Qorbaçov Laçında “Kürdüstan” yaratmaq istəyib?

4-02-2016, 17:04           
Qorbaçov Laçında “Kürdüstan” yaratmaq istəyib?
Yuxarı Qarabağ və ətraf bölgələrin işğalından sonra, demək olar ki, hər il PKK terrorçularının həmin ərazilərə, xüsusən Laçın bölgəsinə transformasiya olunması barədə informasiyalar yayılmaqdadır. Bu günlərdə Türkiyə politoloqlarından biri bu mövzuda daha bir açıqlama verdi: “...İddialara görə, PKK mərkəz olaraq Azərbaycanın işğal olunmuş Laçın şəhərini seçib. Məqsəd Laçın dəhlizindən istifadə edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərməkdir...”.

Sovet kəşfiyyatçılarının rəhbərliyi ilə “kürd təşkilatı” yaradılır...

Hələ 1988-1991-ci illərdə hazırda işğal altında olan və əhalisinin yalnız 2 faizini Azərbaycan türkləri ilə birgə heç bir problem olmadan yaşayan, qohumlaşan kürd millətinin nümayəndələrinin təşkil etdiyi Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan ərazilərində “Kürdüstan Muxtariyyəti” yaratmaq istəyən xain güclər olub. Moskva və İrəvan tərəfindən planlaşdırılan “Kürd Respublikası”nın yaradılması ideyası, 1920-ci illərdə bolşeviklər tərəfindən qondarılmış “Qırmızı Kürdüstan”ın mahiyyətcə davamıdır. Lakin həmin ideyanı həyata keçirmək üçün Kreml bu dəfə sırf terrorçu PKK-dan yox, ictimai-siyasi təşkilat qılafına bürünmüş separatçı təşkilatlardan yararlanmağa cəhd etmişdi. 1980-ci illərin sonundan SSRİ-ni çökürtmək məqsədi ilə etnik münaqişələri qızışdıran Qərb kəşfiyyatı və sovet “KQB”sinin ələ alınmış agenturasının dəstəyi ilə “Yakbun”(kürdcə “birlik”) Ümumittifaq Kürd Assosiasiyası yaradılır. 1991-ci ildə rəsmi qeydiyyatdan keçən qurumun başına əslən Ermənistanın Vedi rayonundan olan sovet kəşfiyyatçısı, uzun illər Azərbaycanda işləmiş Mamed Babayev qoyulur. Onun müavini isə Qırğızıstanda “KQB” əməkdaşı kimi yetişmiş, Naxçıvanda və Şirvanda (keçmiş Əli Bayramlı) daxili orqanlarda mühüm vəzifələrdə çalışmış Vəkil Mustafayev təyin olunur. Bu, həmin V.Mustafayevdir ki, 1992-ci ilin iyununda ermənilərin işğal etdiyi Laçın şəhərində İrəvandan gətirilmiş 30-40 nəfərin iştirakıyla qondarma "Qafqaz Kürdüstanı"nı elan edir və özü də "baş nazir" olur. Sonradan özünü “Kürd Azadlıq Hərəkatı” və “Qafqaz Kürdüstanı”nın lideri elan edən V.Mustafayev separatçı fəaliyyətini bu gün də davam etdirir. O, 2014-cü ilin yayında Azərbaycanda yaşayan kürdlərə müraciət edərək, onları ermənilərin himayəsi altında “Kürdüstan” yaratmaq üçün Laçına getməyə çağırmışdı...

SSRİ-ni “Laçın tələsi” dağıdıb?

V.Mustafayev kurdistan.ru saytında dərc edilmiş “Laçın tələsi” adlı yazısında öz çirkin fəaliyyətinin bir sıra diqqətəlayiq məqamlarını açıqlayır. O, hesab edir ki, nəinki Azərbaycan və Ermənistan xalqlarının qətllərə, didərginliyə və s. zülmlərə düçar olmasında, eləcə də, bütövlükdə SSRİ-nin dağılmasında “Laçın tələsi”nin böyük rolu olmuşdur. Bəs onun anladığı “Laçın tələsi” nə deməkdir? V.Mustafayev yazır: “Qırmızı Kürdüstanın paytaxtı olaraq Laçın nəinki tələyə, eyni zamanda, erməni və azərbaycanlıların boynunda ölümcül ilgəyə çevrilmişdi. 1987-ci ilin sonunda Dağlıq Qarabağ erməniləri müstəqillik və Ermənistana birləşdirilmələri barədə SSRİ rəhbərliyinə müraciət etmişdilər. Buna cavab olaraq Azərbaycan hakimiyyəti sovet ordusunun köməyi ilə Qarabağla Ermənistanı birləşdirən Laçın yolunu bağlayaraq və hər tərəfdən əhatəyə almaqla erməni ekstremistlərinin “təmizlənməsinə” başladı”. Mühasirədə qalan Qarabağ ermənilərinə ərzaq və dərman çatdırılan humanitar dəhliz onlar üçün ölüm tələsinə çevrildi. Və bu, düz 1992-ci ilin mayınadək davam etdi.



