Telefondakı “qocaldan” proqram şəxsi məlumatları oğurlayır

4-12-2019, 08:30           
Telefondakı “qocaldan” proqram şəxsi məlumatları oğurlayır
FBİ-nin yaydığı məlumat nə dərəcədə həqiqətdir?
Federal Təhqiqat Bürosu (FBI) bildirib ki, Rusiyada yaradılan “FaceApp” proqramı potensial əks-kəşfiyyat təhlükəsi yaradır. FBİ hesab edir ki, bu proqramdan istifadə edən insanların şəxsi məlumatları saxlanılır. Öncə məlumat verək ki, bu proqram son zamanlar sosial şəbəkələrdə geniş yayılıb. İnsanlar proqramdan istifadə etməklə bir neçə saniyə içərisində vizual olaraq üzlərini dəyişib özlərini gəncləşdirə və ya qocalda bilirlər. Proqramdan istənilən təbəqə, o cümlədən də ictimaiyyətdə tanınan insanlar istifadə edirlər. Bu proqram dünyada və Azərbaycanda yayğındır. Daha əvvəl “FaceApp” istifadəçilərə rəngarəng və müxtəlif saç kəsimlərini sınaqdan keçirmək və ya özlərinin əks cins variantlarına baxmaq fürsəti yaradırdı. 2019-cu ildən isə proqrama qocaltma və gəncləşdirmə funksiyaları da əlavə edilib.

Neyron şəbəkələr bazasında çalışan bu proqramı Rusiyanın “Wireless Lab” şirkəti hazırlayıb. Proqramın əsasını neyroşəbəkə təşkil edir. O, gənc və yaşlı insanlara aid milyonlarla şəkli yoxlayaraq onların bir-birindən nə ilə fərqləndiyini müəyyənləşdirir. “İnternyus-Ukrayna” təşkilatının nəzdindəki DSS380 Rəqəmsal Təhlükəsizlik Məktəbinin eksperti Pavel Belousov BBC-nin Ukrayna xidmətinə açıqlamasında bildirib ki, proqram həmin fərqlərə əsasən insanların şəklinə qırışlar və ağ saçlar əlavə etməyi öyrənib: “Çox real görüntülər yaranır, populyarlığın səbəbi budur. Proqram insanları əyləndirir, qocalıqda necə görünəcəklərini bilmək fürsəti yaradır. Ona görə də milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edib”.

FBİ-nin son açıqlamasında gəlincə isə “BBC Azərbaycanca” mövzu ilə bağlı yazıb ki, bu, ABŞ Senatoru Kuk Sumerin bu tətbiqetməni araşdırmaq tapşırığına cavabda verilib.

Federal Təhqiqat Bürosunun bu açıqlamaları ABŞ-ın, xarici texnologiya şirkətlərinin məhsullarının təhlükəsizlik üçün risk yarada biləcəyi barədə narahatlığının artması ərəfəsində verilib.

Agentlik Sumerə məktubunda deyir ki, “FaceApp” kimi Rusiyada hazırlanmış hər hansı oxşar mobil tətbiqetməni və ya məhsulu potensial əks-kəşfiyyat təhdidi hesab edir. Büro istifadəçilərin fotoşəkillərini daha yaşlı və ya gənc görünmələri üçün dəyişdirən tətbiqetmənin xarici siyasi müdaxiləsinə dair hər hansı sübut tapacağı halda hərəkətə keçəcəyini bildirib.

Təqibetməni hazırlayan “Wireless Lab” şirkəti açıqlama verib ki, onlar şəkilləri yaddaşda həmişəlik saxlamır və çox sayda məlumat toplamırlar - yalnız istifadəçi tərəfindən redaktə üçün seçilən şəkilləri yükləyirlər.

Kuk Sumer 2019-cu ilin iyul ayında “FaceApp” tətbiqetməsinin “milli təhlükəsizlik və milyonlarla ABŞ vətəndaşının məxfiliyinə risk” yaratmaq narahatlığı ilə bu proqramın araşdırılmasını istəmişdi.

