H.Z.Tağıyev 35 nəfər rus, erməni, gürcü və yəhudini necə xilas etdi

4-04-2019, 11:04           
H.Z.Tağıyev 35 nəfər rus, erməni, gürcü və yəhudini necə xilas etdi
1914-cü ildə, iyun ayının 28-də səhər, Frans Ferdenand arvadı Sofi fon Qoqenberqlə Sarayevodakı Latın körpüsündə, saat on tamamda Qavrilo Prinsin tapançasından açılan iki güllədən öldülər.

Çoxlu tələbə həbsə alınır və məhkəmə qurulur. Qavrilo Prinsin müavini Danilo İliç silahdaşları ilə ölümə məhkum edilir. Qavrilo Prins həddibüluğa çatmadığından məhkəmə ona 20 il kürək cəzası kəsir, həbsxanada vərəmdən vəfat edir.

Əhali güllə atılan gündən Latın körpüsünə Qavrilo Prins körpüsü adını qoyur.

Qoşa güllə açılandan 35 gün sonra, avqustun ilk günündən alman militarizminin təərüz, zorakılıq maşını hərəkətə gəldi.

Günahsız insanların qanları sel kimi axmağa, şəhərlər, dinc kəndlər viranəyə dönməyə başladı. Avqustun axırında dünyanı öz müstəmləkəsinə döndərmək istəyən imperialistlər başda olmaqla otuza qədər dövlət gündən-günə şiddətlənən müharibənin məhvərində fırlanırdı.

Müharibə elan edilən gün Almaniyada olan bütün rus təbəələrini əsir tutub xüsusi düşərgələrə salırlar.

Hacı Zeynalabdin Tağıyev öz ailəsilə Almaniyada istirahət edirdi. Tağıyevin qızı əhvalatı belə nəql edirdi: Atam, anam, bacılarım – Leyla və Sürəyya, qardaşlarım – Məmməd və İlyas, anamın ən yaxın qulluqçusu Raisa, bir də atamın köhnə tanışlarından qoca 90 yaşlı Məstanbala Almaniyaya getdik.

Məstanbala söhbət vaxtı atama deyir ki, Hacı, varlı adamsan, pulun çoxdur, Firəngistana gedəndə, bir dəfə məni də apar; atam da onu götürmüşdü. Əvvəl Berlinə gəldik, ən məşhur “Ekspolenada” otelinə düşdük. Bir neçə gündən sonra Ems mədən sularına yollandıq. Bir ay orada qaldıq, Marenbadenə getdik. Atam bir ay da orada müalicə olundu, biz isə dincəldik. Axşamüstü bir rus ruhanisi atamın yanına gəlib xəbər verdi ki, məni rus səfiri göndərib, deyir ki, Hacı tez yola düşsün. Almanlar Rusiyaya müharibə elan edir. Xəbər qəzetlərdə dərc olunandan sonra rus təbəələrini vətənlərinə buraxmayacaq, əsir saxlayacaqlar.

Biz Berlinə çatanda müharibənin elan xəbəri artıq yayılmışdı, Vağzalqabağı meydanda adam əlindən tərpənmək olmurdu. Kişilər əllərindəki ağacları havada hərlədib, hədələyə-hədələyə “Rus… rus… rus…” deyə qışqırırdılar. Keçmiş Qafqaz canişini qraf Voronsov-Daşkovun arvadı, milliyyətcə erməni olan Liza Kinikov qızını (Elizaveta Qriqoryevna) almanlar küçədə saçlarından yapışıb sürütləmişdilər. Vağzal binasından çıxa bilmirdik. İki saat keçdi, atam dedi: “Sandıqlar qalsın burada, hər kəs çamadanını götürsün, gəlsin dalımca”.

