"Mənim qızım Afəti həyat yoldaşı Ruzi vurub öldürüb" - GİLEY

10-04-2019, 11:54           
"Mənim qızım Afəti həyat yoldaşı Ruzi vurub öldürüb" - GİLEY
“Mənim qızım Afəti həyat yoldaşı Ruzi vurub öldürüb, sonra da öləndən sonra asıb ki, cinayətin izini ört-basdır etsin. Tələb edirəm ki, qızımın ölümü ilə bağlı cinayət işinə Füzuli rayonunda deyil, başqa bir rayonun prokurorluğunda baxsınlar. Çünki Füzulidə işə obyektiv baxmırlar”.

Bunu Füzuli rayonunun Kərimbəyli kənd sakini Valeh Şahverdiyev deyir. “Yeni Müsavat”a müraciət edən V.Şahverdiyev qızının özünü asması, intihar etməsi ilə bağlı istintaqın qənaətinə inanmadığını bildirib.

Fikrini belə əsaslandırıb ki, qızının özünü öldürməsi üçün heç bir əsası olmayıb: “Qızım riyaziyyat müəlliməsi idi. Aylıq gəliri min manatı aşırdı. 1 il əvvəl özünə maşın da almışdı. Ölümündən 2 ay əvvəl gəlin köçmüşdü. Yoldaşı Ruzi Axundov hərbçi olduğundan Horadizdə onun kirayə tutduğu evdə yaşayırdılar. Hadisə olan gün Ruzi işdən icazə alıb və qızımın işlədiyi məktəbə gedib. Oradan Afətlə birgə banka gediblər. Bankda sistem işləmədiyinə görə Afət hesabından pul çıxara bilməyib. Birgə evə qayıdıblar, 15 dəqiqə sonra isə Ruzi qonşuya gedib deyib ki, Afət özünü asıb, kömək edin. Mən onun bu hərəkətlərini işi əvvəlcədən planlaşdırması kimi başa düşürəm. Ruzinin çoxlu borcu olub. Onun iş yerində adam ölüb, həmin ölüm işi ilə bağlı onun çoxlu borcu yaranıb. Afətdən də tələb edirdi ki, maşını satıb pulunu ona versin. Afət də deyird ki, sən də 1000 manat alırsan, mən də, get borcunu ver. Deyirmiş ki, ya maşın, ya da mən. Buna görə də arada mübahisə olub. Həmin gün yarım litr tut arağı içib və Afəti vurub. Afətin 45, onun 90 kilo çəkisi var. Necə ola bilər ki, Afət özünü asıb, bunun da onu ipdən açmağa gücü çatmayıb?”

Valeh Şahverdiyev deyir ki, hadisədən sonra qızının meyitinə baxış keçiriblər: “Ekspertiza oldu. Ekspert kiminləsə danışdı, dedi ki, sınıqlar var. Məndən Afətlə Ruzinin münasibətləri haqda soruşdu. Belə başa düşdüm ki, ekspert həmin sınıqların qızıma Ruzi tərəfindən yetirildiyini müəyyən edib. 2 aydır ki, biz ekspertin rəyini tələb edirik, deyirlər ki, rəy hazır deyil. Axı ekspertin rəyi 1 aya hazır olur, qızımın işində isə rəyi gizlədirlər. Heç bizi dindirən də olmayıb. Ruzini də iş üzrə şahid kimi çağırıb dindirib, yola salıblar. Həbs də etmədilər. Hadisədən 1 gün sonra prokuror istirahətə getdi. Yəni işi araşdırmırlar. Qızımın burnu sınıb, ciyəri, böyrəyi zədələnib, hər iki ayağında, bədənində xəsarət vardı. Prokuror istəyirdi ki, tez-tələsik dəfn olunsun. Mən o uşağı zülmlə böyütmüşdüm. Qızın bədənində salamat yer yox idi. İş yerində hamı qızımın başına and içirdi. 30 şagirdi hazırlaşdırırdı. 1 günün içində qızımı öldürdülər, işə baxan da yoxdur”.

A.Şahverdiyevanın dayısı qızı Mələk Abbasova deyir ki, qohumunun qanı batırılır: “Dayım Bakıya gedib-gəlməkdən yorulub. Söz verirlər, amma işi araşdıran yoxdur. Artıq 2 aydır ki, ekspertin rəyini gizlədirlər. Hadisənin şahidləri də var. Həmin gün Ruzi ilə Afət bankdan evə gəliblər. 15 dəqiqə sonra bu hadisə baş verib. Afətin bədəni başdan-ayağa gömgöy idi. Vurub öldürüb, iz itirmək üçün asıb. Afət həyat dolu qız idi. Biz bilirik ki, pula görə mübahisə düşüb. Vurub, boynu qırılıb. Ruzi deyir ki, guya o, Afətə deyib ki, get çay gətir, sonra özü də onun ardınca gedib və görüb ki, özünü asıb. Bundan sonra da gedib qonşudan kömək çağırıb. Əslində isə Ruzi cüssəlidir, o, Afəti bir əli ilə ipdən aça bilərdi. Adam çağırıb ki, şahidi olsun. Tələb edirik ki, cinayət işini Füzulidən alıb Respublika Prokurorluğunda araşdırsınlar”.

Qeyd edək ki, dəhşətli olay 2019-cu il fevralın 8-də baş verib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.