Məmurların vətəndaş cəmiyyətinə müdaxiləsinin fəsadları: “İslahatlar başlayıb”

26-08-2021, 12:35           
Məmurların vətəndaş cəmiyyətinə müdaxiləsinin fəsadları:
“44 günlük müharibə zamanı və bu gün ölkənin fərqli açılıma getdiyi bir vaxtda ölkədə vətəndaş cəmiyyətinə dövlət məmurlarının yersiz müdaxiləsinin fəsadlarını gördük”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov bildirib.

O, qeyd edib ki, 44 günlük müharibədən sonra hər şey dəyişdiyi kimi, vətəndaş cəmiyyətinə münasibət də dəyişib: “Hökumət həmin baryerləri yaradanları uzaqlaşdırmaqla bu bağları sındırdı və vətəndaş cəmiyyətinin inkişafı üçün fərqli konsepsiya ortaya qoydu: Vətəndaş cəmiyyətinin dövlətin partnyoruna çevrilməsi, dövlətdən ayrılacaq maliyyənin effektiv xərclənməsi üçün mexanizmlərin işlənib hazırlanması, QHT-lərə təsirlərin azaldılması, QHT-lərin ictimai nəzarətə diqqətinin artırılması, QHT-lər arasında könüllülük prinsiplərinin təbliği, vətəndaş cəmiyyətinin bacarıqlarının və gələcəkdə dayanıqlının artırılması.

Bu fərqli yanaşma vətəndaş cəmiyyəti arasında ciddi rəqabəti artıracaq. Heç bir QHT-nin xüsusi imtiyazlara malik olmadığını üzə çıxaracaq. Hamının bərabər şanslı olduğunu göstərəcək. Təbii kİ, təcrübə, əlaqələr, çoxdan qurulmuş iş prosesi, stabil auditoriyanın olması artıq müəyyən saylı QHT-ləri startın ön nöqtəsinə çıxarıb. Deməli, böyük əksəriyyətin bu rəqabətli meydanda aktiv olmasına stimul olacaqdır.

QHT-lər bilməlidirlər ki, 10 noyabrdan sonrakı Azərbaycan fərqli ölkədir. Burada dövlətin QHT-lərə yanaşması və istəyi də fərqlidir. Dövlət QHT-ni partnyor görürsə onun professional qaydalara əməl edəcəyini, bacarıqlı, yenilikçi, açıq fikirli olacağına ümid edir.

44 günlük müharibədən sonra hər şey dəyişdiyi kimi, vətəndaş cəmiyyətinə münasibət də dəyişib. Bu dəyişikliyi vətəndaş cəmiyyəti özü də edəcəkdir. Müharibədən sonra Azərbaycanın münaqişə ilə bağlı tarixi yeniləndiyi kimi vətəndaş cəmiyyəti ilə bağlı tarix yeniləndi”.

Ə.Həsənov bildirib ki, dövlət orqanlarının şəffaflığı, xidmətlərin elektronlaşması, təmasların minimuma endirilməsi, təsirlərn azaldılması kimi prinsiplər QHT-lərdən yan keçmədi: “Artıq bu proses başlayıb və mexanizmlər hazırdır. QHT-lərin bu prosesə hazır olması və tövhə verməsi görüləcək işi çox sürətləndirəcək. Bu prosesə mane olmaq və ona təsir etmək cəhdi mümkünsüzdür. Çünki, QHT Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi və onun icrasına cavabdeh insanlar özləri ölkədə aktiv QHT rəhbərləridirlər. Onların hər birinin cənab Prezident qarşısında məsuliyyəti ilə yanaşı vətəndaş cəmiyyəti kimi öz QHT-ləri qarşısında da məsuliyyəti vardır. Hər kəsə bu islahatlar prosesində təmkin və fəal iştirak arzulayıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.