Körpələrimizi bizdən “oğurlayırlar” – SOS

24-02-2020, 11:58           
Körpələrimizi bizdən “oğurlayırlar” – SOS
Ananızın südü sizə haram olar, onlara qıymayın

Yəni ölkədə sağlamlıq məsələləri nə qədər gözardı edilib ki, bu gün nəticədə ana südünün körpələrə qaytarılması üçün kampaniya belə, başladılıb. İlin-günün bu vaxtında, dünya təbiətə, təbii məhsullara qayıdış mərhələsində olduğu bir müddətdə, Azərbaycanda süniliyə meyl, sövq artıb.


Pediatr Aytən İsmayılzadənin başlatdığı bu kampaniyada, hətta ölkə rəhbərliyinə müraciət də var. Süni qidaların alış-verişi baş alıb gedir, doğum evlərində, nəzarətsiz bazarda göstəriş oldu-olmadı, körpələr ana südünə həsrət qoyulur... Bəli, qəsdlə yaradılan HƏSRƏT. Faciə -güdülən şəxsi maraqlar, insan həyatının heçə sayılması, süni körpə qidaları üzərindəki monopoliya, həkimlərin səriştəsizliyi, bivecliyi, valideynlərin hər “tövsiyə” ilə kor-koranə razılaşması, qəsdlə maarifləndirmə işlərinin aparılmamasıdır.

Məsələnin başqa tərəfləri də gənc anaların xarici görünüşünə düşkünlüyü, guya süd verməklə görkəmini korlayacaqmış kimi cılız düşüncələrin mövsud olmasıdır. Soruşursan ki, “süd verirsiz”, həmin anda qadının ardı-arası kəsilməyən bəhanələri gəlir. Bu pisliyi həm özünə, həm körpəsinə edən anaların sayını artıran cəmiyyət hara gedir? Tarixən qadınların ana südü hesabına övladına bəri başdan sağlamlıq qarantı olduğunu bilən yoxdur. Ölkədə süd verməyən anaların saysız dərdləri isə göz qabağındadır. Dünya oniliklərdir, ana südü bankları belə, formalaşdırır ki, təbii südsüz körpə qalmasın, bizdə həkimə bankdan söhbət açanda bank kreditlərindən şikayətlənir.

Bölgələrimizdən birində işləyən pediatr Lalə E.Nəzərovanı paytaxtdan baş götürüb getməyə həmin bu səbəblər vadar edib. Pediatr xanım söhbətimiz zamanı deyir ki, xüsusən Bakının özəl xəstəxanalarında körpə qənimi kəsilən “canavarlar” var, fəaliyyəti müddətincə daim mübahisələr içində olub. Körpələrə yersiz dərman təyinatları, ana və körpələrə vurulan zərbələr.

