Deputat: "Milli təhlükəsizlik naziri cavab verdi ki, ailəmin təhlükəsizliyi ilə məşğulam"

19-10-2015, 13:22           

MTN şefinin vəzifədən azad edilməsi ölkədə ən çox müzakirə olunan mövzudur.

Prezident İlham Əliyevin Qazaxıstan sammitindən gəldikdən sonra dərhal bu qərarı verməsi çoxlu sayda suallara səbəb olub.

Mediada nazirin işdən azad edilməsindən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşlarının MTN-də birgə xüsusi əməliyyat həyata keçiridikləri və əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin saxlanılıdığı yazılıb.

Baş verən hadisələrlə bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas Ölkə.Az-a açıqlama verib:

"Dövlət başçısının sərəncamı ilə Milli Təhlükəsizlik naziri işindən azad edildi. Dövlət başçısı belə bir addım atıbsa əlində çox ciddi MTN-nin fəaliyyətsizliyi və orada baş verənlərlə bağlı sənədlər olub. Hələ dəqiq bilinmir kim həbs olunub. Mətbuat da durmadan yazır. Rəsmi informasiyalar başqa bir şeydir, etibarlı mənbələrə istinadən verilən xəbərlər başqa. Hal hazırda hadisələri ayırd etmək mümkün deyil.

Zahid Orucun bu məsələ ilə bağlı açıqlamalarını oxudum. Orada maraqlı bir yanaşma var idi ki, MTN daha çox narkotiklərlə mübarizə idarəsinə çevrilmişdi. Həqiqətən də elədir. MTN-nin apardığı əməliyyatları araşdırsaq görərik ki, o əməliyyatların 70%-dən çoxu narkotiklərlə bağlı olub. Bu MTN-nin işi deyil. Bununla bağlı Narkotiklərlə Mübarizə İdarəsi var.

Azərbaycandan İŞİD-ə qoşulanlar çox saydadır. Oraya gedənlər var, onlar Azərbaycanda necə hazırlanır, necə bu yola düşür, ölkəni necə tərk edir? MTN elə bir təşkilatdır ki, millətin təhlükəsizliyinə cavab verməlidir.

Sizə çox qəribə bir fakt deyəcəm. Cəhbənin hakimiyyəti dönəmində Fəxrddin Təhməzov Milli Təhlükəsizlik naziri idi. İyun hadisələri vaxtı Heydər Əliyev Fəxrddin Təhməzova sual verdi ki, bu qədər hadisələr baş verir, sən nə ilə məşğul idin? Nazir bildirdi ki, ailəmin təhlükəsizliyi ilə maraqlanırdım. Deməli, dövlətin təhlükəsizliyi ilə məşğul olan adam dedi ki, ailəmin təhlükəsizliyindən qorxurdum. Fəxrddin Təhməzov bəlkə də gözəl insandır, hər halda dövlətin, millətin təhlükəsiziyi ilə məşğul olan adamın ailəsinin təhlükəsizliyi haqqında danışması gülünc idi. Ona görə də, Heydər Əliyev onu həmin sözündən sonra yola saldı. Dövlət elə bir şeydir ki, onun təhlükəsizliyi ilə məşğul olan insanlar sırf dövləti, milləti düşünməlidirlər. Qarabağda şəhid olan 20 min oğlanın 80%-i könüllü getmişdi. Onlar ailələrinin təhlükəsizliyi, ailələrinin uğrunda yox, millət, torpaq, dövlət uğrunda şəhid oldular.

MTN-də baş verən hadisələrlə bağlı hər biş şeyin üstü açılacaq. Təbii ki, elə ola bilər baş verənlərlə bağlı açıqlama verilməsin. Dövlətin, millətin təhlükəsizliyi ilə bağlı elə şeylər var ki, onu mətbuata açıqlamaq olmaz. Bu məsələ elə bir məsələdir ki, bu işə birbaşa prezident qarışıb və bütün sənədlər onun əlində cəmləşib.

2005-ci ildə hələ Əli İnsanov və Fərhad Əliyev həbs edilməmişdi. Ondan xeyli əvvəl İlham Əliyev çıxış etdi. Çıxışında bildirdi ki, vəzifədə olan adam siyasətlə məşğul olmamalıdır, ona tapşırılan işi icra etməlidir. Kim siyasətə qoşulmaq istəyirsə, vəzifəsindən istefa verib, getsin siyasətlə məşğul olsun. Ölkədə nə baş verirsə prezidentin önünə qoyulur...

Hal-hazırda əlimizdə ciddi məlumatlar yoxdur. Yalnız mətbuatda olan "etibarlı mənbə"lərin məlumatlarıdır. Beynlxalq bankda olan maxinasiyalar hər kəsə məlumudur. Bu məlumatlar artıq həm də rəsmidir. Məlumatlar çoxdur. Ən əsası rəsmi məlumatları gözləmək lazımdır".

Qeyd edək ki, keçmiş MTN şefi Eldar Mahmudov Beynəlxalq bankın prezidenti Cahangir Hacıyevlə qudadır. Beynəlxalq bankdakı maxenasiyada keçmiş nazirin də əlinin olduğu iddia edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.