Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL

4-03-2019, 12:46           
Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən həftə sonu İctimai televiziyaya müsahibəsində rəsmi Yerevanın Qarabağ münaqişəsinə dair danışıqlar barədə mövqeyini izah edib. Virtualaz.org xəbər verir ki, Mnatsakanyan baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən bu yana tez-tez səsləndirdiyi tezisi təkrarlayıb. Onun həqiqətən Dağlıq Qarabağın adından danışmaq üçün “mandata malik olmadığını” deyib. Amma bununla belə əlavə edib ki, danışıqlar ötən ilin yayından bəri heç vaxt dayanmayıb və xarici işlər nazirləri bir neçə dəfə görüşüblər. O cümlədən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə üç dəfə qeyri-rəsmi təmasda olub, müzakirələr aparıb.

Xarici işlər nazirinə görə baş nazirə mandatı Ermənistan vətəndaşları parlament seçkiləri vasitəsilə veriblər və o, öz funksiyalarını bu çərçivədə həyata keçirəcək. “O, Ermənistan sakinlərinin adından danışa bilər-Tavuşdan başlamış Sünik vilayətinə qədər...Ancaq reallıq belədir ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağ sakinləri tərəfindən verilmiş mandatı yoxdur”-Mnatsakanyan belə deyib.

Nazir əlavə edib ki, bununla belə Ermənistan “Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı” olaraq qalır. Və status məsələsində əsas məsələ məhz region əhalisinin “fiziki təhlükəsizliyinə” aiddir.

Mnatsakanyan bildirib ki, hazırda danışıqlar hər hansı sənəd, nizamlama variantı üzərində aparılmır. “May ayından başlayaraq biz bir an da olsun danışıqlar prosesini ləngitməmişik”-o deyib. Və Azərbaycan xarici işlər naziri ilə görüşlərinin xronologiyasını xatırladıb. Habelə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşləri vurğulayıb.

Onun sözlərinə görə, erməni tərəfinin bütün bu təmaslarda məqsədi “prosesə qoşulmaq və Ermənistanın yeni hökumətinin malik olduğu yanaşmaları konkretləşdirmək” olub.

“Biz indiyədək bu məntiqə söykənmişik və belə də davam edəcəyik. Münaqişənin dinc yolla nizamlanması istiqamətində məqsədyönlü şəkildə işləyəcəyik. Sülhün alternativini istisna etmək lazımdır, amma bu erməni tərəfinin qətiyyətinin olmadığını mənasını vermir”-nazir bildirib.

Beləliklə, Zöhrab Mnatsakanyan təcrübəli diplomat olsa da baş nazir Nikol Paşinyanın Qarabağa dair populist və absurd mövqeyini əsaslandırmaqda aciz qalıb. Bir tərəfdən o deyir ki, Paşinyan ancaq Ermənistan sakinlərinin adından danışa bilər və Dağlıq Qarabağ ermənilərinin adından danışmaq üçün mandata malik deyil. Lakin digər tərəfdən o, danışıqların “bir an da olsun ləngimədiyini”, Azərbaycan tərəfi ilə həm ölkə rəhbərliyi, həm xarici işlər naziri səviyyəsində müzakirələrin getdiyini deyir. O zaman hər dəfə bir neçə saat çəkən bu müzakirələrdə söhbət nədən gedirdi, ancaq Paşinyanın Dağlıq Qarabağ ermənilərinin adından danışmaq mandatının olmaması barədə?

Axı rəsmi Bakı əvvəlcədən bəyan edib ki, bu yanaşma, yəni Dağlıq Qarabağın danışıqların tərəfi kimi masa arxasına gətirilməsi cəhdləri Yerevanın danışıqlardan imtina etməsi mənasını verir. Deməli, bu populist yanaşma barədə uzun-uzadı, saatlarla danışmağa ehtiyac yox idi və erməni tərəfi Paşinyanın mövqeyindən çıxış edib ümumiyyətlə danışıqlara başlamamalıydı.

Bu baxımdan rəsmi Yerevanın absurd və ziddiyyətli yanaşmalarının hökm sürdüyü bir vaxtda danışıqların nəyə həsr olunduğuna dair suallar yaranır. Xüsusən də Ermənistanda “bir qarış da torpaq qaytarmamaq” prinsipinin artıq Paşinyanın kabinetinin üzvlərinə də sirayət etdiyi bir vaxtda. Xatırladaq ki, ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altındakı Füzuli rayonundan bəyan edib ki, “bir qarış da olsun torpaq” qaytarmaqdan söhbət gedə bilməz və Araz boyu ərazilər məskunlaşdırılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.