BMT-nin İrəvandakı koordinatoru necə “Azərbaycan casusu” oldu? - İLGİNC

12-03-2021, 10:05           
BMT-nin İrəvandakı koordinatoru necə “Azərbaycan casusu” oldu? - İLGİNC
Ermənistan hökuməti UNİSEF-in (BMT-nin Uşaq Fondu) nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyanın sözlərinə görə, belə addıma səbəb Klark-Hattinqin fəaliyyət metodları olub. O, UNİSEF nümayəndəsinin fəaliyyətinin Ermənistan üçün problematik olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın sosial şəbəkə səhifələri Klark-Hattinqin Azərbaycan və Britaniya lehinə casusluq etdiyinin Rusiya xüsusi xidmət orqanları tərəfindən aşkarlandığını bildirmişdi. Ermənistanın onun ölkəni tərk etməsi üçün vaxt verdiyini yazmışdı.

Onu da bildirək ki, Marin Klark-Hattinqə olan bu ittihamın heç bir sübutu yoxdur, üstəlik, BMT də bu cür ittihamı qətiyyətlə rədd edib. Aydındır ki, Ermənistan Qarabağ müharibəsində BMT-nin Təhlükəsizlik Şurasında Böyük Britaniyanın Azərbaycan əleyhinə sənədin qəbulunu əngəlləməsini həzm edə bilmir. Londona qarşı açıq üz-üzə gəlmək gücü və imkanı isə yoxdur. Bu səbəbdən ingilis qadın koordinatoru bu cür şərləyirlər. Hətta ehtimal etmək olar ki, hazırda İngiltərə ilə də münasibətləri gərgin olan Moskvanın xüsusi xidmət orqanları da bu işin içində yer ala bilər.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bu cür halların davamlı ola biləcəyini ehtimal edir: “Hər hansı bir şəxsi xarici ölkənin casusu elan etmək üçün əldə çox ciddi əsaslar olmalıdır. Sizin qeyd etdiyiniz xanım UNİSEF-in Ermənistandakı nümayəndəliyində çalışırdı. Onu Böyük Britaniya və Azərbaycana xidmət etməkdə günahlandırırlar. Bu barədə mətbuat yazırdı. Amma mən izlədim, rəsmi olaraq, erməni mətbuatında bununla bağlı hər hansı bir məlumata rast gəlmədim, yəni onun hansısa bir xüsusi xidmət orqanına çalışması ilə bağlı. Onun diplomatik protokola uyğun olaraq, fəaliyyətinə son verildiyi barədə açıqlama verilib. Əgər əllərində hər hansı bir ciddi fakt olsaydı, mənə elə gəlir ki, bundan istifadə edərdilər. Amma Ermənistan və onun arxasında duran böyük güclər Böyük Britaniyanın mövqeyini yaxşı bilirlər. Bu səbəbdən görünür ki, Böyük Britaniyaya, onun qurumlarına, vətəndaşlarına böyük həssaslıqla yanaşacaqlar. Ona bir növ dost olmayan münasibət sərgilənəcək, həm Rusiya, həm də Ermənistan tərəfindən. Məncə, bu ilk hal deyil, bundan sonra da belə hallar ola bilər”.

S.Əkbər bir sıra səbəblər sadaladı: “Bu, ilk növbədə, Britaniya hökumətinin Rusiya və Ermənistana, eləcə də Azərbaycan və Türkiyəyə olan münasibəti ilə bağlıdır. Heç kimə sirr deyil ki, Böyük Britaniya Türkiyə və Azərbaycanla bizim regionda əməkdaşlıq edir, maraqları bu iki ölkə ilə üst-üstə düşür. Xüsusilə II Qarabağ savaşında Britaniya hökumətinin Azərbaycana verdiyi dəstək hər kəsə bəllidir. Özüm də çıxışlarımda bunu dəfələrlə bildirmişəm. Təbii ki, qarşı tərəf bunu nəzərə alır. İndi bilirsiniz ki, dünyada yeni düzən qurulur. Geopolitik qarşıdurma həlledici mərhələdədir. İndi hərə öz mövqeyini seçir. Türkiyə və Azərbaycan hələ ki Böyük Britaniya ilə bir hərəkət edir. İndi Amerikada Co Bayden hakimiyyətə gələndən sonra vəziyyətin necə dəyişəcəyi bir neçə ayın içərisində məlum olacaq”.

Politoloq Elçin Mirzəbəylinin açıqladığı fikirlər də xüsusi diqqət çəkir: “UNİSEF-in Ermənistandakı uşaq proqramı üzrə əlaqələndiricisi Martin Klark-Hattinqin mandatının rəsmi İrəvan tərəfindən dondurulması, onu fəaliyyətinin uyğunsuzluğu, koordinasiyanın düzgün həyata keçirilməməsi ilə əlaqələndirilsə də, reallıq tamamilə başqadır. Rəsmi İrəvanın Martin Klark-Hattinqlə bağlı açıqlanan mövqeyində yalnız bir həqiqət var. Bu da xanım Hattinqin fəaliyyətinin Ermənistan hökumətini qane etməməsidir. Burada Hattinqin vətəndaşı olduğu Böyük Britaniyanın Azərbaycana və onun ərazi bütövlüyünə olan beynəlxalq hüququn prinsiplərinə söykənən fəaliyyəti, həmçinin rəsmi Londonun BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənədi əngəlləməsi də müəyyən rol oynaya bilər. Amma əsas səbəb Martin Klark-Hattinqin guya ”Azərbaycanın 44 günlük müharibə dövründə erməni uşaqları hədəfə alması" barədə Ermənistan hakimiyyətinin yalan və böhtanlarını hesabata salmaqdan imtina etməsi, Rusiya sülməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində rəsmi Bakının icazəsi olmadan uşaqlarla bağlı sosial layihələrin icra edilməsinə razılıq verməməsidir. Bu isə təkcə Ermənistana deyil, bütövlükdə erməniliyə xas olan şantaj, təzyiq mexanizmlərinin işə düşməsinə zəmin yaradıb. Martin Klark-Hattinqin iradəsinə güc gələ bilməyən Ermənistan hakimiyyəti əlində olan yeganə vasitəni-onun mandatının dondurulmasını yeganə çıxış yolu hesab edib".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.