Həqiqətən də proqram təhlükəlidir, yoxsa ABŞ-Rusiya arasında texnologiya savaşının bir hissəsidir?

Məlumat üçün bildirək ki, ötən ay Rusiyada avtonom internetlə bağlı qanun qüvvəyə minib. Hakimiyyət nümayəndələri bunun qlobal şəbəkədə əlaqə kəsiləcəyi hallarda Rusiya seqmentinin stabil işini təmin etmək məqsədi güddüyünü bildirirlər. Qanuna görə, trafikin yönləndirilməsi elə şəkil almalıdır ki, xaricə göndərilən informasiyaların həcmi azalsın. Hakimiyyət ümid edir ki, bu, Rusiyanın hipotetik olaraq internetsiz qaldığı vəziyyətdə dövlət saytları kimi xüsusi vacib xidmətlər öz fəaliyyətini davam etdirəcək. Qanun rabitə operatorlarının üzərinə şəbəkələri təhlükələrə qarşı texniki vasitələrlə təmin etmək öhdəliyi qoyur - bu vasitələr trafiki filtrləməyə və qadağan olunmuş saytlara girişi məhdudlaşdırmağa imkan verəcək. Lakin ekspertlər bunu tez bir zamanda mümkün saymırlar. Bildirilir ki, bunun üçün böyük vəsait və mütəxəssis lazımdır ki, Rusiya bunları təmin etməyib.

FBİ-nin açıqlaması bu cür informasiyalara cavabdırmı? “Yeni Müsavat” xarici mətbuata istinadən bildirir ki, ekspertlərə görə, bu proqramdan istifadə etməklə kəşfiyyatçılar ötən illərdə başqa bir dövlətə işləyən şəxslərin kimliyini dəqiqləşdirməyə nail olurlar. Bildirilir ki, bu proqram üz tanıma sistemləri üçün baza yaradır və şəxsin gəncliyini, qocalığını qeyd edir. Üz tanıma sistemləri məlumatları saxlamaqla, şəxs haqqında digər informasiyaları da toplaya bilir. Bildirilir ki, İsrail ordusu işğal olunan ərazilərdə fələstinlilər üçün üz tanıma sistemindən istifadə edir. Məlumatlara görə, tətbiqi iki səbəbdən istifadə edirlər. Birincisi, İsrailə işləmək üçün keçən fələstinliləri ayırd etmək, ikincisi isə təhlükəsizlik məsələsi.

Hazırda “FaceApp” həm “AppStore”da, həm də “Google Play”də ən populyar proqramlardan biridir.

Proqramı yükləyənlər “FaceApp”ın istifadəçi sazişinin şərtlərini qəbul etmiş olurlar. Bu şərtlər sayəsində proqram təkcə sizin şəklinizi yox, sizə aid məlumatları da əldə edir. Proqramı yükləyən zaman sizin şəxsi fotolarınıza, telefon nömrələrinizə, telefonunuzun parametrlərinə daxil olmaq üçün icazə istənilir. Bu icazəni vermədən proqramı normal qaydada yükləmək mümkün deyil.

Ekspertlər bildirirlər ki, bu cür proqramlar istər sosial şəbəkə hesabları, istərsə də e-mail vasitəsilə paylaşılan şəkilləri görə bilir. Proqram telefona yüklənirsə və ona bütün icazələr verilirsə, o zaman yeni çəkilən fotoya belə proqramın nəzarəti mümkün olur. Ekspertlər tövsiyə edirlər ki, kompüter və telefonunuza lazım olmayan bu kimi tətbiqləri yükləmək məsləhət deyil. Bildirilir ki, bu gün olmasa belə proqramın bazasından illər sonra istifadə edilib-edilməyəcəyi kimsəyə məlum deyil...

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.