Bakıda gənclərin zarafatı qanlı cinayətlə nəticələndi — Təfərrüat

16-06-2022, 11:21           
Bakıda gənclərin zarafatı qanlı cinayətlə nəticələndi — Təfərrüat
Bakının Binəqədi rayonunda 2003-cü il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində Elnura xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 13-də, saat 21.20-də Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasının ərazisində dəmir yolu relslərinin üzərində baş verib.
Ətraflı


Fuad oradan keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsündə əvvəllər tanımadığı Elnurla rastlaşıb. Onların arasında yaranan mübahisə zamanı bıçaqla Elnuru vurub.

İstintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Elnuru əvvəllər tanımayıb, onunla ədavəti və ya düşmənçiliyi olmayıb: “Oktyabrın 13-də, saat 21.00-da Biləcəri qəsəbəsində yerləşən istirahət parkında dostlarım ilə görüşdük. Birlikdə evimizə getmək üçün Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, dəmir yolu relslərinin üzərindən keçən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçid körpüsündə gedərkən qarşı tərəfdən gələn, əvvəllər tanımadığım Elnur bizə yaxınlaşdı. Mən isə ondan siqaretinin olub-olmamasını soruşdum. Elnurun qulağında qulaqcıq olduğuna görə mənə cavab vermədi, yanımızdan keçərək getdi. Sonra yanımda olan dostlarımdan biri Rəşadla nalayiq ifadəli zarafat etdik və dostlarımın hamısı zarafatıma güldülər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Elnur dayanaraq geriyə dönüb və onlardan nalayiq ifadənin onun ünvanına işlədilib-işlədilmədiyini soruşub: “Elnura həmin ifadənin onun ünvanına işlədilmədiyimizi bildirdik. Elnur yoluna davam etdi. Sonra yenidən Rəşadla nalayiq ifadəli zarafatımızı davam etdirdikdə yenə də hamımız güldük. Elnur yenidən dayanaraq bizdən nalayiq ifadənin onun ünvanına işlədilib-işlədilməməyimizi soruşdu. Bir daha Elnura eşitdiyi ifadənin onun ünvanına işlədilmədiyimizi, öz aramızda zarafatlaşaraq bir-birimizə dediyimizi izah etsək də, Elnur üzərimə gələrək kobud formada danışdı, uca səslə mənə qışqırmağa başladı. Elnura iradımı bildirərək mənimlə kobud formada danışmamasını və qışqırmamasını tələb etdim. Elnur daha da əsəbləşərək mənim və yanımdakı dostlarımın ünvanına nalayiq ifadələr işlətdi”.

Fuad qeyd edib ki, eyni zamanda Elnur üzərinə gəlməyə başlayıb: “Yaxamdan tutaraq məni vurmaq istədi. Elnurun məndən daha canlı və daha böyük olduğunu nəzərə alaraq məni döyəcəyini güman etdim. Elnura bu imkanı verməmək üçün əynimdəki şalvarımın arxa sağ cibində saxladığım cib bıçağını çıxardım. Elnurun qarın nahiyəsinə bir dəfə vurdum, geri çəkilərək bıçağı yenidən arxa sağ cibimə qoydum. Elnuru yenidən vurmaq imkanım olsa da, bunu etmədim. Çünki Elnurun məni döyəcəyindən qorxduğuma görə bıçaqla onun qarın nahiyəsinə cəmi bir dəfə vurdum. Bu zaman Rəşad Elnurun qarşısına keçdi, qoluna girərək bizdən bir qədər irəli istiqamətdə apardı. Mən isə Elşad və Vüsala tərəf baxarkən Elnurun qəfildən yerə yıxıldığını gördüm. Bundan sonra isə biz hadisə yerindən qaçaraq uzaqlaşdıq. Həmin vaxt üzərimdəki bıçağı körpünün kənarından yerə atdım”.

Fuad 1 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.