Qızıl Məryəmi qətlə yetirmiş qızı ilə bağlı – Yeni xəbər

2-03-2019, 12:28           
Qızıl Məryəmi qətlə yetirmiş qızı ilə bağlı – Yeni xəbər
Bakıda “Qızıl Məryəm” ləqəbi ilə tanınan iş adamı Məryəm Nemətzadənin qətlində təqsirli bilinən qızı Günel Hüseynova, bacısı oğlu Nicat Eyvazov və sonuncunun dostu Ceyhun Əsgərovun barəsində olan hökmdən kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakimi Hafiz Nəsibov sədrliyi ilə baş verən prosesdə qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, Nicat Eyvazovun vəkili müvəkkilinin barəsində bəraət hökmü, digər təqsirləndirilən şəxslərin müdafiəçiləri isə cəzaların yüngülləşdiriləməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18, Ceyhun Əsgərov 19 və Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovun törətdiyinə əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

Qətlə yetirilən qadın “Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. Onun “Moskva” univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.