Bakıda idman meydançasında qanlı DAVA

6-07-2023, 16:14           
Bakıda idman meydançasında qanlı DAVA
Bakının Qaradağ rayonunda 2003-cü il təvəllüdlü Elman şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Teymura xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 3-də rayonun Lökbatan qəsəbəsində baş verib.

Elman həmin qəsəbədə küçədə Teymur ilə aralarında mübahisə yaranıb.
Münaqişə zamanı üzərində olan bıçaqla Teymurun kürək və qoltuq altı hissələrindən iki zərbə vurub.

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, psixoloji durumu normaldır və sağlamdır:

“Heç kəslə ədavətim, düşmənçiliyim yoxdur. Hadisə günü, saat 22 radələrində Lökbatan qəsəbəsində piyada tək gəzərkən tanımadığım, təxminən 3-4 nəfər cavan oğlanların arasından keçərkən, onlardan bir ilə çiyin-çiyinə toqquşdum. Bu zaman həmin oğlan mənə qarşı nalayiq sözlər ifadə işlətdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı həmin oğlan məni nalayiq söyüşlərlə söydüyü üçün onun söyüşlərini özünə dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra həmin şəxsə mobil nömrəsini deyib, hər zaman görüşə hazır olduğunu bildirib:

“Aramızda münaqişə, dava-dalaş olmadan aralaşmaqla yolunu davam etməyə başladıq. İdman meydançasının arxa hissəsində olarkən mobil nömrəmə gələn, yadımda qalmayan zəngə cavab verərkən tanımadığım cavan oğlan yerimi soruşdu. Həmin şəxsə yerimi, yəni idman meydançasının arxa hissəsində olduğumu dedim. 2-3-dəqiqə keçmiş həmin tanımadığım, sonradan adını mənə Teymur kimi deyən oğlan yaxınlaşaraq aqressiv olaraq nə üçün məhəllədə söyüş söydüyümü irad tutdu. Həmin oğlanın sərt iradı acığıma gəldiyinə görə dedim ki, hələ sən bir məsələni dəqiqləşdir, sonra mənə irad tutarsan. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Teymur əli ilə sinəmdən geri itələdi. Əsəblərimi cilovlaya bilmədim, üzərimdə olan kiçik ölçülü qatlanan bıçağı tez açaraq Teymurun sol kürək və qoltuq altı hissələrindən iki dəfə zərbə vurdum. Sonra oradan uzaqlaşdım. Yolda isə bıçağı yadımda qalmayan zibil qutusuna tulladım”.

İş üzrə zərərçəkmiş Teymurun sözlərinə görə, hadisə günü, saat 23 radələrində yaşadığı Lökbatan qəsəbəsində küçədə tək gəzən zaman uca səslə bir nəfər şəxsin nalayiq söyüşlər söydüyünü eşidib:

“Lakin şəxsi görmədim. Bundan sonra dərhal söyüş səsi tərəfə getdikdə orada tanımadığım təxminən 3-4 nəfər cavan oğlanları gördüm. Onlardan kimin söyüş söydüyünü soruşdum. Həmin şəxsin sonradan şəxsiyyəti mənə Elman kimi bəlli olan şəxsin nömrəsini verdilər. Mən mobil telefonum ilə həmin nömrəni yığdım, nə səbəbə məhəllədə söyüş söydüyünü soruşdum. Həmin Elman adlı şəxs bu işin mənə heç bir aidiyyəti olmadığını bildirdi. Telefonda olduğu yeri müəyyən etdim və idman meydançasının arxasında ona yaxınlaşdım. Elman adlı şəxsi nizam-intizama dəvət edərək məhəllədə nalayiq söyüşlər söyməsinin ayıb olmasını bildirdim. Lakin Elman az öncə tanımadığı şəxslə mübahisə etdiyini, həmin şəxsin onu söydüyü üçün söyüşlərini özünə qaytarmasını, bu işin isə mənə heç bir aidiyyəti olmadığını bildirdi. Aramızda mübahisə yarandı. Elman üstümə irəli gəldiyi üçün onu sinəsindən geri itələdim. Bu zaman Elman üstümə hücum çəkərək sağ əlindəki görmədiyim predmetlə sol kürək və qoltuq altı hissəmdən iki dəfə zərbə endirərək oradan uzaqlaşdı. Əvvəlcə adi yumruq zərbəsinin olduğunu zənn etsəm də, sonradan həmin zərbə yerindən istilik gəlməsini hiss etdim. Həmin Elman adlı şəxsin məni bıçaq zərbəsi ilə vurduğunu başa düşdüm”.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.