənin xidmətinə yönəldəcəm" kimi sözlərindən sonra ona simpatiyası olan çoxlu insanların inamı sarsıldı. Azərbaycanda nə Öcalanın həbsindən əvvəlki dövrdə, nə də sonrakı dövrdə heç vaxt kürdlərin siyasi ambisiyası olmayıb. Bir neçə il öncə kürd əsilli iki gənc - Namiq Nəsibov və Elnur adlı şəxs ağılsız hərəkətə yol verərək Qaraçuxurdakı məsciddə vəhhabilərə hücum etmişdilər və həbs olunmuşdular. Bu hadisəni çıxsaq, Azərbaycanda kürdlərin adı ilə bağlı hər hansı buna bənzər hadisə olmayıb. Mən Namiqin və Elnurun ağılsız hərəkətinə vaxtında münasibət bildirdim. Onlar məsciddən əvvəl Türkiyə səfirliyinin qarşısında aksiya keçirmək istəyirdilər. Mən onların qarşısını aldım və imkan vermədim ki, qardaş Türkiyənin səfirliyinə qarşı nə isə ağılsız hərəkət etsinlər.
Azərbaycanda bir nəfər də olsun kürd tapılmaz ki, Fətullah Gülən hərəkatının üzvü olsun. Son zamanlar Türkiyədə fətullahçılarla yanaşı çoxlu sayda kürdləri də ya işdən çıxarırlar, ya da həbs edirlər. Bu proses kütləvi hal alıb. Azərbaycan hakimiyyətinə “PKK tərəfdarları siyahısı”nı göndərdiyinə inanmıram. Çünki belə bir siyahının olması mümkün deyil. Ona görə ki, Azərbaycanda PKK-nın üzvü olan, PKK ilə əlaqəsi olan kimsə yoxdur".
T.Süleyman qeyd etdi ki, Azərbaycanda azdan-çoxdan ictimai aktivliyi olan, kürd dilində qəzet çıxaran tanınmış kürdlərdən biri özüdür. Türkiyədən ictimai aktivliyi ilə seçilən kürdlərin siyahısı göndərilsəydi, yəqin ki, birinci onu sorğu-suala çağırmalıydılar, lakin çağırmayıblar: “Bu da bir daha göstərir ki, heç bir siyahı-filan göndərilməyib. Mən bu günə qədər harada sivil kürd birliklərinin toplantılarında, xaricdə konfranslarda olmuşamsa, hansı ölkədə efirdə çıxış etmək imkanım olubsa, Azərbaycanın ümummilli məsələsi olan Qarabağ probleminin ədalətli həlli məsələsini qaldırmışam, Xocalı faciəsi haqda həqiqətlərdən danışmışam. Azərbaycan türkləri ilə kürdlərinin daim mehriban qardaşlıq şəraitində yaşadığını, heç vaxt aralarında zərrə qədər problemin olmadığını nümunə kimi təqdim etmişəm. Dediyim odur, mən elə bir hərəkət etməmişəm ki, sorğu-suala cəlb ediləm, hansısa qurumlar məndən şübhələnsin. Azərbaycan vətəndaşlığını daşıyan hər bir adam milliyyətindən asılı olmayaraq Azərbaycanı təbliğ etməlidir”.