Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI

Bu gün, 00:03           
Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI
Xəbər verdiyimiz kimi, Hindistan bir daha Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tam üzvlük müraciətini bloklayıb.

“AnewZ.tv”nin məlumatına görə, Çin Azərbaycanın ŞƏT-ə tam üzv olmaq müraciətinə dəstəyini təsdiqləyib.

Ancaq Hindistan tamamilə əks mövqe sərgiləyib.

Bu isə çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir. Çünki təşkilatın əsas prinsiplərinə görə, ikitərəfli mübahisələr çoxtərəfli platformalara daşınmamalıdır.

Hindistanın rəsmi Bakıya qarşı mövqeyi birbaşa olaraq Azərbaycanın Pakistanla qardaşlıq münasibətləri ilə bağlıdır.

Adı açıqlanmayan mənbə “AnewZ.tv”yə açıqlamasında bu addımın Azərbaycanın mövqeyini dəyişmədiyini, əksinə Hindistan siyasətinin məhdud və qısamüddətli xarakterini beynəlxalq ictimaiyyətə göstərdiyini” bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü zamanı Hindistanın rəsmi Bakıya qarşı mövqeyindən də söz açıb.

"Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır", - deyə dövlət başçısı qeyd edib.

Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident əlavə edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Hindistanın qərəzli mövqeyi

Bizim.Media xəbər verir ki, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin sədri Fərhad Məmmədov Hindistanın bu addımı şərh edib. O bildirib ki, Azərbaycan və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul edilməməsi və tərəfdaş statusunda qalması Hindistanın mövqeyi ilə bağlıdır.

Fərhad Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, Hindistan Azərbaycanı beynəlxalq platformalarda bloklamaqla məşğuldur:

“Hindistan Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyir. Bu, sadəcə ŞƏT məsələsində deyil, ümumilikdə beynəlxalq təşkilatlarda da özünü göstərir”.

“Hindistan regionda qarşıdurmanın davam etməsini istəyir”

Fərhad Məmmədov qeyd edib ki, ŞƏT çərçivəsində Hindistan Azərbaycanın üzvlüyünü blokladığı kimi, Pakistan da Ermənistanın üzvlüyünə mane olurdu:

“Lakin Bakı və İslamabad konstruktiv yanaşma nümayiş etdirərək, nəticədə Ermənistanla Pakistan arasında diplomatik münasibətlər quruldu. Bu, Azərbaycanın sülh gündəminə verdiyi dəstəyi göstərir. Amma görünən odur ki, Hindistan sülhün tərəfdarı deyil, əksinə, regionda qarşıdurmaların davam etməsini istəyir. Məhz bu yanaşma Çin tərəfindən irəli sürülən təşəbbüslərin də ikinci dəfə Hindistan tərəfindən bloklanmasına gətirib çıxardı”.

Politoloqun fikrincə, əsas məqam Azərbaycanın bu vəziyyəti Ermənistanla münasibətlərin gərginləşməsi üçün səbəbə çevirməməsidir:

“Əksinə, Azərbaycan sülhə doğru addımlar atır. Bu, region üçün ən yaxşı nəticədir”.

Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru