RUSİYA TRAMPIN COLAN TƏPƏLƏRİ HAQQINDA QƏRARINA NECƏ TƏPKİ VERİB? –Helsinkidə ABŞ-a təklif olunan sövdə... - TƏHLİL

28-03-2019, 00:00           
RUSİYA TRAMPIN COLAN TƏPƏLƏRİ HAQQINDA QƏRARINA NECƏ TƏPKİ VERİB? –Helsinkidə ABŞ-a təklif olunan sövdə... - TƏHLİL
Maksim Suçkov

“Əl-Monitor”, 27.03.2019



Prezident Donald Trampın ABŞ-ın Colan Təpələrində İsrailin suverenliyini tanımasına dair bəyanatı Moskvaya qədər şok dalğası yaradıb. Kremlin sözçüsü Dmitri Peskov bu qərarın “Yaxın Şərqdəki onsuz da gərgin vəziyyəti daha da körükləyə biləcəyi”ni dilə gətirib.

Peskov əlavə edib ki, Trampın təqdim etdiyi dəyişiklik “Tərəfsiz sülh prosesinin vəzifələri və məqsədləri üçün heç bir şəkildə işləmir”. “Əksinə “, – deyə o, fikrini tamamlayıb.

Martın 22-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının toplantısını keçirib. Toplantının gündəmi Rusiyanın daxili problemləri və Trampın qərarından sonra Yaxın Şərqdəki vəziyyət olub.

Kremldən daha sonra bildirilib ki, “Yaxın Şərqdə qeyri-sabit və gərgin vəziyyətin həll prosesinə birbaşa təsir göstərən ölkələr düşünülməmiş hərəkətlər və ifadələri ortaya qoyulmamalıdır”.

İsrailin Moskvadakı səfirliyinin təşəbbüsü ilə səfir Qari Koren və xarici işlər nazirinin müavini Mixail Boqdanov arasında görüş keçirilib.

Görüşün rəsmi hesabatında Colan Təpələri gündəm kimi göstərilməyib, diplomatların yalnız “Suriya problemi və İsrail-Fələstin məsələləri də daxil olmaqla, regional inkişaflar barədə fikir mübadiləsi” aparması qeyd edilib.

Moskvanın təpkisi həm də Rusiyanın bu mövzuda rəsmi mövqeyini əks etdirir və Trampın bölgəyə istiqamətli qərarının mümkün təhlükəsizliyinə dair qorxuları ortaya qoyur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Rusiya, bildiyiniz kimi, Colan Təpələrinin Suriya Ərəb Respublikasına aid olması rəyindədir. Bu, BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497 saylı qərarı ilə təsdiq edilib. Colan Təpələrinin status dəyişikliyi BMT qərarlarının birbaşa pozulmasıdır”.

“Bu, heç bir şəkildə Yaxın Şərqdə sabitlik gətirmir. Belə bir vəziyyətdə məlum bəyanat yerinə, susmaq daha yaxşı olardı”, – deyə (Rusiya Senatı) Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Sevkov bildirib.

Anonim şəraitdə “əl-Monitor”a danışan iki Rusiya diplomatı Trampın qərarının vəziyyəti əsaslı şəkildə dəyişməyəcəyini iddia edib. Çünki o, yalnız Suriya ərazisinin işğalının uzun müddət davam edən reallığını rəsmiləşdirir.

Rusiyanın Trampın qərarı ilə bağlı rəsmi bəyanatında deyilir: “Bu cür şərhlər Vaşinqtonun beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərarlarına və Madrid Sülh Konfransında qəbul edilən “sülh əvəzinə torpaq” prinsipinə göstərdiyi nifrətin göstəricisidir. ABŞ, eyni zamanda, Ərəb Sülh Təşəbbüsünü də dəstəkləyib. Lakin bəyanat ABŞ administrasiyasının Yaxın Şərqdəki vəziyyətin həlli üçün beynəlxalq səviyyədə tanınmış hüquqi əsası yenidən nəzərdən keçirmək kursuna uyğun gəlir”.

Moskva ilə Vaşinqton arasında sahə üzrə əməkdaşlığa dair istinad vacibdir. Rusiya Colan Təpələrini işğal edilmiş ərazilər kimi görsə də, Moskva bunu İsrail ilə Suriya (və İran tərəfindən dəstəklənən milislər) arasındakı mümkün münaqişə zonası kimi qəbul edir.

2018-ci ilin iyul ayında Tramp və Putini bir araya gətirən Helsinki sammitində Colan Təpələri Putinin Suriya mövzusunda ABŞ-Rusiya əməkdaşlığı üçün Trampa təklif edə biləcəyi əsas məqam idi.

“Suriyanın cənubu İsrail və Suriya qüvvələrinin ayrılması haqqında 1974-cü il müqaviləsinə tam uyğun şəklə gəlməlidir… – Putin deyib. – Bu, Colan Təpələrinə sülh gətirəcək və daha çox Suriya ilə İsrail arasında sülh əlaqələri, həmçinin İsrail dövləti üçün təhlükəsizliyi təmin edəcək. Cənab Prezident [Tramp] bugünkü danışıqlar zamanı məsələyə xüsusi diqqət yetirdi”.

Rusiyanın təklifi İsraildə yaxşı qəbul və o vaxt İranın İsraillə sərhəddən geri çəkilməsi üçün mesaj olaraq şərh edilmişdi.

Daha sonra Putin Rusiyanın “1-ci Kanal”ına” demişdi: “Suriyaya dair bir sıra məsələlər üzrə razılığa gəlmişik. Xüsusilə Colan Təpələri yaxınlığında yerləşən cənub zonasında İsrailin maraqlarını tam nəzərə alaraq. Biz əvvəllər bunu iranlı tərəfdaşlarımızla müzakirə etmişdik. Beləliklə, vəziyyəti yalnız Suriya deyil, geniş mənada bölgəni sabitləşdirəcək”.

Bu təklifi daha da irəliyə çatdırmaq üçün Rusiya təmas xətti boyunca hərbi polis yerləşdirib və daha sonra atəşkəs və qüvvələrin ayrılmasına nəzarət etmək üçün BMT müşahidəçilərinin fəaliyyətini təmin edib.

ABŞ, İsrailin Suriya / İran qüvvələri arasındakı Colan Təpələrində İsrailin suverenliyini tanıyarkən, Moskvanın qurmaq istədiyi “təhlükəsizlik zona”ı düşmən qüvvələrin birbaşa toqquşması üçün riskləri artıra bilər.

Bəlkə də Rusiyanın öz maraqları baxımından bu məsələ Krım yarımadası ilə bağlıdır. 2014-cü ildə Rusiya Ukraynadan Krımı ilhaq edib. Moskva bunu “tarixi birləşmə” kimi qiymətləndirib, dünyanın əksər hissəsi isə bunu birləşmə kimi görmür.

Trampın qərarını açıqlamasından az sonra dövlət katibi Mayk Pompeo ABŞ-ın işğal edilən ərazilərdə İsrailin suverenliyinin tanınmasının “ikili standart siyasət” olduğunu təkzib edib. Pompeo “Sky News”-a bildirib ki, “prezident Colan Təpələri ilə bağlı gerçəkliyi təsdiqləyib və bu, İsrail dövlətinin qorunması üçün lazım olan təhlükəsizlik vəziyyətidir”.

“Biz ən azı, Krımda referendum keçirmişik, orada Rusiyanın bir hissəsi olmaq istəyən çox sayda insan var idi, – deyə “əl-Monitor” ilə söhbətində üst səviyyə bir rusiyalı rəsmi deyib. – Colan referendumu olubmu? Bu qərarına görə Amerikaya sanksiya tətbiq etmişikmi?”

İsrailin Krıma dair mövqeyi BMT-nin müvafiq qətnamələr üzrə səsverməsində əks olunub. Mart ayında İsrail nümayəndə heyəti BMT-nin Rusiya tərəfindən Krımın ilhaq olmasını qınayan səsvermədə iştirak etməyib. Bu hərəkət, daha sonra tənqidlərə səbəb olub – sabiq dövlət katibi Con Kerri bunu İsrail tərəfindən Moskvaya dəstək vermə hərəkəti sayıb.

Ancaq dekabrın 17-dəki son səsvermədə İsrail BMT-nin Baş Assambleyasında Rusiyanı qoşunlarını Krımdan çıxarmağa çağıran iki qərarın lehinə səs verib. Martın əvvəlində İsrail Rusiyanın Krımda insan hüquqlarının pozulmasını pisləyən və yarımadada Rusiyanı işğalçı qüvvə kimi qeyd edən bir başqa bir qətnaməni dəstəkləyib. Bu, Rusiya Müdafiə Nazirliyi təyyarəsinin vurulması ilə İsrailin təxribatda suçlanması ilə təxminən eyni vaxta təsadüf edib.

Bəzilərinin fikrincə, Rusiya Krımda öz mövqeyini müdafiə etmək üçün Colan Təpələri ilə olan presedentə müraciət etməyəcək. Ancaq Colan ətrafında vəziyyət Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxanların mövqeyini zəiflədir. Bununla, həmçinin, Krımla bağlı sanksiyaların davamlılığına görə avropalılara təzyiq aləti yaratmaq olar.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.