Maliyyə Nazirliyi və Mərkəzi Bank nədən "hədəf"-ə gəldi
4-02-2016, 10:17
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilməsi ilə Maliyyə Nazirliyi və Mərkəzi Bankın önəmli səlahiyyətləri əlindən alınıb. Bu səlahiyyətlər üçüncü şəxsə - yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Bunu prezident İlham Əliyevin son fərmanlarını istiqlal.az-a şərh edən hakimiyyətdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu struktur islahatı ölkənin maliyyə sektorunu tənzimləyən 2 dövlət təsisatı - Maliyyə Nazirliyi və Mərkəzi Bankın arasındakı anormal rəqabət mühitini aradan qaldırmaq və maliyyə sistemini sağlamlaşdırmaq üçün həyata keçirilib: bu iki təsisat arasında nüfuz savaşı ölkənin maliyyə sisteminə ciddi zərbə vurub. Bir çox hallarda anormal rəqabət mühiti funksional öhdəliklərin icrası ilə yox, təsisatların birinci şəxlərinin ambisiyalarından qaynaqlanıb. Konkret desək, malliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın prezidenti Elman Rüstəmov arasında gedən nüfuz savaşı bir çox hallarda ziyanlı nəticələrə gətirib çıxarıb. Ona görə də, prezidentin fərmanı ilə hər təsisatın önəmli səlahiyyətləri əllərindən alınıb və üçüncü şəxsə həvalə edilib.
Mənbə bildirir ki, bu həm də böhran dövründə maliyyə sistemini sağlamlaşdırmaq və yeni iqtisadi reallıqlardan doğan bir addımdır: "Ölkənin maliyyə bazarının sağlamlaşdırılması, resursların effektiv idarəedilməsi və əlavə maliyyə resurslarının cəlb edilməsi üçün yeni təsisatın yaradılması vacib idi. Bu həm də idarəetmə islahatları və idarəçiliyin sadələşdirilməsi çərçivəsində atılan addımdır. Yaxınlarda zəruri addımlar atılacaq.
Yada salaq ki, ölkə başçısı İlham Əliyevin dünən imzaladığı fərmanla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.
Başqa sözlə, bu adı çəkilən sahənin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bu addımı düzgün hesab edir. Onun fikrincə, Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır. Yeni yaradılan Palata isə ilk publik hüquqi şəxsdir. “Bu qurum ölkənin ilk publik hüquqi şəxsidir. Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq”, – deyə ekspert Fins.az-a bildirib.