Azadlıqda qalmaq üçün 500 min təklif edən iş adamı 3 gün izlənilib – narkotik işində yeni təfərrüat

2-03-2019, 12:38           
Azadlıqda qalmaq üçün 500 min təklif edən iş adamı 3 gün izlənilib – narkotik işində yeni təfərrüat
İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən şəxslərin məhkəməsi keçirilib.

Teref.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən Nuri Rauf Məlikşah oğlu və İsgəndərov Arif Zərqulu oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Məhkəmədə Dövlət Gömrük Komitəsinin mayoru Amil İsmayılov ifadə verib.

Amil İsmayılov bildirib ki, həmin vaxt Hava Nəqliyyatında Baş Gömrük İdarəsində çalışıb. O, Arif İsgəndərov saxlanılan gün növbə rəisi olduğunu bildirib:

“Tehran reysi zamanı gələn sərnişinlər yoxlanılırdı. Mən şəxsiyyət vəsiqəsini tələb elədim. Çantasında nə olduğunu soruşdum? Yükün özünün olmadığını dedi. Biz yükü yoxlamağa başladıq. Qaymaq olduğunu bildirmişdi. Qaymağın sərt olması diqqətimizi çəkdi. Arif İsgəndərov bildirdi ki, donmuş vəziyyətdə olduğu üçün elədir. Biz yükə baxanda narkotik vasitə aşkar elədik. Arif İsgəndərov yükün özünün olmadığını dedi. Biz də həqiqətən buna inandıq. Şəxsən məndə belə təsir bağışladı. Lakin biz digər şəxsi tapa bilmədik”.

Amil İsmayılova sual verilib: “Arif İsgəndərov yükün özünə məxsus olmadığını dedikdən sonra digər şəxsin saxlanılması mümkün idimi?”

Şahid Amil İsmayılov suala cavabında deyib ki, yükü yoxlamaq və məsələni aydınlaşdırmaq üçün bir saata yaxın vaxt lazım olub: “Biz onu baxış otağına apardıq. Digər əməkdaşları çağırdıq. Bu müddət də təxminən 1 saat oldu. O müddətdə də digər şəxs gedə bilərdi”.

Məhkəmədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baş inspektoru Mətləb Əliyev də ifadə verib.

O da digər şahid kimi eyni məzmunlu ifadə verib. Bildirib ki, təqsirləndirilənlərdən Arif İsgəndərovun yükünə baxış keçirilən zaman narkotik vasitə aşkar edilib: “Dedi ki, qaymaqdır. O, uşaqlarına pay üçün verildiyini, özünə məxsus olmadığını dedi”.

Arif İsgəndərov ifadəsində deyib ki, Rauf Nuri ilə İrandan qayıdan zaman onun yüklərinə kömək edib.

Rauf Nuri ona sellofan torbada qaymaq olduğunu deyib. Amma hava limanında narkotik aşkar edilib.

Arif İsgəndərovun xanımı Gülnar İsgəndərova şahid qismində ifadəsində deyib ki, Rauf Nuri evlərinə gələrək bu işdə Arifin də, özünün də günahsız olduğunu deyib: “Rauf deyirdi ki, nə qədər istəsə pul verəcək, 500 min təklif edirdi. Deyirdi ki, obyektləri var. Hansına barmağımı qoysam, bizə verəcək. Təki bu işdə adı çəkilməsin. Arifi azadlığa çıxaracağını deyirdi”.

Gülnar İsgəndərova həyat yoldaşının azadlığa çıxmadığını görüb və Gömrük Komitəsinə müraciət edib.

Müraciətində deyib ki, Rauf onlara susmaq üçün pul təklif edir. Gömrük əməkdaşlarının istəyi ilə Gülnar İsgəndərova Rauf Nuriyə zəng edib 3 min manat istəyib. 3 gün izlənilən Rauf Nuri pulu gətirən zaman saxlanılıb.

Rauf Nuri məhkəmədə Arif İsgəndərovun günahsız olduğunu deyib. O bildirib ki, İran vətəndaşı olan Hüseyn adlı şəxs ona pay kimi qaymaq verib. Amma qaymağın içərisində narkotik olduğunu bilməyib.

Məhkəmə iclası martın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alıb.

Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb.

Sellofan torbada təmiz çəkisi 1 kq 20 qram olan heroin aşkar edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.