Niyə 3-cü doza və niyə “Pfizer”: Başqa peyvəndlər antitel yaratmır?
27-08-2021, 17:13
Yeni növ koronavirus (COVID-19) peyvəndinin istehsalçısı “Pfizer” 3-cü doza peyvəndin COVID-19-a qarşı anticisim istehsalını 3-ci doza ilə müqayisədə üç dəfədən çox artırdığını açıqlayıb.
“Pfizer”in yaydığı açıqlamaya görə, 306 nəfər üzərində aparılan sınaqlarda 2-ci dozadan 5-8 ay sonra vurulan 3-cü doza peyvəndin anticisim səviyyəsini 3,3 dəfə artırdığı müəyyən edilib. Qeyd edək ki, ölkəmizdə də 3-cü dozada “Pfizer” vaksininin tətbiqi tövsiyə edilib.
Qeyd edək ki, ABŞ-ın Ərzaq Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi (FDA), dekabrda təcili istifadəsinə izin verdiyi “Pfizer-BioNTech”in COVID-19 peyvəndinə bu həftə yaşı 16 və daha yüksək olanlar üçün tam təsdiq verib.
Maraqlıdır, 3-cü doza üçün daha çox “Pfizer” tövsiyə olunması bununla bağlıdırmı? Başqa peyvəndlər 3-cü dozada yüksək anticisim yarada bilirmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, bütün peyvəndlər 3-cü dozada daha effektiv ola bilər:
“Sadəcə burada bir məsələ var ki, vaksinin dozası artdıqca antitelləri daha yaxşı əmələ gətirir. Bu bütün peyvəndlərdə belədir. 1-ci doza ümumiyyətlə, antitel əmələ gətirmir, 2-ci doza antitel əmələ gətirir. 6-cı ayda vurulan 3-cü doza peyvənd isə daha çox antitel yaradır. Çünki burada antitel immun sisteminə siqnal yetirir, bu səbəbdən hər təkrar dozada daha yaxşı effekt almaq olur.
Sadəcə araşdırma aparılıb deyə, “Pfizer” üçün bu nəticəyə gəlinib. Lakin digər peyvəndlərdə bu araşdırna aparılmayıb. Nəzərə alsaq ki, Avropada bu peyvənddən daha çox istifadə olunur və araşdırmalar da əsasən, Avropa ölkələrində aparılır, ona görə də bu peyvənd üçün belə qənaətə gəlinib".
Onun sözlərinə görə, 2-cü dozada istifadə ediləcək heç bir peyvənd mənfi təsir etməz:
“Digər peyvəndlər də 3-cü dozada istifadə edilə bilər və bu orqanizmə mənfi təsir göstərməz. Çünki 1-ci və 2-ci dozada istifadə edilən peyvənd orqanizmdə çox qalmır. Ona görə də 3-cü dozada hər hansı peyvənd vurdurmağın fərqi yoxdur. Bu sadəcə immun sistemini yaxşılaşdırmaq üçün vurulur”.
Naibə
Cebhe.info