Bakıda kütləvi söküntüdən sonra “qara günlər” başlayır? – Ekspert aydınlıq gətirdi
Bu gün, 00:10

Son illərdə paytaxtda bir sıra ərazilərdə söküntü işləri aparılır. Sökülən ərazilərdə yeni yaşayış binalarının inşa ediləcəyi güman edilir. Belə olarsa, şəhərdə onsuz da mövcud olan yorucu tıxaclar daha da arta bilər.
Söküntü gedən ərazilərdə yeni tikintilərin aparılıb-aparılmayacağı barədə Ölkə.Az-a danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev nikbin proqnoz verib. O bildirib ki, Baş planın təsdiqlənməsi və tikinti şirkətlərinə qoyulan tələblər vəziyyəti yaxşılaşdıra bilər:
“Artıq uzun illərdir ki, Bakıda minlərlə yeni binalar inşa olunur. 2018-ci ilə qədər çoxmənzilli binaların tikintisi ilə bağlı rayon icra hakimiyyətlərinin də sərəncam vermək səlahiyyətləri vardı. Zamanında yeni çoxmənzilli binaların bir-birinə sıx və Baş plana uyğun olmayan şəkildə tikilməsi, həyətyanı sahələrin məhv olmasına və ciddi tıxacların yaranmasına gətirib çıxarmışdı. 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və artıq tikintilərlə bağlı sərəncamlar sırf həmin qurum tərəfindən verilir.
2023-cü ilin dekabrında Bakı şəhərinin Baş planı təsdiq olundu. 2040-cı ilə qədər paytaxt Baş planda əks olunmuş formada olacaq. Artıq plan üzərində işlər gedir. Paytaxtın bir çox ərazilərində dövlət, bir sıra yerlərdə də özəl tikinti şirkətləri tərəfindən söküntü işləri aparılır. Torpaqların dövlət ehtiyacı üçün alınması zamanı bəzi ərazilər sökülərək, konkret olaraq yaşıllıq və parklar salınacaq ki, sıxlığın və tıxacın qarşısına alınması üçün şəhərin müəyyən ərazilərində yaşayış massivləri azalsın.
Digər tərəfdən isə bir çox ərazilər yeni avtomobil yollarının çəklişi və yaxud genişləndirilməsi məqsədi ilə dövlət tərəfindən alınır. Bu da gələcəkdə tıxacların qarşısına alınmasına hesablanıb.
Həmçinin artıq tikinti şirkətləri mütləq şəkildə Baş plana və normativlərə uyğun formada bina tikməlidirlər”.
Ekspert son illərdə paytaxtda tikinti işlərinin xeyli azaldığını söyləyib:
“Buna əsas səbəb tikinti şirkətlərinə qoyulmuş tikinti normativləridir ki, onlar yalnız normativlərinin uyğun formada binalar inşa edə bilərlər. Normativlərdə binalar arası məsafə, avtopark yerləri, uşaqlar üçün əyləncə meydançası və yaşıllıq sahə mütləq nəzərə alınmalıdır. Bu baxımdan çox sayda tikinti şirkətləri artıq gözləmə mövqeyindədirlər.
Düşünürəm ki, Bakı şəhərində söküntülər, kütləvi hal alarsa, yeni paytaxt - Baş plana uyğun olan Bakıda tıxac və bir çox problemlərin həllinə nail olacaqlar. Yəni problemlər qismən aradan qalxa bilər. Sökülən bir çox ərazilərdə yaşayış massivləri olmayacağına görə, düşünürəm ki, mərkəzə doğru ərazilərdə artıq tıxaclar qismən azalacaq.
Buna hazırda “Sovetski”də və bir çox ərazilərdə dövlət tərəfindən aparılan sökütükləri göstərmək olar. Həmin ərazilərdə birmənalı olaraq yeni yaşayış binaları tikilməyəcək”.