Özəl şirkətlər kütləvi şəkildə sürücülük hüququ olmayan insanları işə götürürlər - Avtobus qəzalarının SƏBƏBLƏRİNDƏN BİRİ

4-03-2016, 21:04           
Özəl şirkətlər kütləvi şəkildə sürücülük hüququ olmayan insanları işə götürürlər - Avtobus qəzalarının SƏBƏBLƏRİNDƏN BİRİ
Son günlər avtobus sürücülərinin səbəb olduğu qəzaların sayında ciddi artım müşahidə olunur. Buna səbəb əksər hallarda ya yüksək sürət, ya da digər yol-hərəkət qaydalarının kobud şəkildə pozulması olur.

Fevralın 24-də “Qara Qarayev” metrostansiyası yaxınlığında 62 saylı xətt marşrutu üzrə hərəkət edən 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun qəza törətməsi 1 nəfərin ölümünə 13 nəfərin isə müxtəlif bədən xəsarətləri almasına səbəb oldu. Daha bir sərnişin avtobusunun törətdiyi qəza fevralın 29-da Parlament prospektində 63 saylı avtobusun qəza törətməsi nəticəsində baş verdi. Hadisə nəticəsində iki piyada, ana və övladı yol nəqliyyat hadisəsinin qurbanı oldu.

Belə hadisələrə səbəb olan avtobus qəzaları bu sahədə olan diqqətsizlik, məsuliyyətsizlik və aparılan nəzarət tədbirlərinin effektli olmadığını göstərir.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli SalamNews-a açıqlamasında bildirib ki, avtobus qəzalarının artmasına əsas səbəb sürücülərin avtobusu yüksək sürətlə idarə etməsi və tez-tez yol hərəkəti qaydalarını pozmalarıdır:

“Qəzalara əsas səbəb odur ki, 20 qəpik uğrunda mübarizə gedir. Xeyli sayda avtobus sürücüsü var ki, onların sürücülük vəsiqəsi yoxdur. Belə ki, sərnişindaşıma işi ilə bağlı fəaliyyət göstərən özəl şirkətlər kütləvi şəkildə sürücülük hüququ olmayan insanları işə götürürlər. Onların əksəriyyətinin yol hərəkəti qaydalarından məlumatı olmur. Sürücünün tibbi müayinədən, avtomobilin isə texniki baxışdan keçirilməməsi, sürücülük hüquqi olmayan şəxsin işə götürülməsi və ona sərnişin avtobusunun həvalə edilməsi baş vermiş qəzalarda əsas rol oynayır. Belə qanun pozuntusuna yol verənlər isə daşıyıcı şirkətlərin vəzifəli şəxsləridir”, -İ.Hüseynli bildirib.

Beynəlxalq təcrübəyə toxunan ekspert bildirib ki, dünya təcrübəsində sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücüləri işə götürərkən müəyyən qaydalarla onları test etmək üsulu ilə attestasiyadan keçirirlər:

“Türkiyədə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Orada təcili tibbi yardım maşınlarının, yanğınsöndürmə vasitələri və polis maşınlarının hərəkəti üçün xüsusi qapalı yollar mövcuddur. Amerikada isə sürücülərin işə götürülməsi təxminən akademik yanaşma səviyyəsində aparılır. Yol-hərəkəti qaydalarını dəqiqliklə bilən şəxslər işə götürülür”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov SalamNews-a belə qəzaların qarşısının alınması ilə bağlı yol polisinin tədbirlər həyata keçirdiyini bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin iki ayı ərzində Bakıda 83 yol-qəza hadisəsi baş verib, 15 nəfər həlak olub, 112 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftədə isə Bakı şəhəri üzrə 4 avtobusun iştirak etdiyi yol qəza hadisəsində iki nəfər ölüb 11 nəfər xəsarət alıb:

“Avtobus sürücüləri tərəfindən törədilən hər bir qəza hadisəsi polis əməkdaşları tərəfindən araşdırılır, sənədləşdirilir. Qəzaların qarşısının alınması üçün həmin sürücülər inzibati məsuliyyətə cəlb edilir, hüquqları məhdudlaşdırılır, barələrində inzibati tənbeh tədbirləri görülür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.