Sərhədçilərin həbsinin səbəbi bilindi: “Quska”nın anasını bacısının pasportu ilə xaricə buraxıblar

9-04-2019, 08:06           
Sərhədçilərin həbsinin səbəbi bilindi: “Quska”nın anasını bacısının pasportu ilə xaricə buraxıblar
Ötən ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilən keçmiş deputat, "Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin məhkəməsi gedir. Onunla yanaşı, anası Zeynəb Abdullayeva da məhkəmə qarşısına çıxarılıb.
Amma sabiq deputatdan fərqli olaraq, anası həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Səbəb isə onlarla birlikdə mühakimə olunan şəxslərdir.

Bu cinayət işi üzrə müttəkimlər kürsüsündə H.Abdullayev və anasıyla yanaşı, daha beş nəfər təqsirləndirilən şəxs var. Onların bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.

Sərhədçilərin hansı səbəbdən cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub. Bizimyol.info-nun əldə etdiyi məlumata görə, sərhədçilər Zeynəb Abdullayevanın ölkəyə giriş-çıxışına görə cəzalandırılıb.

"Bir neçə il əvvəl Zeynəb Abdullayevanın ölkədən çıxışına qadağa qoyulmuşdu. Zeynəb Abdullayeva öz bacısının pasportuyla dəfələrlə ölkədən gedib-gəlib. Sərhədçilər vəzifələrindən sui-istifadə edib, başqasının sənədi ilə onun ölkəni tərk etməsinə şərait yaratmaqda ittiham olunur”,- deyə mənbə bildirib.

Sərhədçilər əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında onların barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. Hökm elan olunana qədər Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov ev dustaqlığına buraxılıb.

Hüseyn Abdullayevin özünə gəlincə, ona qarşı CM-in 178 (dələduzluq), 213-cü (vergidən yayınma) maddələrilə ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsilə ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.