Bakıda film kimi hadisə: Dostları avtomatdan atəşə tutdu

27-08-2021, 16:27           
Bakıda film kimi hadisə:
2018-ci il dekabrın 27-i saat 23:30-da 1991-ci il təvəllüdlü Tural Babayev Keşlə qəsəbəsi ərazisindən odlu silah yaraları ilə 3 saylı ŞKX-na daxil olub və orda dünyasını dəyişib.

HURRİYYET.az BAKU.TV-yə istinadən xəbər verir ki, bundan 1 saat sonra Kliniki Tibbi Mərkəzinin tibb bacısı Nizami RPİ 23-cü polis bölməsinə məlumat verib ki, həmin qəsəbədən güllə yaraları ilə 1988-ci il təvəllüdlü Asif Bağırov gətirilib və həyatı xilas edilib.

Həmin tarixli protokola əsasən, Fərzəliyev küçəsi 2 ünvanında yerləşən Tütün Fabrikinin arxasındakı əraziyə baxış keçirilib.

Yolun mərkəzində şüşələri və sol yan güzgüsü sınmış vəziyyətdə “Hyundai Elantra” markalı avtomobil dayanıb.

Avtomobilin salonunda və ətrafında qan ləkələri, 16 ədəd avtomat silahının gilizləri, sürücü oturacağının üzərində, həmçinin yerdə bıçaqlar aşkar edilib.

Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhərisi gün Zaur İsmayılov (1986-cı il təv.) könüllü Nizami RPİ-nə gələrək, təslim olub.

Saxlanılan şəxs Keşlə qəsəbəsi, Köndələn küçəsi, 23 ünvanında, təsərrüfat damında gizlətdiyi avtomatı və sandıqçaları göstərib. O, həmin silahla 2 nəfəri güllələdiyini etiraf edib.

Baxış keçirilərkən sandıqçanın biri boş olub, digərinin içində isə 30 ədəd patron aşkar edilib. Bundan başqa, evdə axtarış aparılarkən bir ədəd giliz, güllə, «Nissan» markalı avtomobilin salonundan isə bıçaq götürülüb.

İstintaqla müəyyən edilib ki, 2018-ci ilin iyul ayında Keşlə qəsəbəsi, Sabir küçəsi 1 ünvanında yerləşən “909” adlı kafedə Tural Babayev törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi müddətdə onu ziyarət etməməsini əsas gətirərək Zaur İsmayılovdan əmlakını tələb edib.

Yaranan mübahisə zamanı Tural Babayev onu döyüb, onun yanında olan tanışı Asif Bağırov isə ünvanına nalayiq ifadələr işlədib.

Dekabrın 27-i saat 23 radələrində Babayev və Bağırov “Hyundai” markalı avtomobilə yaşadığı ünvana gəldikdə, onlarla təklikdə görüşmək üçün ailə üzvlərini qardaşı Qafur İsmayılovun idarə etdiyi “BMW” markalı maşınla qayınatasının evinə yola salıb.

Turalın və Asifin həmin avtomobili təqib etmələri barədə qardaşından məlumat aldıqda, Zaur həmin şəxslərin ona qarşı əvvəllər etdikləri qərəzli hərəkətlərinə və aralarındakı ədavətlə bağlı, ailə üzvlərinə təzyiq göstərməklə onu alçaltmalarından hiddətlənərək qisas niyyəti ilə sonuncuları qəsdən öldürməyi qərarlaşdırıb.

Hadisəni törədən sonra Nizami RPİ-nə gedib, Tural Babayevin ölməsini, Asif Bağırovun isə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Südabə Həsənova ifadəsində göstərib ki, oğlu Tural Babayev ilk dəfə yol nəqliyyat hadisəsi törətdiyinə, ikinci dəfə isə kafedə dalaşdlğına görə məhkum olunub. Cəzasını çəkib qurtardıqdan sonra heç yerdə işləməyib.

Məhkəmə hesab edib ki, Zaur İsmayılovun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4 - xüsusi amansızlıqla qəsdən adam öldürmə, 29,120.2.7 - iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd, 228.1 qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə və 228.4-cü qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.