TEYMURLƏNG VƏ TOXTAMIŞ - Ruhların söhbəti

19-08-2017, 11:38           
TEYMURLƏNG VƏ TOXTAMIŞ - Ruhların söhbəti
Toxtamış – De görüm səbəb nədir ki, iki baş heç vaxt bir qazanda qaynamır?

Teymurləng – Çünki qazanlar bir baş üçündür.

Toxtamış – Biz axı yola gedə bilərdik. Necə ki yola gedirdik də.

Teymurləng – O vaxtacan ki, sən hələ mənim qabağında mənəm-mənəm eləmirdin.

Toxtamış – Bəs Avropada – məsələn Fransada necə yola gedə bilirlər?

Teymurləng – O cür yola gedirlər ki, dördü birinə itaət edir. Necə ki, İskəndər Zülqərneynin ətrafındakı özü kimi İskəndərlər onun qabağında mil kimi dururdular.

Toxtamış – Mənim ki, səninlə işim yox idi. Sənə bütün Asiya düşürdü, mənə isə Krım, bir də Moskoviya.

Teymurləng – Avropada, Asiyada o qədər böyük deyillər ki, ikinəfərlik olsunlar. Dünyada ya heç kim olmur, ya da bir qılınc olur. Olsa, ikisindən biri məhv olmalıdır.

Toxtamış – Qəribə adamsan. Bu qədər ölkə və əraziləri neynirdin? Özünlə qəbrə aparacaqdın?

Teymurləng – Qəbrə aparmayacaqdım e... sadəcə olaraq, Allah bizi belə yoğurub. Bir evdə iki kişi, iki ər mümkünmü?

Toxtamış – Axı bu bir ev deyil, yüz evdir. Bir hində üç-beş xoruz yola getmirmi?

Teymurləng – Olur. Amma dördü beşincisinə tabe olmurmu?

Toxtamış – Yox, sən görmürsən hindəki bütün toyuqlar bütün xoruzlar üçündür.

Teymurləng – Toyuqlar aləmində belə olur. Biz toyuq sürüsü deyilik.

Toxtamış - Yaxşı fikirləşsən görərsən ki, toyuqlar aləmində bizdən daha çox dözüm, əhalət, ağıl olur.

Teymurləng – Elə o ağıl sahibiydin ki, axırda mənə qarşı çıxdın.

Toxtamış -Mən sənə qarşı yox, əksinə sən mənim əleyhimə çıxdın.

Teymurləng - Bilirsənmi, Moskov yürüşündən sonra sən çox qudurmuşdun.

Toxtamış – Avropada nə qədər balaca, müstəqil ölkələr, öz ölkələrində sərkərdələr var ki, heç kimin onlarla işi olmur.

Teymurləng – Amma heç biri mənəm-mənəm deməyəndə, özündən böyüklərə meydan oxumayanda. Avropada görürsənmi bir dənə Böyük Karl vardı.

Toxtamış – Sənin səltənətin Avropadan üç dəfə böyük idi. Hələ Çinə də yürüş etməyə hazırlaşırdın.

Teymurləng – Çünki dünyanın bir ağası olur.

Toxtamış – Mən sadəcə Moskovu alıb orada oturmaq istəyirdim. Sənin ərazilərində qətiyyən gözüm yox idi.

Teymurləng – Bilirsənmi, əgər dünya sən deyən kimi olsaydı, tarix olmazdı.

Toxtamış – Olmasın da. Sənin öz tarixin, mənim də öz tarixim olardı. İki tarix yaxşıdır, yoxsa bir?

Teymurləng – Sən deyən kimi olsa iki yox, saysız-hesabsız tarixlər yazılar, aləm bir-birinə qarışar. Cırtdan padşahlar əmələ gələr. Böyüklük miqyası məhv olar. İskəndərlər, Çingiz xanlar olmaz.

Toxtamış – Bəs bir səhrada, bir meşədə on aslan necə yola gedir? Niyə pişiyə dönmürlər? Əksinə, sənin ağalığında şirlər, pələnglər pişiyə dönür.

Teymurləng – Bilirsənmi, məsələ çox qəlizdir. Bunu həll etmək üçün Əflatunlar, Ərəstunlar lazımdır.

Toxtamış – Əflatunlar, Ərəstunlar azadlıq olan ölkələrdə doğulur. Səltənət nəhəng olanda sakinləri çırtdan olur. Balaca Makedoniyadan böyük İskəndərlər çıxır.

Teymurləng – Hə, bunu düz deyirsən.

Əlisa NİCAT












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.