Lalə həkimin dediklərindən: “Hardan başlayır bu? Bəzi hamilələrin göstəriş olmadığı halda körpəsi qeysəriyyə yolu ilə dünyaya gəlir. Sözsüz, burada qadınların istəyi də böyük rol oynayır. Hətta məsləhət verdiyim xanımlardan “pulum var, etdirirəm də” cavabını da alıram. Öz sağlamlıq hüquqlarını bilməyən və bilmək istəməyən birilərinə nə etmək olar axı?! Halbuki qeysəriyyə əməliyyatından (təmsil etdiyim xəstəxanada son 3 ayda 611 təbii doğuş və 137 qeysəriyyə olub, əlbəttə ki, çox halda qeysəriyyə sayı gizlədilir) sonra analarda yaranan psixozlar, depressiv hallar, fiziki ağrılar, ağırlıq qaldırmaq qadağası səbəbi ananı körpədən uzaqlaşdırır. Körpə anadan uzaq qalır deyə, körpələrin süni qidaya keçməsinə başlanılır. Bu, əslində bəzi tibbi personala göydən düşmə fürsət olur. Az sonra bəzi anların körpəyə yaxınlaşma, süd vermə cəhdləri boşa gedir. Çünki körpələrdə çənə əzələsi işlək olmur, əmmək refleksi formalaşmır. Ana sudü ana ilə körpənin arasında ilkin görüş, bağ yaradır. Amma körpənin ana ilə ilk təması olmadığından, bu, sonrakı davranışlara da təsir edir. Körpələrə ana südü verilmədikdə, körplərdə ilk 3-6 ay ərzində dərmanlarla müalicənin də effekti olmur, uşaqlarda narahatçılıq, yuxu pozğunluğu yaranır. Bu da yenə ana sağlamlığına təsir edən amildir. Guya, ana südündə hansısa infeksiyalar tapırlar, bu səbəbdən körpəyə süni qida təyin edirlər. Yalandır! Nəticədə anada laktasiya pozulur, döşündə mastitlər olur. Saysız pasiyentlər bu problemlə yaxınlaşır, ana südünə qənim kəsilənlərin ucbatından saysız sağlamlıq problemləri ortaya çıxır. Arzuolunan və arzuolunmayan hamiləlik, doğuş, körpə və ana sağlamlığı bu günün ən ciddi məsələləri olmalıdır. Uşaqların istənilərək dünyaya gətirilməsi çox vacibdir. Müvafiq qanun olsa, qeysəriyyə ilə bağlı əməliyyatlara da nəzarət olar”.

Əslində, həkimin qeyd etdikləri hər gün üzləşdiyimiz mənzərədir. Vicdanlı həkimlərin bu proseslərin içində olması da başqa məsələdir. Ana südünə qənim kəsilməklə kimlərinsə cibi dolur, kimlərsə qazandığı haram çörəyi dişləyib həzm etməkdən ləzzət alır. Bizim günümüz- güzəranımız öz vətəndaşına, insanına düşmən kəsilənlərin və onların havadarlarının meydanda “at oynatması” səbəbindən pisləşib, lap da pisləşməyə doğru gedir.

Bu yaxında bir həmkarımla söhbət edərkən, o da birinci övladını dünyaya gətirəndə doğum evində başına açılan oyunlardan danışıb. Təbii doğuşla körpəsi doğulsa da, anaya göstərilməyən körpənin aqibəti suallar doğurub. Mənəvi və psixoloji zərər çəkən, hələ analığı yenicə dadan, öz hüquqlarını gözəl bilən təhsilli qadın bu vəziyyətdə çarəsiz qalıb. Körpəni müxtəlif səbəblərlə anaya göstərməyib, iki gündən sonra övladı ilə görüşən ana südünü vermək istəyəndə deyiblər ki, körpəyə artıq süni qida verilir. Maddi imkanları az olan ana, təbii süd ilə qidalandırmanın daha sağlam və ailə büdcəsi üçün münasib olduğunu gözəl bilirdi. Təəssüf ki, yüzlərlə ananın başına açılan oyun ondan da yan keçməyib. Bir müddət sönra döşündə süd toplanmasından özündə ciddi problemlər başlayıb və nə yaxşı ki, növbəti doğuşda qarşısına əmizdirmə məsləhətçisi, bu sahə üzrə beynəlxalq mütəxəssis Səltənət Zülfüqarova çıxıb.

Səltənət xanım illərdir, ölkədə ana südünün təbliği sahəsində işlər görən, kitablar yazan biridir. Onun vib.az (very important baby) adlı saytından hər gənc anaya, qadına lazımi tövsiyələr, məsləhətlər almaq olar. Mütəxəssisin vacib qeydlərini paylaşmadan olmaz:

“Bəzi parametrlərinə görə döşləri də reproduktiv orqanlardan biri hesab etmək olar. Ən azından dünyaya gələn köprənin tələf olmaması üçün əsrlər boyu, məhz döşlər qida mənbəyi olaraq hələ də aktuallığını itirmir. Laktasiyanın isə ayrılıqda bədəndə gedən bir proses kimi sözsüz ki, reproduktiv sağlamlığa birbaşa təsiri var. İlk növbədə əmizdirmə dövründə müəyyən şərtlər daxilində qadının erkən təkrar hamiləlik ehtimalı qat-qat azalır. Mənim təcürbəmdə müşahidə etdiyim analar arasında, hətta əmizdirdiyi 2 il ərzində ümumiyyətlə aybaşı görməyənlər olub. Əsasən də qadınların əmizdirdikləri dövrdə menstruasiyalarının qayıtması doğuşdan sonra 3, 6 ay və ya 1 ilin tamamında müşahidə oluna bilir.

