Təbiət “havalanıb”, orqanizmimiz çarpaz atəş altında

6-03-2021, 08:24           
Təbiət “havalanıb”, orqanizmimiz çarpaz atəş altında
Dəyişkən hava şəraiti səhhətimizə necə təsir edir – Həkim rəylərinə diqqət

Son günlər hava şəraiti kəskin dəyişir. Gah -9 dərəcə şaxta olur, gah +15 dərəcə isti müşahidə olunur. Bu cür hava şəraiti insanların səhhətinə nə kimi təsir göstərir? Hava şəraitinin kəskin soyuması və istiləşməsi fonunda, koronavirusun yayılma dinamikası necə müşahidə olunur?

AYNA mütəxəssislərin rəylərini öyrənib.

Həkim Adil Qeybulla diqqətə çatdırıb ki, fevral ayı üçün belə hava şəraiti gözləniləndir: “Demək olar, hər il belə hava şəraiti müşahidə olunur. Fevral ayının sonu-mart ayının əvvəlləri belə hava şəraiti yaz ayının əlamətləridir. İnsan orqanizmi belə hava şəraitlərinə kifayət qədər uyğunlaşa bilir. Ancaq ətraf temperaturun göstəricilərinə uyğun geyim seçilməlidir”.

“Diqqət etsək, görərik ki, insanlar arasında soyuqdəymə halları xeyli azalıb. Buna səbəb isə karantin rejimi ilə bağlıdır. Əlləri tez-tez yumaq, dezinfeksiya etmək, maska taxmaq insanları koronavirus ilə yanaşı, digər xəstəliklərdən də qoruyur. Bu təcrübəni gələcəkdə də istifadə etməliyik. Xəstə olanda mütləq şəkildə maska taxaraq insanlar ilə ara məsafəsi saxlamalıyıq ki, xəstəlik digər şəxslərə də yoluxmasın. Həmçinin ictimai nəqliyyatda ara məsafəsi qorunmalıdır”, - deyə ekspert bildirib.

COVID-19 məsələsinə gəldikdə, Qeybullanın sözlərinə görə, bu virus üçün hava şəraitinin heç bir önəmi yoxdur. Koronavirus həm istidə, həm də soyuqda rahatlıqla yayıla bilir. Əsas odur vaksinasiya uğurla davam etdirilsin. Belə olarsa, tez bir zamanda biz bu xəstəliyə qalib gələ biləcəyik”.

Həkim, dosent Ədalət Rüstəm isə deyib ki, havanın temperaturunun kəskin dəyişməsi yaşlı insanların səhhətinə mənfi təsir göstərə bilir: “Belə ki, onlarda bəzi virus, bakteriya xəstəliklərinə yoluxma riski artır. O ki qaldı koronavirusun belə hava şəraitində yayılmasına, bu, insanların gigiyena qaydalarına necə riayət etməsindən asılıdır. Adamlar daha çox ciddi şəkildə gigiyena qaydalarına riayət etsələr, o qədər az yoluxma müşahidə oluna bilər. Yox, daha çox karantin qaydalarını pozsalar, o zaman yoluxma sayı da artacaq”.

“Əsas məsələ vaksinasiyadır. Bu günə kimi Azərbaycanda 200 min nəfər peyvənd edilib. Ondan sonra vaksin, ən azı 2 milyon şəxsə vurulmalıdır ki, bu virusa yoluxma sayı kəskin azalsın. Onu da qeyd edim ki, yay aylarına kimi koronavirusa yoluxma davam edəcək”, - mütəxəssis vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.