Qorbaçov Azərbaycana “Kürdüstan”ın bərpası üçün göstəriş verib?

SSRİ rəhbəri M.Qorbaçov Ermənistan və Qarabağ arasındakı Qırmızı Kürdüstanın bərpası barədə qərar verməyə məcbur oldu. Yalnız Kürdüstan Ermənistan və Qarabağı ayıran yolu - Laçın yolunu aça və bütün SSRİ üçün gözlənilən faciənin qarşısını ala bilərdi. 1991-ci ilin mayında Qorbaçov Azərbaycana 1931-ci ildə Stalin tərəfindən ləğv edilmiş Qırmızı Kürdüstanı bərpa etmək göstərişi verdi. Bizə - “Yakbun” rəhbərlərinə isə kürd əhalisini Azərbaycanın tərkibində muxtariyyət elan edilməsinə hazırlamaq tapşırığı verdilər”. Vəkil Mustafayev bu arada o dövrdə kürdlərin A.Öcalanın rəhbərliyi ilə Türkiyədə, Məsud Bərzaninin başçılığıyla isə İraqda “qəhrəman azadlıq müharibəsi aparmalarından” şövqlə bəhs edir.
“Qobl planı” və “Qırmızı Kürdüstan”...
V.Mustafayevin sözlərinə görə, “Türkiyə üçün ölümcül təhlükə olan Qırmızı Kürdüstan”ın bərpasının qarşısını almaq üçün o zamankı Türkiyə Prezidenti Süleyman Dəmirəl məşhur Amerika strateqi Pol Qoblu Ankaraya dəvət edir. “Onlar “Qobl planı” adlanan məkrli bir plan hazırlayırlar. Plana əsasən, Azərbaycan Kürdüstanı parçalamaq və ümumiyyətlə, kürd muxtariyyəti məsələsini gündəlikdən çıxarmaq üçün erməniləri müharibəyə təhrik edərək qala-şəhər Laçını onlara verməli idi. Sonra isə dünya ictimaiyyətinin təzyiqi ilə Laçınla erməni Mehrisini dəyişmək və bununla da Ermənistanı Qarabağla, Azərbaycanı da Naxçıvan və təbii ki, Türkiyə ilə birləşdirmək planlaşdırılırdı. Bu, bir növ “Böyük Turan”ın bərpası olmalı idi... Nəticədə, Ermənistan İranla sərhəddən məhrum olaraq Azərbaycan, Türkiyə və ona düşmən olan Gürcüstanın mühasirəsində qalmalı idi. Bu “humanist” plan nəinki ermənilər, kürdlər üçün də ölümcül təhlükə idi. O zaman biz bu plandan xəbərsiz idik...”.

“Mütəllibovun adamları” Vəkil Mustafayevdən nə xahiş ediblər?

Separatçı V.Mustafayev 1992-ci ilin mayında guya Ayaz Mütəllibovun müavini hansısa Mamedovla görüşdüyünü də iddia edir: “1992-ci il mayın əvvəlində mənim yanıma Azərbaycan Prezidenti Ayaz Mütəllibovun müavini Mamedov gəldi. Onu Azərbaycanın Prezident Administrasiyasından, Müdafiə Nazirliyindən və DTK-sından 4 yoldaş müşayiət edirdi. Onlar Qarabağdan erməniləri qovmaq üçün məndən kürd ordusu yaradaraq ona başçılıq etməyi xahiş etdilər. Buna görə mənə general rütbəsi verməyə də boyun oldular. “Nəyin xatirinə mən kürd cavanlarının həyatını riskə atmalıyam?” - sualıma cavabında onlar: “Siz ki, öz Qırmızı Kürdüstanınızı tələb edirsiniz. Biz də bunu həll edəcəyik”. Cavab verdim ki, öncə siz kürdlərin muxtariyyəti barədə prezident sərəncamı verin. O halda mən kürd ordusu yaradaraq sizin ordu olmadan da Qarabağı ermənilərdən təmizləyəcəm”. (Burada Vəkil Mustafayev öz riyakarlığını özü təsdiqləyir. Məqaləsinin girişində guya Qarabağ ermənilərinin halına yandığı halda, bu dəfə onları təmizləməkdən bəhs edir). Separatçının sözlərinə görə, “Mütəllibovun müavini olan Mamedov” ona belə cavab verib: "Xeyr, siz öncə erməniləri qovun. Sonra biz Kürdüstanı bərpa edərik. Burada V.Mustafayev xalq qəhrəmanı Sultan bəyi də kürdləşdirməyi unutmur: “Onların yalanlarından hiddətlənərək belə cavab verdim: "Mamedov! Mən sizdən ötrü sizlərə inanaraq öz 1920-ci ildə torpaqları ilə birgə Azərbaycanın tərkibinə daxil olan kürd xanı Sultan bəy deyiləm. Onun və xalqının başına nə oyun açdığınızı məndən gözəl bilirsiniz. Sizin vədlərinizə yalnız türk xalqlarının tarixini bilməyən axmaqlar və sadəlövhlər inanar. Rədd olun buradan və axmaqları öz aranızda axtarın!”. Onlar üzr istəyici tonla dedilər: ”Niyə əsəbləşirsiz, Vəkil müəllim? Biz hələ danışarıq və bu məsələni həll edərik”. Sonra avtomobillərinə əyləşərək çıxıb getdilər”.

