ABŞ-ın Azərbaycan müxalifətindən məsafə saxlamasının ilginc səbəbləri
23-11-2019, 08:55
ABŞ-ın müxalifətlə əməkdaşlıqda tərəddüd yaradan ən böyük amil islahatlar və onun uğurlu nəticəsinə olan inamdır” - politoloq
ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger facebook-da diplomatik missiyanın səhifəsində canlı yayında sualları cavablandırarkən bildirib ki, ABŞ dünyanın müxtəlif ölkələrində demokratiya və qanunun aliliyinin təmin edilməsinə, demokratik dəyərlərin təşviqinə yardım etmək istəyir. Bu mesajın Azərbaycan hökumətinə və Azərbaycan vətəndaşlarına çatdırılmasının müxtəlif yolları var: “Biz bu yaxınlarda etdiyimiz kimi, lazım duyulan məqamda ictimaiyyət üçün bir bəyanatla çıxış da edə bilərik. Lakin elə məqamlar da ola bilər ki, öz ismarışlarımızı daha özəl şəraitdə çatdırmağa üstünlük verək”.
Qeyd edək ki, bir zamanlar ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifətlə daha yaxın, sıx təmaslarda olurdu, nəinki iqtidarla. Səfirin yuxarıdakı sözlərindən isə məlum olur ki, indi daha çox hakimiyyət düşərgəsi ilə görüşlərə, danışıqlara üstünlük verilir.
Ümumiyyətlə, son illərdə müxalifətlə sıx təmaslara, əlaqələrə sanki stop qoyulub. Münasibətlər ən azından əvvəlki kimi sıx deyil. Səbəblər nədir?
Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, bunun bir sıra daxili və xarici səbəbləri ola bilər: “Eyni zamanda, ABŞ-ın ümumilikdə regiona dair siyasətindən qaynaqlanan amillərin olması ehtimalını da nəzərdən qaçırmamalıyıq. Gördüyümüz kimi Tramp adminstrasiyası Obama adminstrasiyasından fərqli xarici siyasət yeridir və bu, özünü dünyanın bir çox regionlarında, o cümlədən Azərbaycanda göstərir. ABŞ-ın Azərbaycan siyasətinə fövqəldövlətin Rusiya, Türkiyə, İranla olan münasibətləri birbaşa təsir edir. Bundan başqa, dünya neft bazarında olan vəziyyət, insan haqları və demokratiyaya diqqət, təhlükəsizlik və s. ABŞ-Azərbaycan münasibətlərini şərtləndirən amillər sırasına daxildir. Obama adminstrasiyası dövründə Azərbaycan insan haqlarının vəziyyətinə görə tənqid edilirdi. Eyni zamanda, İranla münasibətlərin yaxşılaşması, nüvə razılaşmasına dair İranla Altılıq ölkələri arasında sazişin imzalanması və s. Azərbaycana münasibətdə ABŞ-ı daha özgüvənli, az asılı etmişdi. Buna görə də, ABŞ səfiri Azərbaycan iqtidarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirdiyi fəaliyyətlərə yol verir, insan haqları və demokratiya məsələlərini qabardırdı. İranla əlaqələrin normallaşması Azərbaycanın ABŞ üçün geosiyasi əhəmiyyətini arxa plana keçirmişdi. Eyni zamanda, bu, ABŞ Administrasiyasındakı Demokratlar iqtidarının dünya işlərinə ekspansionist müdaxiləsi fonunda başa verirdi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra Obama administrasiyasının xarici siyasət kursunu tənqid atəşinə məruz qoyaraq, təkcə Yaxın Şərqdə sərf olunan 8 trilyonun müqabilində heç bir nailiyyətin olmadığını etiraf etdi. Xarici siyasətə geosiyasi maraqlar nöqteyi-nəzərdən deyil, geobiznes maraqlarından yanaşan Tramp ABŞ-ın o regionlara marağının xarici siyasət prioritetinə çevriləcəyini bəyan etdi ki, orada ilk növbədə ABŞ-ın iqtisadi-ticarət maraqları olsun”.