O, qabaqda, biz də onun dalınca çıxdıq meydana. Polis nəfərləri bizi o saat araya aldılar. Mindirdilər bir maşına. Atam dedi: “Ekspolenada” mehmanxanasına sür”. Bizi orda qəbul etmədilər. Şəhərin bütün mehmanxanalarına baş vurduq, nəticəsiz qaldı. Axırda, ucqar məhəllələrdən birində yerləşən mehmanxanada bizə yer verdilər.

Atamın Berlin bankındakı 100.000 manat pulundan bir qəpik də vermək istəmirdilər. Atam Frankfurt Mayn şəhərinə zəng çaldı. Bakıda su kəməri çəkmək məsələsi üçün buraya gəlmiş Lindleyə əhvalatı başa saldı. Lindley Berlinə Qeviner adlı bir şəxs göndərdi. Qeviner bankla danışıq aparıb, atama xəbər verdi ki, sizin bütün xərclərinizi banka təqdim ediləcək sənəd əsasında ödəyəcək, amma sizə nəqd pul verməyəcəklər. Atam getdi Türkiyə səfarətxanasına, çıxılmaz vəziyyətə düşdüyünü xəbər verdi, yardım istədi. Türk səfiri birbaşa Almaniya kayzeri II Vilhelmə müraciət edir ki, müsəlman aləminin ən məşhur kübarı neft milyonçusuna kömək eləyin vətəninə, Bakıya qayıtsın.

Şübhəsiz ki, Vilhelm bütün dünyada tanınmış Nobel, Rotşild və digər neft maqnatları kimi Tağıyevi də tanımamış deyildi. Kiçik Qafqaz dağlarında, Gəncə quberniyasında, Kirakidzor və Gədəbəydə alman sənaye maqnatı Simens qardaşları hələ on doqquzuncu əsrin ortalarından mis, sürmə, qızıl, gümüş və sairə zəngin filiz damarlarını istismar edib Azərbaycanın milli sərvətini öz ölkələrinə daşıyırdılar.

Gədəbəydə meşənin içərisində yerləşən Qalakənddəki misəritmə zavodundan Simenslər, habelə iki tona qədər qızıl, beş ton gümüş istehsal edib Almaniyaya aparmışdılar.

Şübhəsiz, Hacının ailəsini buraxmaqda Bakı neftinə, tükənməz sərvətə çoxdan göz tikmiş olan Vilhelmin öz mülahizəsi, öz hesabı varmış.

Neft maqnatı baron Bekendorf başda olmaqla Bakıda alman neft sənayeçiləri, ticarət işgüzarları və texniki-maliyyə mütəxəssisləri vardı. Kayzer Vilhelmin şəxsi sərəncamı ilə bizə gəmi verib dənizdəki çoxlu mərmilərdən qorumaq üçün xüsusi kreyser də qoşdular.

Bizim əyan olduğumuzu polis bildikdə deyir ki, madam gedən adam kübardır, məşhur əyandır, onun məiyyəti olmalıdır, siyahı verin. Atam Berlində çarəsiz qalmış 35 nəfər rus, erməni, gürcü və yəhudi təbəələrini siyahıya daxil edib polisə göndərdi. Beləliklə, onları da əsirlikdən xilas etdi.

Əvvəl bizi Kopenhagenə yola saldılar. Kreyser qabaqda, gəmi də onun dalınca üzürdü ki, minaya toxunmasın. Gəlib çıxdıq Finlandiyaya, oradan da Peterburqa.

Rusiyanın əsas duru yanacaq mənbəyi olan Bakı bu müharibədə diqqəti xüsusi cəlb edən şəhərlərdən biri idi. Alman imperializmi, eləcə də Rusiyanın müttəfiqi ingilis imperializmi qara qızıl xəzinəsinə yiyələnməyə var qüvvələrilə can atırdılar. Fikirləri gələcəkdə Bakının tükənməz neft sərvətinə və buradan da bütün Qafqaz mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, Yaxın və Orta Şərq və Hindistana yol tapmaq idi.
buta jurnalı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.