A.Mütəllibov: ”Qorbaçov mənə Kürdüstanla bağlı heç bir tapşırıq verməyib”

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovla əlaqə saxlayaraq məsələ ilə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, A.Mütəllibov 1992-ci ilin mayında faktiki olaraq Azərbaycana rəhbərlik etməyib. Eks-prezident bildirdi ki, əvvəla, o, Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kürdüstan”la bağlı Qorbaçovdan heç bir tapşırıq almayıb. İkincisi, onun tərəfindən heç kim bu məsələ ilə bağlı kiminləsə danışıqlara göndərilməyib. Üçüncüsü də, prezidentliyi dövründə onun, ümumiyyətlə, müavini olmayıb. Deməli, Mamedov soyadlı müavini də işləməyib. “Laçın tələsi”ndən danışan “kürd lideri”nin yazdıqları isə tamamilə cəfəngiyyatdır...”.

Arif Paşa: “Bölgəyə 200 min kürd köçürtmək istəyirdilər”

1980-ci illərin ortalarından bəri milli-azadlıq hərəkatının və Qarabağ savaşının fəal iştirakçılarından biri, keçmiş Laçın alayının komandiri Arif Paşa PKK-nın Laçına köçəcəyi barədə informasiyaların ciddi oyunlardan xəbər verdiyini söyləyərək, 78 yaşlı Vəkil Mustafayevin son yazılarıyla növbəti sayıqlama keçirdiyini vurğuladı: ”Biz Vəkil kimi Azərbaycanın çörəyini yeyərək, sonra ona dönük çıxmış separatçılarla 1980-ci illərdən bəri mübarizə aparırıq. Onun Qorbaçovun Laçında “Kürdüstan muxtariyyəti” yaratmaq barədə göstəriş verməsi, guya Mütəllibovun adamları ilə görüşməsi barədə dediklərindən məlumatım yoxdur. Ancaq biz hələ 1987-ci ildə Laçında Moskva və İrəvanın fitvasına gedən bir qrup kürd separatçısının guya “Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda yaşayan kürdlərin Ermənistana birləşmək” haqqında SSRİ Ali Soveti sədrinə göndərdikləri müraciətini ələ keçirmisdik. O zaman biz bu iddiaların qarşısını var gücümüzlə aldıq. 1988-ci ildə isə Qazaxıstan, Orta Asiyadan 200 minə yaxın kürdün adıçəkilən bölgələrə köçürülməsi məsələsi də qaldırılmışdı. Təəssüf ki, bu yaramaz işə Kəlbəcər və Laçından bir sıra tanınmış insanlar da qatılmışdı. Bunun da qarşısını ala bildik. Bu gün də bəzi qüvvələr ölkəmizdə separatçıların dayaqlarını gücləndirməklə, gələcəkdə yenidən Azərbaycanı parçalamaq planlarını işə salırlar. Bizlər bu meyillərə qarşı qəti mübarizə aparmalıyıq”.

“Laçın dağlarında 500 əsgər yerləşdirmək kifayətdir ki...”