Politoloqun sözlərinə görə, bununla yanaşı, ABŞ Administrasiyası insan haqları və demokratiya adı altında regiona müdaxiləni əsassız sayaraq, QHT-lərlə, vətəndaş cəmiyyəti və müxalifət partiyaları ilə əlaqələri səngitdi. Azərbaycanda bəzi müxalif siyasi partiyalarla hakimiyyət arasında dialoqun yumşalması, xaricdən qeyri-hökumət sektoruna gələn qrantların məhdudlaşdırılması və iqtidarın özünün bu məsələdə nəzarət mexanizmlərini tənzimləməsi müxalifətə ötürülən maliyyənin xeyli dərəcədə qarşısını aldı: “Habelə, Azərbaycan ABŞ-ın dəstəyi ilə Cənub Qaz Dəhlizini reallaşdırmaqla, Avropanın təbii qaz ilə təchiz olunmasında iştirak edərək, Avropanın Rusiyadan qaz asılılığını müəyyən qədər azaltdı. Tramp Administrasiyasının daha çox Ukraynaya diqqət göstərməsi, İranla gərginləşən münaqişə fonunda Azərbaycana ehtiyacın artması, Trampla Putin arasında yaxınlaşma nəticəsində ABŞ administrasiyasının Cənubi Qafqazı Rusiyanın nüfuz dairəsi olaraq qəbul etməsi ABŞ-ın müxalifətlə dialoqunu mənasız məşğuliyyətə çevirərək, iqtidara təzyiq vasitəsi kimi daxili müxalif qruplarla sıx təmaslardan yayınmasına səbəb oldu. Tramp Adminstrasiyası regiona demokratiya tələbi ilə deyil, silah satışı təklifləri ilə gəldi”.
Ekspert onu da dedi ki, müxalif qruplar arasında olan qarşılıqlı ittihamlar, o cümlədən müxtəlif xarici mərkəzlərə işləmək iddiaları ABŞ səfirliyinin müəyyən qədər şübhəli əlaqələrdə adının hallanmaması üçün proseslərdən kənarda qalmaq taktikasına üstünlük verməsinə səbəb ola bilər: “Eyni zamanda, Ermənistanda Paşinyanın ABŞ-dakı bəzi güc mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gəlməsi fonunda ABŞ-ın regiondakı dayaq məntəqəsini Ermənistana transfer etməsinə də səbəb ola bilər ki, bu da Azərbaycanın ABŞ qərarqəbuletmə mərkəzlərində ikinci dərəcəli, qeyri-prioritet ölkə statusu cizildiyi ehtimalı yaradır.
Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyalarına müəyyən təkan verən ABŞ səfirliyi Azərbaycanda etiraz aksiyalarında baş verənləri qətiyyətlə pisləsə də, lakin diplomatlarının dinlənilməsi ətrafında qalmaqal yaratmaqda maraqlı görünmədi. Bununla da, Azərbaycan iqtidarı ilə münasibətləri qorumağa daha çox üstünlük verdiyini, qalmaqaldansa neytral qalmaqda daha çox maraqlı olduğunu nümayiş etdirdi".
N.Məmmədova vurğuladı ki, İran, Ukrayna, Yaxın Şərq, Uzaq Şərq, Latın Amerikası və. s. bölgələrdə Rusiya ilə toqquşan ABŞ Cənubi Qafqazda Rusiya ilə yeni toqquşma məkanında üz-üzə gələrək Azərbaycan iqtidarını daha artıq Rusiyanın ağuşuna itələmək istəmədi. Eyni zamanda, hakimiyyətin sosial və kadr islahatları həyata keçirməsi, siyasi məhbus sayılan şəxslərin əfv fərmanı ilə azadlığa buraxılması, hakimiyyətdə təmsil olunan bir sıra köhnələrin iqtidardan uzaqlaşdırılması, yerinə Qərbdə, o cümlədən, ABŞ-da təhsil almış kadrların yerləşdirilməsi müxalifətin dayaqlarını zəiflədərək, onun iqtidara qarşı arqumentlərini əlindən aldı: “Ermənistandakı rəngli inqilabların nəticəsinin uğursuzluğu ABŞ-ı müxalifət qüvvələri ilə işləyib onları hakimiyyətə gətirmək yerinə, mövcud islahatçı iqtidarla işləməyə vadar etmiş ola bilər. Müxalifət partiyaları liderləri arasında olan dərin ziddiyyətlər, birləşə bilməmək, köhnə ədavətlərin daima xatırlanması, sosial bazanın olmaması, iqtidarın daxili və xarici çağırışlara daha tez və adekvat reaksiyası da həlledici amillərdəndir. ABŞ prezidenti bu ilin may ayında prezident Əliyevə göndərdiyi məktublarda islahatlara dəstəyini ifadə edərək, onun bütün region üçün əhəmiyyət kəsb etdiyini vurğulamışdı. ABŞ-ın müxalifətlə əməkdaşlıqda tərəddüd yaradan ən böyük amil islahatlar və onun uğurlu nəticəsinə olan inamdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”