Heç kimə sirr deyil ki, laktasiya edən qadının bədənində hormonal durum qeyri-əmizdirəndən xeyli fərqlidir və bu durum qadın sağlamlığına müsbət təsir edir. World Cancer Research Found (Dünya Xərçəng Araşdırması Fondu) qeyd edir ki, əmizdirmə özü-özlüyündə nəinki döş, hətta yumurtalıq xərçənginin də ciddi profilaktikası hesab oluna bilər. Sözsüz ki, bunun üçün daha geniş və dərin araşdırmalara ehtiyac var. Ümumən qadınlar arasında dünya miqyasında reproduktiv orqanların xərçəngi ildən-ilə artım tendensiyası ilə özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada qadınların xərçəngdən ölüm səbəbinin 15%-i məhz döş xərçənginin payına düşür. Digər mənbələrdə isə qeyd olunur ki, əmizdirmə səbəbiylə ildə 20 min nəfər qadının həyatını qurtarmaq və daha 20 minini döş xərçəngindən profilaktika etmək olar.

Ölkədə, statistikaya görə, qadınlar arasında ən geniş yayılan xərçəng məhz döş xərçəngidir. Araşdırmaların nəticəsində qeyd edilir ki, istər birbaşa döşdən, istərsə də sağılmış südü ilə körpəsini qidalandıran ana laktasiya etdiyi hər il üçün özünün döş xərçəngi riskini 4.3% azalda bilir. “MD Anderson Cancer” mərkəzinin məlumatına görə, 13 aydan çox əmizdirən ana 7 ay əmizdirən ana ilə müqayisədə yumurtalıq xərçəngi riskini 63% azaltmağa nail ola bilir. Ana südü sahəsində araşdırmaçı və ana südü məsələlərində dəstək göstərən biri kimi qeyd etməliyəm ki, qadınların reproduktiv sağlamlığında böyük dəyişikliklər və islahatlar aparılarkən, laktasiyanın rolu mütləq şəkildə nəzərə alınmalıdır və bu imkanlardan maksimal istifadə edilməlidir. Ən azından yuxarıdakı rəqəmlər kifayət qədər təsirlidir”.

Səltənət Zülfuqarovanın maraqlı araşıdrma məqalələri saysızdır. Təəssüf ki, təkcə bu sahədə çalışan bir qrup həkimimiz bu məlumatlardan yararlanaraq pasiyentlərinə, hətta onların ailə üzvlərinə məlumat verə bilərlər. Axı, qeyd olunan məqamlar hər bir ailə üçün dərs, gərəkli proqnoz, vacib təlimat ola bilər.

P.S. Bizim bəzi ailələrdə “körpə ilə ancaq ana məşğul olmalıdır” tendensiyası var. Bəzən ağlayan körpəni götürən ataya, anaya “uşaq qucağa öyrəşəcək” kimi gərəksiz məsləhətlər verilir. Vib.az səhifəsində maraqlı məlumat gördüm: “Kanada xəstəxanalarından birinə körpələri qucaqlamaqla və qucaqda saxlamaqla məşğul olacaq könüllülər qəbul edirlər. Hələ bu fəaliyyətə "Baby Cuddler Program" adı da qoyublar. Qucaqlanan körpələr daha çox erkən doğulanlardır. Körpələrin, xüsusən erkən doğulanların qucaqlanmasının faydaları haqqında külli sayda araşdırmalar mövcuddur”.ayna.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.