Azərbaycan nümayəndələri ilə danışıqlardan sonra məsələni “təhlil edən” V.Mustafayev İrəvan getmək qərarına gəlir. O, Ermənistan parlamentinin kürd məsələsi üzrə eksperti Alixane Mame ilə birgə hökumət və parlament rəhbərliyi, eləcə də, Rusiya səfiri ilə görüşür. “Onlar hamısı Qarabağ ermənilərinin taleyindən narahat idilər. Lakin Laçına hücum etməyə qorxurdular. Çünki hesab edirdilər ki, türklərə uçurum üzərindən keçən yeganə dağ yolunu partlatmaq və dağlarda 500 əsgər yerləşdirmək kifayətdir ki, yaxınlaşan erməniləri kəklik kimi biçsinlər. Söhbətlərindən belə başa düşdüm ki, onlar Laçındakı bəzi kürdlərlə gizli əlaqə saxlayırlar. Danışıqlar getdiyini və vəziyyətin dəyişəcəyini söylədilər. Ən əsası o idi ki, ermənilər Kürdüstanı bərpa etmək niyyətində idilər. Bu şərtlə ki, kürdlər iki hissədəki ermənilərin azad əlaqələrinə mane olmayacaqlar. Eyni zamanda, onlar məndən xahiş etdilər ki, mümkün qədər Azərbaycanın kürd ordusu yaratmasına imkan verməməyə çalışım və kürdlərə öz torpaqlarını tərk etməməyi izah edim. Mən isə onlardan aviasiyanın köməyi ilə kürd rayonlarına bu mövzuda vərəqələr yaymağı xahiş etdim ki, birdən onlar mənə inanmazlar”. Sonra Moskvaya dönərək kürdlərlə danışıqlar apardığını söyləyən separatçı yenə də cürbəcür yalanlar uydurmaqla söhbətinə davam edir. Guya yüzlərlə kürd ona söz verir ki, əgər ermənilər Kürdüstanı bərpa edərlərsə, onlar öz ordularında xidmət etməyə gələcəklər...



“Laçında kürd bayrağı qaldırdıq...”

Laçının işğalından sonra V.Mustafayev öz ailəsi ilə birgə İrəvana, oradan da Laçına gəlir. Laçındakı vəziyyətlə tanış olduqdan sonra yenidən İrəvana qayıdır. “İrəvanda mən bütün regionlardakı kürdlərə zəng edərək, kürd ordusunun yaradılması və Kürdüstanın sərhədlərini qorumaq üçün gəncləri Laçına göndərməyi xahiş etdim. Bunu məndən Ermənistan rəhbərliyi də xahiş etmişdi. Nəticədə Laçına Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstandan “Yakbun” nümayəndələri gəldi. Lakin onların arasında hərbi xidmət keçəcək gənclər yox idi...”. Buradan belə nəticəyə gəlmək olur ki, V.Mustafayev kimilərin separatçı siyasətini yalnız Rusiya, Ermənistan və ya Qərb kəşfiyyatı tərəfindən ələ alınmış bir qrup aldanmış şəxs dəstəkləyir. Bütövlükdə kürd xalqının belə tədbirlərdə heç bir rolu olmayıb. “İyunun 9-10-da Laçında təntənəli şəraitdə Qafqaz Kürdüstanının müstəqilliyinin bərpasını elan etdik və kürd bayrağı qaldırdıq. Eyni zamanda, kürdlərin Dağlıq Qarabağ müharibəsində neytral mövqedə olduqlarını bəyan etdik. Bu barədə bütün dünyaya xəbər verildi. Biz ümid edirdik ki, Kürdüstanı elan etdikdən sonra kürd gənclərinin buraya gəlişi tezləşəcək”. Lakin özünün də etiraf etdiyi kimi, separatçının bu ümidi də gerçəkləşmir. Yazır ki, onu xain elan edənlərin ağzını yummaq üçün heç olmasa, Azərbaycan və digər regionlardan 200 müsəlman kürd lazım idi. Lakin Laçındakı 9 iyun tədbirinin videokadrlarından da göründüyü kimi (https://www.youtube.com/watch?v=phrpPBn-PFg ) orada, uzaqbaşı, 30-40 nəfər iştirak edib.
Separatçının Gəncəyə iddiaları, Kəlbəcərin işğalından öncə Ermənistan prezident R.Köçəryanla görüşü barədə növbəti yazılarımızdan birində bəhs edəcəyik, inşallah...

AXC iqtidarı separatçını niyə həbs etdirməyib?

1992-ci ildə buna imkan ola-ola AXC iqtidarı nədənsə, Vəkil Mustafayevi həbs etmir və o, Rusiyaya, oradan da Avropaya gedir. Özünün etiraf etdiyinə görə, 1997-ci ildə Dəməşqdə 3 dəfə PKK lideri Öcalanla görüşür və onu Laçında “Kürdüstan” yaradılmasına kömək etməyə çağırır. Lakin bu sevdası da baş tutmur...
Hal-hazırda İtaliyada yaşayan Vəkil Mustafayev facebook səhifəsində separatçı məlumatlar yaymaqla məşğuldur. 78 yaşı olmasına rəğmən hələ də Laçında “Kürdüstan” qurmaq xülyalarıyla yaşayır. Azərbaycanın görkəmli şəxsiyyət və xalq qəhrəmanlarını kürd mənsubiyyətinə aid etmək, separatçı meyilləri qızışdırmaq şakərindən əl çəkə bilmir. O, eyni zamanda, kürd xalqını İslamdan üz döndərərək zərdüştiliyə sitayiş etməyə çağırır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.